Bir döyüşçünün həyat hekayəsi

Əziz bir dostumuzu, ömür boyu tanıdığımız bir igidi, sevimli insanı – Tariyel Şahverdiyevi itirdik. Dostları, əzizləri üçün ağır itkidir.
Allahdan ona rəhmət diləyir, onu sevən insanlara, yaxın və doğmalarına Allah səbr versin deyirik!
Onunla etdiyimiz söhbətlərin birini qələmə almışdım, “Qoy qalsın, vaxt olar dərc edərsən!” demişdi.
Ruhu şad olsun!
“Düşmənin Gəncə şəhərini atəşə tutduğu o ilk gün Türkiyə kanalına verdiyi müsahibəsində dediyi cümlə ilə məşhurlaşan bir gəncəli var idi. Qan gördükcə qorxmayan, “naoborot qızışan” komandir Tariyel Şahverdiyev! TRT kanalının müxbiri Gəncə sakininə şəhərdəki vəziyyətlə bağlı sual verir, o isə 3 dilin kəlmələrindən qurduğu bir cümləsi ilə hər kəsin dilində əzbər olur. -“Azərbaycan əhalisi qan görəndə qorxmuyor, qan görəndə naoborot qızışıyor”.
Tariyel Şahverdiyev I-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı və Qarabağ qazisi idi. Onun haqqında çoxlu sayda məlumatlar sosial şəbəkələrdə paylaşılıb, bir çox telekanallar Tariyel Şahverdiyev barədə süjetlər hazırlayıb. Və bütün bu xəbərlər igid həmyerlimiz haqqında böyük maraq yaradıb. Bizə də “onun haqqında material niyə hazırlamırsınız” deyə müraciətlər oldu. Fikirləşdik, hazırlayacağımız bu yazı ilə onu dərindən tanımaq istəyən insanların arzusunu da həyata keçirmiş oluruq.
Görüş zamanı iki gənc yaxınlaşıb onunla şəkil çəkdirmək istədiyini bildirdi. Üzündə bir narazılıq duydum.- “Mən teleulduz deyiləm ki, hər kəs mənimlə şəkil çəkdirmək istəyir”- dedi. – Bu da onların haqqıdır. Günümüzün qəhrəmanlarından birisən. Niyə də olmasın. Onlar səninlə fəxr edirlər!Onları səninlə şəkil çəkdirmək sevincindən məhrum etmə! – deyə onu sakitləşdirmək istədim.
Tariyel Şahverdiyevi on illər ərzində tanıdığımdan yalnız onun həyatının müəyyən anları barədə suallarla kifayətləndik. Onun həyat hekayəsi gənc nəsil üçün bir nümunə, örnəkdir. Vaxt gələr, yazarlar onun həyatını tam dolğun təsvir edəcək və daha böyük yazılara imza atacaqlar.
-Tariyel müəllim, necə oldu ki, həyatınızı polis orqanları ilə bağlamalı oldunuz?
-1990-cı idə Gəncə şəhərində Rabitə Sənayesi Zavodunda çilingər işləyirdim. Eyni zamanda universitetin “Hüquq” fakültəsində 4-cü kursda qiyabi təhsil alırdım. Zavodun komsomol təşkilatının katibi idim. O vaxt Gəncə ətrafı kəndlərdə ermənilər baş qaldırmışdılar, qonşu kəndlərə hücumlar təşkil edirdilər, lap azğınlaşmışdılar. Qarabulaq kəndində gedən döyüşlərdə iştirak etmək üçün Xüsusi Təyinatlı Dəstə yaradılırdı. Bu məqsədlə işlədiyim zavoda da dövlət tərəfindən müraciət olunmuşdu. 1990-cı ilin sentyabr ayında həmin dəstəyə mən də qəbul olundum. Müəyən bacarıqların əldə edilməsi üçün Nizami rayon Polis Şöbəsinə təcrübəyə göndərildim. Bir gün Gəncə şəhər Polis İdarəsində həyəcan siqnalı verildi. Nizami rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə İdarəyə gəldik. İdarənin rəisi bildirdi ki, ermənilər Tovuzun Əlibəyli kəndinə hücum edib, vəziyyət ağırdır, köməyə getməlisiniz. Polis işçiləri silahlandılar və mən də vətəndaş kimi döyüşə getmək üçün xahiş etdim, silah istədim. Vermədilər. Sonra bir snayper silahı gətirib verdilər. Mən əsgər olduğum zaman snayperçi olmuşdum, bu silahdan yaxşı atəş aça bilirdim. Sonrakı döyüşlərdə bunu əyani surətdə sübut elədim.
– Əlibəylidə gedən döyüşlərdə?
-Bəli.
-O döyüşü necə xatırlayırsınız?
