Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində- Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatıb.
Ağdam adının mənşəyi haqqında alimlər müxtəlif fikirlər söyləyirlər. Bəzi mənbələrə görə, Ağdam sözü qədim türk dilində “kiçik qala” deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə, bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün, bir növ, oriyentirə çevrilib. Bu mənada, Ağdam günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Şəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur. 1828-ci ildə Ağdama şəhər statusu verilib.
Rayonun ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ərazidə ötən əsrin 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə aid maddi-mədəni abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut edib ki, yerli əhali oturaq həyat keçirib və yüksək əkinçilik mədəniyyətinə malik olub. Arxeoloqlar Üzərriktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Cənubi Qafqazda ən zəngin abidələri olan yerlərdən biri olub. Qədim alban tayfalarından olan qarqarlar da Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşıblar. Ağdam özündə çox qədim mədəni-tarixi irsi daşıyır. Xındırıstan kəndində yerləşən Üzərliktəpə abidəsi ilə yanaşı, rayonun Xaçındərbənd kəndindəki Qutlu Sarı Musa oğlu gümbəzi (1314-cü il), Kəngərli kəndindəki türbə və daş abidələr (XIV əsr), Papravənd kəndindəki türbələr, məscid (XVIII əsr), Xanoğlu türbəsi (XVII əsr), Qarabağ xanı Pənahəli xanın Ağdam şəhərindəki imarəti (XVIII əsr), Natəvan və onun oğlunun türbəsi (XIX əsr), Şahbulaq qalası tarixi memarlıq abidələrindəndir. Onların əksəriyyəti işğal dövründə məhv edilib. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilib. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb. Ağdamda 145 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 1-i dünya əhəmiyyətli memarlıq, 3-ü dünya əhəmiyyətli arxeoloji, 3-ü ölkə əhəmiyyətli memarlıq, 96-sı ölkə əhəmiyyətli arxeoloji, 26-sı yerli əhəmiyyətli memarlıq, 4-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 4-ü yerli əhəmiyyətli arxeoloji abidələrdir. Rayon ərazisində yerləşən Şahbulaq qəsri, Qutlu Xacə Musa oğlu türbəsi, Pənahəli xanın imarəti, Pənahəli xanın türbəsi, Ağdam Cümə Məscidi Azərbaycan Respublikası ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.
I Qarabağ müharibəsinin ilk günlərindən ən böyük ağırlıq Ağdamın üzərinə düşürdü Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşürdü. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 2008-ci ildə “Lonely Planet” jurnalı Ağdamı “Qafqaz Xirosiması” adlandırıb. 2010-cu ildə “ƏlCəzirə”-nin internet nəşri Ağdamı “ruhlar şəhəri” siyahısına salıb. 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri “Akna” adlandırılıb.
Azərbaycançılıq ideologiyasının formalaşmasında xidmətləri olan onlarca şəxsiyyət, fikir adamı, ictimai-siyasi, ədəbiyyat, mədəniyyət xadimi yetişdirən tarixi şəhərimiz olan Ağdam rayonu 20 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Bəyanatda nəzərdə tutulduğu kimi, Ağdam rayonu noyabrın 20-nə Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanıb. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərmizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Düşmən tərəfindən dağıdılan Ağdam işğaldan azad edilib.
Düşmən Ağdamı tamamilə yerlə-yekssan edib. Mülki obyektlərimizi, tarixi mədəniyyət irsimizi, dini inanc yerlərimizi, məscidlərimizi, türbələrimizi məhv edən düşmən bu cinayətləri Ağdamda da həyata keçirib. Ağdamda yerləşən məscidlərdən Cümə məscidi və Şahbulaq məscidini qeyd etmək olar. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan məscidləri dağıdılaraq təhqir olunub, heyvanların saxlandığı yer olaraq istifadə edilib. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilib. Düşmənin 27 il davam etdirdiyi cinayətlərin qarşısı artıq alınıb. Ağdam Cümə Məscidinin üzərində Azərbaycan bayrağı dalğalanır və artıq bu müqəddəs məkanda ilk azan səslənib və bununla düşmənin layiqli cavabı verilib. Düşmən Ağdam memarlığını faşistcəsinə məhv edib Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidəsi var. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. Rayon ərazisində ümumi sahəsi 732 ha olan Püstə meşəciyi qiymətli meşə sahələrindən idi. Nadir nəbatət obyekti olan həmin ağacların yaşı 370-400 il təşkil edirdi. Gördüyümüz kimi, düşmən Ağdamda daşı daş üstə qoymayıb. Amma çox tezliklə Ağdamın və işğaldan azad edilmiş digər şəhərlərimizin, rayonlarımızın, qəsəbələrimizin tamamilə yenidən qurulmasına, abidələrimizin bərpasına, milli-mədəni irsimizin tamamilə restavrasiyasına nail olacağıq. Azərbaycançılığın əsas ünvanlarından biri kimi Ağdam da dünyaya işıq kimi düşəcək, “ruhlar şəhərin”-dən “işıqlar şəhəri”-nə çevriləcək.
Azad Bayramov, Professor,
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri.