Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi – Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı daha da artırmaq məqsədi ilə yaradılmış orqandır.

Qida Təhlükəsizliyi Agentliyi Prezident  İlham Əliyevin10 fevral  2017- ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə yaradılıb. 2018 – ci ilin yanvarın 1-də fəaliyyətə başlamışdır.

Fəaliyyət istiqamətləri:
  • müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
  • müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
  • müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;
  • ölkədə istehsal edilən və ölkəyə idxal olunan qida məhsullarını, habelə onları qablaşdırma materiallarını qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alır və reyestrini aparır;
  • qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;
  • xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatı verir;
  • müvafiq sahənin inkişafını təmin edir. Agentliyin yaradılması ilə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmışdır. Bu, həmçinin, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılmasına hədəflənmişdir. Agentliyin fəaliyyətə başlaması ilə bu sahədə idarəetmənin səmərəliliyi və optimallığı təmin edilir, pərakəndəlik və təkrarlanmalar aradan qaldırılır. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına,  ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olmuşdur.Bununla, həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunmuşdur.Ümumiyyətlə, bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edir.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması gələcəkdə ölkənin beynəlxalq reytinqlərdə irəliləməsinə də öz töhfəsini vermiş olacaqdır. Belə ki, Agentliyin fəaliyyəti ölkənin Qlobal Rəqabətlilik İndeksində “İnstitutlar”, “Səhiyyə və ibtidai təhsil”, “Əmtəə bazarının effektivliyi” adlı alt indikatorları üzrə pozisiyalarının yaxşılaşdırılmasına birbaşa və dolayı təsir edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.