Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü bu il fərqli qeyd olunacaq

18 aprel dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunurdu. Bu il isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə kütləvi tədbirlərin keçirilməsi təxirə salınıb.

Ölkəmizdə də koronavirus infeksiyası səbəbindən tətbiq edilən sosial izolyasiya tədbirləri və karantin rejimi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələb və tövsiyələr əsasında davam etdirir.

Dövlət Xidməti, eləcə də tabe qoruqlar öz fəaliyyətini videokonfans rejimində tənzimləyir. Yaranmış vəziyyətlə əlaqədar olaraq bütün qoruqlar ziyarətçilər üçün online rejimdə fəaliyyət göstərir, tarixi məkanlara videoturlar hazırlayaraq sosial şəbəkələr vasitəsi ilə yayımlayırlar.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə də videokonfranslar təşkil olunur. Bu konfranslara ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, Belçika, İran, Monqolustan və bir sıra digər ölkələrin mədəni irs sahəsində tanınmış mütəxəssisləri qatılaraq məruzələrlə çıxış edir, fikri mübadiləsi aparılır.

Həyata keçirilən işlərin davamı olaraq aprelin 17-də Mədəniyyət naziri Əbülfəs Qarayevin iştirakı ilə ölkə üzrə mədəni irs sahəsində çalışan tanınmış mütəxəssislərin iştirakı ilə geniş videokanfrans təşkil olunacaq.

Qeyd edək ki, UNESCO-nun Dünya İrsi Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən İCOMOS memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.