Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanunu təsdiqləyib.

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamə” təsdiqlənib.

Əsasnamədə deyilir:

Maddə 1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” (bundan sonra – “Vətən Müharibəsi Qəhrəmanı”) adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

1.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının xüsusi fərqlənmə nişanı – “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalıdır. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikası medalının təsviri qanunla müəyyən olunur.

Maddə 2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası

2.1. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

2.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

2.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:

2.3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı;

2.3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

2.4. “Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.

Maddə 3. Yekun müddəalar

3.1. “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda “Qızıl Ulduz” medalından əvvəl taxılır.

3.2. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.

3.3. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.