Azərbaycanda səfərdə olan Gürcüstanın nümayəndə heyəti Gəncəyə gəlib

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və bloggerlərdən ibarət qrup Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində  onlar Gəncə şəhərinə gəliblər. 21 nəfərlik qrupun üzvləri Ermənistan Respublikası silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.
Qonaqları burada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov qarşılayıblar.
Niyazi Bayramov Ermənistanın Gəncə şəhərində törətdiyi terror barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 130-dan çox dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qonaqlar Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə yerində tanış olub, həlak olan mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq, əraziyə tər çiçəklər düzüblər.
Daha sonra gürcüstanlı qonaqlar Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası və buradakı Gəncə Teatr Muzeyində sərgilənən eksponatlarla tanış olublar.
Gürcüstanlı ifaçılar Gəncənin mədəniyyət xadimləri ilə birlikdə yeni teatr binasının səhnəsində konsert proqramı ilə çıxış ediblər. Konsert zamanı Gürcüstanın xalq mahnı və rəqsləri ilə yanaşı, qonaqlar tərəfindən Azərbaycan xalq mahnısı “Sarı gəlin” və bəstəkar Qəmbər Hüseynlinin “Cücələrim” uşaq mahnısı ifa olunub. Həmçinin Nizami Gəncəvinin sözlərinə yazılmış romanslar, xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilmişdir.
Konserdə həmçinin qonaq olan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi başda olmaqla Azərbaycanın bir qrup incəsənət ustaları da olublar.
Gürcü ifaçılarını Xalq artistləri Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadə, Əməkdar müəllim Naibə Şahməmmədova müşayiət etmişlər.
Gürcü musiqiçilərinə Gəncədən olan Xalq artisti Sevinc İbrahimova, Zenfira Zeynalova, Kəmalə Tağızadə, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova da qoşulmuş, Azərbaycan və Gürcü dillərində mahnılar təqdim etmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.