Azərbaycan saytlarının Rusiyada bloklanması barədə rəsmi açıqlama

 Azərbaycana məxsus bir neçə sayta Rusiya ərazisindən giriş bloklanıb. Medianın İnkişafı Agentliyinin məsələyə münasibət bildirib.

Agentliyin yaydığı bəyanatda deyilir ki, obyektiv və balanslı xəbər istehsalçısı kimi yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da geniş auditoriyanın rəğbətini qazanmış Azərbaycanın nüfuzlu media subyektlərinə məxsus saytların ifadə azadlığına zidd olaraq bloklanması təəssüf doğurur.

“Hesab edirik ki, müasir dövrdə informasiya mübadiləsinə belə inzibati yanaşma Azərbaycanın media subyektlərinin peşəkar fəaliyyətinə təsir göstərməsə də, insanların balanslı və doğru informasiya təminatına mane olur.

44 günlük Vətən müharibəsi zamanı bir sıra ölkələrin media quruluşlarının hərbi əməliyyatların gedişi və ölkəmiz haqda zərərli, sırf “qara” təbliğat xarakterli və əksər hallarda isə saxta məlumatlar yaymasına baxmayaraq, Azərbaycan media azadlığı prinsipinə sadiqlik nümayiş etdirərək, heç bir əcnəbi saytın və ya televiziya kanalının ölkə ərazisində yayımını bloklamadı. Bu gün də onların fəaliyyətinə ölkəmizdə heç bir məhdudiyyət qoyulmur.

Bu məsələdə qarşılıqlılıq prinsipinin rəhbər tutularaq, xarici ölkə tərəfindən Azərbaycan saytlarına qarşı tətbiq edilən bloklanmanın aradan qaldırılacağına ümid edirik”, – bəyanatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.