Bir dəfə Qaratel Qazaxa gələndə qırmızı, göy, yaşıl rəngdə parçalar gətirdi, bunları bir-birinə tikdi, üstünə təbaşirlə ay-ulduz çəkdi. Dedi: “Ana, bu, Azərbaycanın üçrəngli bayrağıdır, biz də müstəqil dövlət olacağıq”. Dedim: “Sən bu bayrağı harda qaldıracaqsan? Rus bizi qırar”. Dedi: “Bu bayrağı meydanda mən özüm qaldıracam, ana”.
Doğma elinə-obasına bağlı olan Qaratel son nəfəsinədək Vətəni üçün döyüşdü. Düşmən əlinə sağ keçməmək üçün son anda özünə atəş açan xanım döyüşçü əfsanəyə çevrildi.
Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. O, Bakı Ticarət Texnikumunu bitirdikdən sonra Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb.
Bir müddət Bakıda, neft kəşfiyyatı idarəsində işləyir. 90-cı illərin ən gərgin günlərində doğma kəndinə qayıdır və elə ilk günlərdən könüllü olaraq ana torpağın müdafiəsinə qalxır. Azərbaycandan Ermənistana gedən yol Aşağı Əskiparadan keçdiyindən, nankor qonşular nəyin bahasına olursa olsun, bu mühüm strateji mövqeyi ələ keçirməyə çalışırdılar.
Qaratel 1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşır. O, qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağa gedəcəyini deyir. O isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur. Qaratel döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy-göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Eyni zamanda səngərdə döyüşürdü.
1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. Təqribən 30 nəfərlik özünümüdafiə dəstəsi düzəlmişdi. Hacımahmudova hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi. Bütün çətinliyə baxmayaraq, dəstə ermənilərin hücumunu dəf edə bilmişdi.
İyunun 9-da yenidən gərgin atışma oldu. Düşmən mövqeyində Qaratelin adı tez-tez çəkilir, ona qarşı bəd əməl hazırlanırdı. Bu səbəbdən qardaşı və anası Teyyubə xanım nə qədər çalışırsa, Qarateli evə yollaya bilmir. “Qardaşım Məhəmmədin qəbrinə and içmişəm. Son nəfəsimə kimi vuruşacağam, qoymaram namərdlərin ayağı bu torpağa dəysin” – deyir.
İyunun 14-də erməni quldurları üç istiqamətdən Aşağı Əskiparaya hücuma keçirlər. Onlar Qaratelin başına pul qoymuşdular, hər nə cür olursa olsun, onu diri tutmaq istəyirdilər. Qaratel isə bunu bilə-bilə əsla çəkinmir, geri durmurdu. O, komandir Yaşar Qasımovun tağımında döyüşürdü. Fələməz deyilən mövqedə hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığını yerinə yetirmişdi. O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri-bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etsə də o geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurur. Vəli Namazov isə kənd sakinləri ilə birgə əsir düşür.
Ermənilər eşitmişdilər ki, Qaratel əsir düşməmək üçün son anda güllə ilə özünü vurub. Bu mərd qadının hünərinə heyran qalan daşnaklar iki-bir, üç-bir gəlir, cəsur döyüşçüyə tamaşa edirdi. İyunun 26-da Qaratel Hacımahmudovanın cəsədi, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin cəsədləri ilə birgə, eyni zamanda əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilir. Ölümündən sonra prezident tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif olunur. Qaratel subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüş, həyatını onlara həsr etmişdi.
Haqqında əsərlər yazıldı, filmlər çəkildi, Qazax Diyarşünaslıq Muzeyində xatirə guşəsi yaradıldı. Beləcə mərd, mübariz Qaratelin adı əfsanəyə döndü. “O, əsl qeyrət qalasıdır ” – deyən Hüseyn Arifin sözləri dildən-dilə düşdü.
Sevinc Xanqızı