Öz xarakterinə görə Vətən müharibəsi adı almış 44 günlük Vətən müharibəsi Azərbaycanın haqq işinin qələbəsi, tarixi ədalətin bərpası ilə yekunlaşdı. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı ordumuz öz missiyasını şərəflə yerinə yetirdi və 30 ilə yaxın işğal altında saxlanan torpaqlarımızı işğaldan azad etdi. Şəhidlərimizin qanı döyüş meydanında qəhrəman oğullarımız tərəfindən alındı. Azərbaycan qazandığı möhtəşəm Qələbə ilə öz ərazi bütövlüyünü təmin etməklə yanaşı, kağız üzərində qalmış BMT qətnamələrinin həyata keçirilməsini də təmin etmiş oldu. Vətən müharibəsi ilə Azərbaycan dünya tarixində bəlkədə BMT qətnamələrini özü tərəfindən yerinə yetirən ilk dövlət kimi tarixə düşdü.
Bədnam qonşular tarixi torpaqlarımızda öz çirkin əməllərini yerinə yetirmiş, ərazini tamamilə dağıtmış, tarixi abidələrimizi məhv etmiş, dini ibadətgahları yerlə yeksan etmişdirlər. Bütün beynəlxalq qurumlar, diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş ərazilərdəki ermənilərin törətdikləri vəhşiliklərin canlı şahidləri oldular. Dağıdılmış, yandırılmış evlər, viran qoyulmuş tarixi- mədəni abidələr, təhqir olunmuş məscidlər, ziyarətgahlar, talanmış qəbirlər erməni xislətinin əsil üzünü açıq şəkildə nümayiş etdirdi. Azərbaycan daim konstruktiv mövqedə olmuşdur. Elə bu gün də Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına hazırdır. Danışıqlar və təmaslar artıq başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfimdən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməyib.
30 illik danışıqlar prosesi ərzində Azərbaycan yalnız konstruktiv mövqedən çıxış etmişdir. Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.
Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq, ancaq status məsələsinə qayıtmaq mümkün deyil.
Azərbaycan “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyənin təklifini dəstəkləyir.Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları ilə Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər.Ermənistan bu məsələdə yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Əgər regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatı yaransa, yeni təhdidlərin qarşısı alınacaqdır. Bu platforma regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək.
Vətən müharibəsində qazandığımız Qələbə regionda yeni reallıqlar yaradıb. Bu gün Azərbaycana olan maraq olduqca böyükdür. Dövlət başçımız cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi gücü daha da artmışdır. Azərbaycanın hərbi qüdrətinin təsdiqi olan Qələbəmiz isə dövlətimizin qüvvəsini, eləcə də ölkəmizdə olan xalq-ordu-rəhbər vəhdətinin möhkəmliyini bir daha sübut etdi.
Azərbaycan ikinci müstəqillik əldə etdikdən bəri daim etibarlı iqtisadi tərəfdaş olub. Bu gün də Azərbaycan etibarlı iqtisadi tərəfdaşdır. Azərbaycan təbii qazını Avropaya ixrac etməyə ötən ilin son günü – dekabrın 31-də başladı. Həmin vaxtdan etibarən ixrac profili artmaqdadır. Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi çıxış edir. Ölkəmizin təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu cür qaz ehtiyatları öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda yeni yataqların kəşf edilməsi mərhələsi aparılır. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Gələcəkdə təchizat coğrafiyası Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirilə bilər.
Artıq işğaldan azad edilmiş ərazilərdə geniş bərpa- quruculuq və tikinti işləri aparılır.Təbiidir ki, bu işlərin həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edir. Görülən işlərin miqyası və sürəti qəti əminlik yaradır ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur gülüstana çevriləcəkdir.
Ərazilərin qısa müddət ərzində bərpa olunması kimi mühüm məsələlərdə beynəlxalq təşkilatların fəallığı və obyektiv mövqeyi böyük rol oynayır. Mina xəritələri kimi mövzular Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi.Azərbaycan bu cür təşəbbüsləri dəstəkləyir. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər.
Azərbaycan-Türkiyə qardaşlığı tarixi köklərə bağlıdır. XX əsrin əvvəllərində olduğu kimi bu gün də qardaş Türkiyə Respublikası öz siyasi və mənəvi dəstəyini göstərir. Beləki, Türkiyə müharibənin ilk günlərindən etibarən Azərbaycana siyasi və mənəvi dəstək göstərib. Müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayır. Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər.Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar.
Azad edilmiş ərazilərdə aparılan bərpa işlərində də qardaş Türkiyə dövlətinin nüfuzlu şirkətləri başlıca rol oynayırlar. Digər ərazilərimiz kimi işğaldan azad edilmiş Füzuli rayonunda da hazırda iri infrastruktur layihələrin həyata keçirilməsi uğurla davam etməkdədir. İşğaldan azad ediləndə bayraq taxmağa salamat bir bina tapılmayan Füzuli şəhərində artıq Beynəlxalq Hava Limanı inşa olunur. Hal- hazırda yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun çəkilməsi nəzərdə tutulur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib çatacaq və Zəngəzur dəhlizinin açılması gələcəkdə ölkəmizin regional və beynəlxalq strateji əhəmiyyətini daha da artıracaqdır.
Azad Bayramov, professor,
ADAU-nun İctimai elmlər və Multikulturalizm Kafedrasının müdiri.