– Həyatımda ilk dəfə düşməni orda öldürdüm. Bir gün xəbər gəldi ki, ermənilərdən 70-80 nəfərlik bir dəstə zəncirvari düzülüşlə kəndə hücuma keçib. Dəstə tez kəndin üzümlük sahəsində döyüş mövqeyi tutdu. Mən və Novruz Həsənov adlı bir polis zabiti (o sonradan Tovuz rayonunun Polis Şöbəsinin rəisi oldu) kəşfiyyata getdik. Snayper tüfəngi işimizə yaradı. Onları yaxına buraxıb, yarısından çoxunu qırdıq. Qaçdılar. Yaraladığım ermənilərin vəhşi bağırtılarını da eşidirdik. Bu vəhşi səs hələ də qulağımdadır.
– Kənd camaatının həmin gün keçirtdiyi sevinc hisslərini təsəvvür etmək çətin deyil.
– Hə. Kənd camaatı bizə böyük bir süfrə açdı, gəncəlilərə onlara köməyə gəldiyi üçün təşəkkür etdilər.Biz isə onlara bildirdik ki, vətənimizin hər qarışı bizim üçün əzizdir.
-İlk zabit rütbəsini nə vaxt almısınız?
– Bilirdim ki, bir neçə gündən sonra Çaykənd əməliyyatı olacaq. Rəis müavini Ramiz Cahagirovdan döyüşlərdə iştirak etmək üçün razılıq aldım. Dostumun evində əynimi dəyişib getdim döyüşə. Döyüşlərə qatıldım və sonacan iştirak etdim, kiçik leytenant rütbəsində. 1991-ci ildə isə Çaykənd-Qarabulaq əməliyyatının uğurlu keçirilməsi münasibətilə vaxtından əvvəl leytenant rütbəsinə layiq görüldüm. Çaykənd- Qarabulaq əməliyyatında vzvod komandiri idim. May ayında Çaykəndi, iki gün sonra isə Qarabulağı aldıq.
– Hansı döyüşdə yaralanmısınız?
– Bu əməliyyatdan iki ay sonra Goranboy rayonunun Erkək, Buzluq, Mələk kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə ağır yaralandım. 6-sı iyulda Buzluq kəndində gedən döyüş bitəndən sonra rota komandiri Firudin Rəhimov sıra baxışı edəndə döyüş yoldaşlarımızdan 8 nəfərinin sırada olmadığını və kəndin içində mühasirəyə düşdüklərini öyrəndik . Və mən vzvod komandiri kimi onları mühasirədən çıxarmaq üçün könüllülər istədim. Bildirdim ki, qorxanlar gəlməsin. Döyüşə atıldıq. Onlar təpənin başında mövqe tutmuşdular. Biz də aşağıdan yuxarı döyüşə-döyüşə onları sıxışdırmağa başladıq. Bu vaxt döyüşçülərdən Əsgər Əsgərovun yaralandığını gördüm. Güllə üzündən dəymişdi. Üzü büsbütün qan içindəydi. Elə bil beynimizə qan sızdı. Bu halı görüb lap qızışdıq. Ermənilərə hücum edib mövqelərini ələ keçirtdik, döyüş dostlarımızı da xilas etdik.
-Məşhur kəlamınız da öz tarixçəsini bu döyüşdən götürüb?
– Hə. Amma “qızışaraq” döyüşə atılmaqla bu tarixçəni çox döyüşlərdə təkrar etmişik. Həmin döyüş də çox qanlı keçdi. 29 yaşım vardı. Döyüşçülərin çoxu məndən də cavan idi. Amma elə bil anadan döyüşçü doğulmuşdular. Əsl qəhrəmanlar idilər.
– Bəs yaralndığınızı necə xatırlayırsınız? Bildiyimizə görə bir dəqiqə ərzində iki güllə yarası almısınız.
– Aldığım iki güllə yarası arasında vaxt məsafəsi cəmi bir dəqiqə oldu. Döyüş zamanı ayağımdan yaralandım. Özümdən biixtiyar aşağı oturdum. Bu vaxt snayperçi ürəyimdən nişan alırmış. İkinci güllə yarası ürəyimdən oldu. Təsadüf nəticəsində sağ qalmışam. Ürəyimin üstündə Quran ayələri olan kitabça asmışdım. O məni bu güllədən qorudu. Döyüş yoldaşlarım olan polis işçiləri – Aqil, Yaşar, Rüfət səsə gəldilər. Məni təhlükəsiz yerə apardılar.
– O zaman keçirtdiyiniz ilk hiss nə oldu? Yəqin ki, belə anda hər bir kəsin öz tarixçəsi olur.
– İlk anda soyuq tər gəldi. Bütün ömrüm gözümün önündən keçdi. Beynimdən keçən ilk hiss əsir düşməmək üçün özümü güllə vurub öldürmək oldu.
-Lap Mixaylo kimi?
