Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Şahmat üzrə Yeniyetmələr arasında Avropa Çempionatında mükafat qazanmış şahmatçılar, onların məşqçiləri və valideynləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentləri Mahir Məmmədov və Faiq Həsənov, şahmat üzrə yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Fərid Abbasov və Cahangir Ağarəhimov və digər rəsmi şəxslər iştirak ediblər.
Nazir Azad Rəhimov gənc idmançıları ürəkdən təbrik edib, Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda keçirilən Ümümdünya Şahmat Olimpiadası, Dünya Kuboku, beynəlxalq super-turnirlər haqda məlumat verib. Cənab nazir dövlət tərəfindən bütün Azərbaycan idmanına olduğu kimi, Azərbaycan şahmatına da xüsusi diqqət və qayğı göstərildiyini bildirib: “İdman növlərinin arasında şahmatın öz yeri var. Şahmat xalqın intellektual potensialıdır, millətin gələcəyidir. Mən sizi ürəkdən təbrik edirəm. Sizdən bir xahişim var ki, öz üzərinizdə çalışın, davam edin və çəkinmədən federasiyadan və bizdən (nazirlikdən) tələb edin ki, sizə kömək edək.” Var olun, cənab Nazir, diqqətinizə görə! Təşəkkürlər! Belə görüşlər idmanın inkişafına böyük təkan verir!
Görüşün sonunda nazir Azad Rəhimov Yeniyetmələrin Avropa Çempionatının medalçıları olan gənc şahmatçılara Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin doplomlarını və pul mükafatları təqdim edib.
Qeyd edək ki, Avropa Çempionatında şahmatçılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 5 medal qazanıblar. 14 yaşadək qızlar arasında Ayan Allahverdiyeva (Bakı) və 8 yaşadək qızlar arasında Dinara Hüseynova (Bakı) qızıl, 8 yaşadək qızlar arasında Səadət Bəşirli (Gəncə) gümüş, 8 yaşadək oğlanlar arasında Yusif Kərimli (Şəki) və 10 yaşadək oğlanlar arasında Cahandar Azadəliyev (Bakı) bürünc medal qazanıblar. Ümumi hesabda Azərbaycan komandası Rusiyadan sonra Avropa birinciliyində ikinci nəticə göstərib.