Erməni diplomatlar Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” beynəlxalq gənclər forumunda Azərbaycan nümayəndələrinə qarşı təxribat törədiblər.
Bu barədə Axar.az-a Azərbaycan nümayəndə heyətinin rəhbəri Sabir Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, avqustun 9-da forumun açılışı ən yüksək səviyyədə keçirilib. Ertəsi gün Rusiya Federasiyasının təbii ehtiyatlar və ekologiya naziri Dmitri Kobılkin ilə görüş keçirildi.
“Nazir bütün dünyada ekoloji problemləri gənclər nümayəndələri ilə müzakirə etdi. Mən də ona bir sual verdim. Sual Xəzər dənizi probleminə aid idi. Yeri gəlmişkən, sualım ən yaxşı suallardan biri olduğu üçün i mən mükafat aldım. Forumun proqramına əsasən, növbəti gün məşhur idmançılarla yanaşı digər qonaqlar, o cümlədən Ermənistan Respublikasının Rusiya Federasiyasındakı səfiri Qoqonyan Vardan Surenoviç ilə görüş keçirildi.
Təbii ki, Azərbaycan Respublikasının vətəndaşı olaraq bir forum iştirakçısının hüququndan istifadə etmək və hər bir azərbaycanlını narahat edən bir sual vermək istədim. Hər birimizin içində bir azərbaycanlının qanı axır, bu o deməkdir ki, hazırda hər birimiz üçün yalnız bir sual aktualdır: Qarabağ nə zaman Ermənistanın işğalından azad olacaq?
Gənclərlə görüşmək üçün Pyatiqorska gələn Ermənistan səfiri forum iştirakçıları ilə tamamilə təxribatçı müzakirələr aparmağa başladı. Məqsəd, iştirak edənlərin hamısına, guya “Qarabağ əzəldən erməni torpağıdır”, “Azərbaycanlılar Qarabağda heç yaşamamışdılar” demək idi.
Ermənistan səfirinin təxribatçı nitqini kəsmək və ona bir neçə sual vermək istəyəndə mikrofona buraxılmamağımın səbəbi, yalnız köynəyimin üstündə “Azərbaycan” yazısının olması idi.
Sonra Azərbaycan tərəfdən iştirakçılardan biri məni dəstəklədi və mən ondan da bir sual verməsini istədim (o, bütün digər iştirakçılar kimi geyinmişdi). O, atalarının Qarabağda əsrlər boyu yaşadıqlarını və səfirin dediklərinin yalnış olduğunu söylədi, onun və ailəsinin azərbaycanlıların həmişə Qarabağda yaşadığının canlı nümunəsi olduğunu bildirdi. O, bütün ailəsinin ermənilər tərəfindən öz torpaqlarından zorla qovulduğunu da qeyd etdi.
Səfir bizi daha çox təhrik etməyə başladı və Azərbaycanın heç vaxt güzəştə getmədiyini və ermənilərin deyil, guya bizim təcavüzkar olduğumuzu söyləməyə başladı.
Əlbətdə ki, əsəblərim xalqıma qarşı belə bir münasibətə dözə bilmədi. Mikrofon olmadan qışqırmağa başladım və hər kəsə səfirin yalan danışdığını söylədim! Mən yüksək səslə qışqırdım ki, Ermənistan 25 ildən çoxdur Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır – Dağlıq Qarabağ və ölkənin digər yeddi rayonu ermənilərin işğalı altındadır! Hamı mənə baxırdı. Səfirin çıxışını kəsə bildim və o, təxribatçı nitqini dayandırmağa məcbur oldu. Ancaq artıq dayandırıla bilmədim. Qışqırdım: “Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir!”, “Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi ermənilərin işğalı altındadır”, “Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür”, “Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir.! ”
Forum iştirakçıları məni alqışlamağa başladılar, bu, Ermənistan nümayəndə heyətinin nümayəndələrini narahat etdi. Erməni qadın diplomatlar mənə hücum etdilər. Köynəyimi “Azərbaycan” yazısı ilə cırmağa başladılar. Bununla məni onlara qarşı əl qaldırmağıma təhrik etmək istədilər. Sadəcə dayandım, özümü belə müdafiə etmədim. Təşkilatçılar onları aralayıb apardılar” – Sabir Rüstəmov bildirib.