-Elədir. Bu, təbii hisslərdir. Bu hissləri keçirməyi heç kimə arzulamazdım. Sanki ölüm qabağı bütün ömrün bir kino lenti kimi sakitcə, tələsmədən göz önündən keçir… Sağ olsunlar, döyüş yoldaşlarım güllə yağışı altından məni çıxara bildilər.Yaşar adlı polis əməkdaşı maşında atışa-atışa məni döyüş zonasından çıxartdı. Bronojiletlərdən maşında sipər düzəltdilər ki, yenidən güllə yarası almayım. Təsəvvür edirsiniz, döyüş yoldaşlarım öz zirehli jiletlərindən mənim üçün sipər düzəltmişdilər.
– Yəqin ki, həmin vaxt çox qızğın döyüş gedirmiş. Tələfat böyük idi?
– Biz onda ermənilərə böyük zərbə vurduq. Xəstəxanada müalicə alanda Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov gəlib alnımdan öpdü. Soruşdum, niyə? Dedi həmin vaxt mən ermənilərə əsir düşmüşdüm.Onların danışığından bildim ki, itkiləri böyükdü. Sonradan geri alındım. Öyrəndim ki, mən əsir düşən zonada həmin nöqtədən ermənilərin 35-40 nəfərini gəbərdən sən, Rüfət və Fərrux olubsunuz.
-Bildiyimə görə o güllə hələ də ürəyinizdən çıxarılmayıb.
-Elədir. Güllənin biri hələ də bədənimdədir. O vaxt əməliyyat riskli olduğu üçün gülləni çıxartmamaq qərarına gəlmişdilər. 30 ilə yaxındır ki, bu güllə ilə yaşayıram.
– Çoxmu əziyyət verir?
– Olur. Hərdən çox əziyyət çəkirəm. Amma vətən torpaqları bu gün də bizi çağırır. İcazə versələr, bu gün də bu döyüşlərə qatılaram. Şanlı bayrağımızı Şuşada daldalandırmaq ən böyük arzumdur
– Hansısa mükafata layiq görüldünüzmü?
– Müalicədən sonra polis rəisi məni yanına çağırdı, Prezidentin Fəxri Fərmanını mənə təqdim etdi. Bildirdi ki, sən artıq vətənə öz borcunu vermisən, bu vəziyyətdə döyüş bölgələrində xidmət etməyin sağlamlığın üçün daha böyük fəsadlar gətirər. Polis sıralarında hansı sahədə çalışmaq istəsən, seç, səni ora təyin edək. İmtina etdim. Cavab verdim ki, nə qədər ki, erməni cəlladları ilə müharibə gedir, döyüş yoldaşlarımla onlara qarşı vuruşmalarda iştirak etmək istəyirəm. Fikrimlə razılaşdı. Beləcə, yeni döyüşlərə qatıldım. Qazağın Əskipara bölgəsindən tutmuş Qarabağın demək olar ki, bütün bölgələrində ermənilərə qarşı aparılan döyüşlərdə iştirak etmişəm.
Əfsuslar olsun ki, bu döyüşçülərin çoxu siyasi oyunların qurbanı oldu. Elə mən də. 1992-ci ildə mənə rota komandiri vəzifəsi təklif olunsa da, mən bu təklifdən imtina etdim. Buna görə 6 ay sərəncamda qaldım. Həmin vaxt polis sıralarında parçalanma gedirdi. Biz sadəcə vətənimizin keşikçiləri idik, siyasətlə məşğul deyildik. Ona görə də bu oyunlara qatılmadıq. Bununla belə, 1992-ci ilin oktyabrından 1993-cü ilin aprelinə kimi işsiz qaldım.Amma vicdanımızın səsinə qulaq asdıq, vətənimizə və dövlətimizə sadiqlik nümayiş etdirdik! Bu gün də dövlətimizə, Ali Baş Komandana sadiqik. Hər an onun əmri ilə vətən yolunda döyüşlərə qatılmağa hazırıq. Cənab Prezident bizim görən gözümüz, düşünən beynimiz, danışan dilimiz və vuran qəlbimizdir! Onun müdrik və qətiyyətli siyasəti nəticəsində şanlı Ordumuz ərazilərimizi düşmən işğalından azad etdi və düşmənə ağır zərbələr endirdi. Xalqımız düşmən üzərində qələbə qazandı!
P.S.- Yazıda sadaladığımız bu hekayət demək, oxuculara çatdırmaq istədiyimiz anların yalnız bir hissəsidir. Deyə, yaza bilmədiyimiz anlar da vardır. Təvazökar, vətən qarşısında xidmətlərini heç vaxt gözə soxmayan, bunun əvəzində heç bir imtiyaz istəməyən bu vətənpərvər insan hələ də rəsmi kağızlarda nə Qarabağ veteranı adını alıb, nədə ki, ürəyindən aldığı güllə yarasına görə müavinətə layiq görülüb. Heç, özü də buna cəhd etməyib…
Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.