“Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”.
Bu fikirləri REAL TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazirin bu sözləri həm cəmiyyətdə, həm də sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan professor Nadir İsrafilov bu məsələdə keçmiş və yeni günahkarların mövcud olduğunu bildirib.
“Keçmiş günahkarlar kimdir? Əvvəllər Müəllimlər İnstitutu var idi. Bir müddət sonra Müəllimləri Təkmilləşdirmə İnstitutu kimi fəaliyyət göstərdi. 2000-ci ildə adını dəyişdirib Azərbaycan Müəllimləri İnstitutu qoydular. Bunun da Gəncədə, Qazaxda, Qubada 12 filialı yaradıldı. Şübhəsiz ki, ucqar olan filiallarda nəzarət olmadı. Digər bir məsələ də bir vaxt müstəqillik əldə etdikdən sonra təhsil sahəsində müəyyən boşluqlar yaranmasıdır.
Keçmiş Təkmilləşdirmə və İxtisas Artırma İnstitutunun vəzifəsi kadrların ixtisasının artırılması idi. Amma biz bunu çevirdik yenidən hazırlanma kursları açdıq. Kimya, biologiya, coğrafiya müəllimləri, hətta baytarlar, tibb bacıları və digər peşə sahibləri gedib belə kursları bitirib ibtidai sinif müəllimi oldular. Bundan başqa, illərdir, diaqnostik qiymətləndirmə keçirilir. Burada diplomları dövlət tanınmayan, müəllimlərin işə qəbul (MİQ) imtahanlarına buraxılmayanlar var. Neçə illərdir ki, bu məsələyə aydınlıq gətirilmir. 6-8 saat dərs verməklə biz vəzifəmizi yerinə yetirmiş oluruq. Əgər diaqnostik qiymətləndirmə nəticəsində bu insanların müəllim peşəsinə uyğun olmadığı müəyyən edilirsə, onda niyə 6-8 saat dərs verib təhsildə illərlə saxlayırıq? Niyə təkcə dərs saatını azaltmaqla kifayətlənirik? Nə fərqi var, 6 saat dərs desin, ya 16 saat?”
Professor bu cür problemlərin ortaya çıxmasının təhsilin keyfiyyəti ilə əlaqəli olduğunu bildirib:
“Bizim sanki ali məktəblərə gücümüz çatmır. Hər dəfə orta məktəbləri bu kimi problemlərdə ön plana çıxarırıq. İstər bakalavr, istər magistratura pilləsində illərlə oxuyan MİQ-dən 0 bal toplayırsa, bunun hesabını ali təhsil müəssisələrindən, kollec rəhbərlərindən soruşan varmı?” Baxın, belə məsələlər var. Halbuki qanunvericilikdə təhsilin keyfiyyətinə görə məsuliyyət nəzərdə tutulub, amma bir dəfə hansısa ali məktəbin adı çəkilmir ki, bu müəssisə zay kadr yetişdirir”.
N.İsrafilovun fikrincə, bu cür məsələlərin ictimailəşdirilməsi müəllim adına xələl gətirir:
“Bu gün üçün nə qədər problem olsa da, bu cür faktların açıqlanması onsuz da sarsılmış müəllim nüfuzuna zərbə vuracaq. 100, 500, lap 1000 müəllim olsun, əgər perimetrə görə kvadratın sahəsini tapa bilmirsə, bu geniş ictimaiyyətdə bütövlükdə müəllim haqqında mənfi imic formalaşdırır.
Əgər bu məsələ qaldırılıbsa, təhlil olunmalı, açıqlanmalı idi ki perimetri hesablaya bilməyən müəllimin neçəsi köhnə nəslin, neçəsi də yeni nəslin nümayəndəsidir? Burdan məlum olardı ki, bu, keçmişdə buraxılan səhvlərin nəticəsidir, yoxsa, bu səhvlər hələ də davam edir? Ola bilər ki, həmin məsələni həll edə bilməyənlər arasında yeni məzun olan şəxslər də var”.