Azərbaycan Prezidentindən Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq

… Prezident İlham Əliyev Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın işğalı ilə bağlı qətiyyətli mövqeyini növbəti dəfə dekabrın 2-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bəyan etdi. İşğalçı Ermənistanın regionda sülh və təhlükəsizlik mühitinə, beynəlxalq sülhə sarsıdıcı zərbə vurduğunu diqqətə çatdıraraq həmsədr ölkə olan Rusiya vasitəsilə Ermənistanı yanlış yoldan geri dönməyə çağırdı.
… Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına açıq şəkildə maneçilik törətdiyini xatırladan Azərbaycan Prezidenti tərəflər arasında münaqişənin həllinə dair aparılan danışıqlara müxtəlif bəhanələrlə mane olmağa çalışdığını vurğuladı: “Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır”.
… Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, Ermənistan rəhbərliyinin təxribat xarakterli açıqlamalarına və hərəkətlərinə həm Rusiya, həm də həmsədrlər ölkələr tərəfindən düzgün qiymət verilib. Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və beynəlxalq təşkilatların – BMT, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumların qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü məsələsi öz əksini tapıbdır. Ona görə də, Ermənistanın baş naziri Nikol Paşınyan sərsəm və ağılsız bəyanatlar verməkdən çəkinməlidir.
… Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Cənab İlham Əliyevin haqlı və düzgün mesajlarını qəbul edərək bəyan etdiyi bütün fikirləri dəstəklədiyini bildirdi. Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həm Vyana sammitində, həm də Moskva görüşündə etimad tədbirləri barədə fikirləri rəsmi Moskvanın Ermənistan rəhbərliyinin sarsaq hərəkətlərinin yolverilməz olmasına bir işarə oldu. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməli olması barədə mövqeyini tamamilə dəstəkləyən Lavrov Ermənistanı əsas prinsiplərdən – BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinməyə çağırdı.
… Göründüyü kimi Prezident İlham Əliyevin son aylarda nümayiş etdirdiyi qətiyyətli və prinsipial mövqeyin daha bir nümunəsi olan bu bəyanat Azərbaycan torpaqlarının geri qaytarılmasında inadlı və israrlı bəyanatı işğalçı ölkənin başçısına növbəti xəbərdarlıq oldu. Bu, həm də işğalçı dövlətin beynəlxalq hüquq normalarına məhəl qoymadığı halda Azərbaycanın ağır zərbəsi ilə acı fəlakətlə üzləşəcəyinin anonsu demək idi.

Vaqif Abdullayev, 

Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.