AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ AĞIR İTKİ ÜZ VERİB. AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR ARTİSTİ TOFİQ ƏBDÜLRƏHİM OĞLU HÜSEYNOV ÖMRÜNÜN 71-Cİ İLİNDƏ UZUN SÜRƏN AĞIR XƏSTƏLİKDƏN SONRA VƏFAT EDİB.
Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyun 24-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır. Bunlardan Ü.Hacıbəyovun “O olmasın, bu olsun”unda Rza bəy, F.Aşurovun “Bu meydan, bu şeytan”ında Əzrayıl, Anarın “Adamın adamı”nda Mərd Mazarov, “Qaravəlli”sində Balaqədeş və Əhməd Əhmədov, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə Hacı Namazalı, T.Mütəlibbovun “Cücələrim”ində Tülkü, N.Vəzirovun “Hacı Qəmbər”ində Cəbi, J.Anuyun “Medeya”sında Şah Kreon, O.Altunbayın “Tomris”ində Vəzir Zəban, kino aləmində “O dünyadan salam”da Əli bəy, “Marş”da Komandir, “Dəvətnamə”də Briqadir, televiziya tamaşalarında isə “Metranpaj”da Kameyev, “Şkafda adam”da Ər və başqa obrazları buna misaldır. T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N.Hikmət, “Kəllə”), Knyaz Orbeliani (H.Həsənov, “Brüsseldən məktublar”), Oqtay (B.Vahabzadə, “Rəqabət”), Hacı Kərim (C.Məmmədquluzadə, “Ölülər”) kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirmişdir.
ALLAH RƏHMƏT ETSİN! MƏKANI CƏNNƏT OLSUN!