Dekabrın 3-də “Lider Qadınlar” İctimai Birliyinin “Qadın haqları milli dəyərlər və milli prioritetlər kontekstində” layihəsi çərçivəsində tədbir keçirilib.
Etmtv.news xəbər verir ki, tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, “Lider Qadınlar” İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Məlahət İbrahimqızı bildirib ki, 2019-2020-ci illər beynəlxalq ictimaiyyət tərəfindən dünya qadın hərəkatına, xüsusilə qadın hüquqlarına, ana sağlamlığına, qadınlara qarşı ayrı-seçkilik və zorakılığın ləğv olunmasına dair BMT sənədlərinin qəbulu və əlamətdar tarixi tədbirlərin keçirilməsinin yubiley illəridir. Qeyd edib ki, 25 il əvvəl Pekində qəbul olunmuş sənədlərdə 12 strategiya müəyyən olunub. Onlar yoxsulluğun aradan qaldırılması və qaçqın və köçkünlərin sosial problemlərinin həlli xüsusi önəm daşıyır. Ötən dövr ərzində bu iki məsələnin aradan qaldırılması istiqamətində Azərbaycanda ciddi işlər görülüb.
Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın hüquqları mövzusunda ümumrespublika inşa müsabiqəsinə start verilir. Onun sözlərinə görə, müsabiqə qadın hüquqları mövzusunda respublika üzrə tam orta məktəblərin 10 və 11-ci sinifləri arasında keçiriləcək. İnşa-yazı müsabiqəsinin dekabrın 7-də “İnsan hüquqları haqqında” Beynəlxalq Bəyannamənin qəbul olunduğu ərəfədə keçirilməsi planlaşdırılır. Layihənin nəticələrinin təqdimatı 2020-ci ilin mart ayında olacaq.
Sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihənin əhəmiyyətindən danışıb.
“2019-2020-ci illər qadın hərəkatında, qadın hüquqları ilə bağlı sənədlərin qəbulunda əlamətdar dövrdür. Biz 11 il əvvəl ailə dəyərləri mövzusunda Heydər Əliyev Fondu ilə birgə film festivalı keçirdik və çox uğurlu da alındı. Düşündük ki, qadın haqları mövzusunda məktəblilər arasında inşa müsabiqəsinin təşkil edilməsi bu mövzunu araşdırmaq baxımından məqsədəuyğundur”, – deyə Komitə sədri vurğulayıb.
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, qadın problemlərinin araşdırılması, ictimaiyyətə açıqlaması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir. O əlavə edib ki, son illərdə Azərbaycanda bu istiqamətdə mühüm islahatlar həyata keçirilir.
Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cəmiyyətin formalaşmasında qadınların rolundan danışıb. O bildirib ki, bu işdə təhsilin, elmin müstəsna yeri var. “İlk dəfə müsəlman şərqində qızlar üçün məktəb məhz Azərbaycanda H.Z.Tağıyevin təşəbbüsü ilə açılıb. Bu gün də Azərbaycan qadınları bütün sahələrdə uğurla təmsil olunurlar. Təhsil gələcəyin təminatıdır. Qızların təhsilli, dünya görüşlü olması gələcəyimizin təminatıdır. Son illərin statistikası göstərir ki, qızların sayı nəinki humanitar, həm də texniki sahələrdə artır. Onlar xaricdə təhsil alırlar. Beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Xalqımızın milli mənəvi dəyərlərinin qorunmasında fəallıq göstərirlər”, – deyə nazir müavini vurğulayıb.
Məhəbbət Vəliyeva inşa müsabiqəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, müsabiqədə 30 mindən çox şagirdin iştirakı gözlənilir.