Mayın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Etmtv. news xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Belarusun nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Qonaqlar, həmçinin ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını Şəhidlər Xiyabanında ziyarət edərək əklil və gül dəstələri qoyublar.
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib.
Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Azərbaycan və Belarus hərbi nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib.
Qonaqları salamlayan general-polkovnik Z.Həsənov vurğulayıb ki, dövlət başçılarının yaxın dostluq əlaqələri ölkələrimiz və xalqlarımız arasında səmimi və qarşılıqlı inam ənənələrinə söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir. Hərbi-texniki və hərbi təhsil sahələrində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər uğurla inkişaf edir.
Regiondakı siyasi və təhlükəsizlik məsələlərinə toxunan Azərbaycanın müdafiə naziri müxtəlif beynəlxalq platformalarda ölkələrimizin aktiv fəaliyyət göstərdiyini, bir birini dəstəklədiyini və maraqlarını müdafiə etdiyini xatırladıb.
General-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı və torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tərəfindən keçirilmiş uğurlu hərbi əməliyyatlar haqqında qonağa məlumat verən nazir 44 gün davam edən müharibə dövründə Belarusun tutduğu mövqeyə görə də həmkarına minnətdarlığını bildirib.
Müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən general-leytenant V.Xrenin ölkəmizlə Belarus arasında ikitərəfli hərbi əlaqələrin daha da genişləndirilməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin vacibliyini xüsusi qeyd edib.
Qonaq bu əməkdaşlığın hər iki ölkənin liderlərinin dostluq əlaqələrinə əsaslandığını vurğulayaraq Belarusun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Belarus arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində birgə fəaliyyət, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət qrupların səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Sonda nazirlər Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.