Sosial media – sosial ünsiyyət və paylaşma üçündür. Sosial media daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Yeni media vasitələri: elektron informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları forum kimi insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar. Təbii ki, burada da cox vaxt etik normalar pozulur, tənqid deyil, təhqirlərə yol verilir. Lakin məlum bir həqiqət var ki, jurnalist, sosial mediadan istifadə edən hər bir kəs ona verilən azadlıqdan və geniş meydandan şəxsi maraqları üçün deyil, ictimaiyyəti maraqlandıran aspektdən çıxış etməli və balans, obyektivlik, dəqiqlik, dürüstlük prinsiplərinə riayət etməlidir. İnternet həm də yeni bir jurnalistika növünü – onlayn jurnalistikanı ortaya çıxarmışdır. Yeni media mühiti adlandırdığımız bu məkanda etik davranış normalarının pozulması hallarına da sıx-sıx rast gəlirik. Hər bir jurnalist xidməti vəzifəsini yerinə yetirərkən insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını nəzərə almalıdır. Jurnalistikanın bu qızıl qanununun pozulması halları cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Azərbaycan mətbuatı dünya təcrübəsinə söykənir. Bütün bunlarla bərabər Azərbaycan jurnalistikasında peşə etikası ilə bağlı ciddi problemlər var. Belə ki, etik normaları bilməyə çalışmayan, dünya təcrübəsinə söykənmək istəməyən jurnalistlər var ki, sözün mənfi mənasında sərbəst hərəkət edirlər, nəticədə də peşə etikası pozulur. Peşə etikası normaları beynəlxalq aləmdə o qədər önəmli şəkil alıb ki, bunu “KİV haqqında” qanuna da əlavə etməyə başlayıblar. Dəqiqlik, qərəzsizlik, tərəfsizlik, obyektivlik, vicdanlılıq və s. qaydalar bir neçə il bundan əvvələ qədər yalnız peşə etikasına aid idisə, indi “KİV haqqında” qanunlara da əlavə olunmağa başlayıb.
Elcan Məmmədov, ADAU-nun Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri