Dünyanın 20 ölkəsinin 50-dən artıq universiteti ilə əməkdaşlıq edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələri 2018-ci ildə yeni müstəviyə qədəm qoymuşdur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.
Son illərdə dövlətimizin dəstəyi ilə ADAU-nun maddi-texniki bazasının yenidən qurulması, yaradılmış təhsil şəraiti, xarici dillərdə təhsil proqramları üzrə mütəxəssis hazırlığının həyata keçirilməsi universitetdə təhsil alan əcnəbi tələbələrin sayının artmasına, onun coğrafiyasının genişlənməsinə səbəb olmuşdur. Hazırda universitetdə Gürcüstan, Lesoto, Malayziya, Qazaxıstan, Rusiya, Türkiyədən olan əcnəbi tələbələr təhsil alırlar. Universitetdə təhsil alan əcnəbi tələbələrin sayının artması və coğrafiyasının genişlənməsində hər biri 520 yerlik olan, ən müasir tələblərə cavab verən iki tələbə evinin istifadəyə verilməsi də müstəsna rol oynayır. Belə ki, burada yaradılmış şərait dünyanın ən aparıcı ali təhsil müəssisələrində olan şəraitlərdən geri qalmır.
Ölkəmizdən olan tələbələrlə olduğu kimi, əcnəbi tələbələrlə də universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun mütəmadi olaraq görüşləri keçirilir. Görüşlərdə tələbələrin təhsil şəraiti, tədiris prosesinin daha da təkmilləşdirilməsi, asudə vaxtıns əmərəli təşkili məsələləri müzakirə olunur.
Hazırda universitetdə “Aqronomluq”, “Baytarlıq”, “Torpaqşünaslıq və Aqrokimya”, “Iqtisadiyyat”, “Marketinq” ixtisasları üzrə ingilis dilində mütəxəssis hazırlığı aparılır.
Universitetin beynəlxalq əlaqələrində 2018-ci ildə yaddaqalan hadisələrdən biri də Davamlı İnkişaf Hədəfləri adlı 1-ci Beynəlxalq Yay Məktəbinin təşkil olunmasıdır. Məktəbin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin tələbələrini bir yerə toplamaqla, Davamlı İnkişaf Hədəflərini, onların icra vəziyyətini və qlobal əməkdaşlığı müzakirə etmək olmuşdur. 2018-ci ilin 16-28 iyul tarixlərində keçirilən məktəbdə ölkəmizin ali təhsil müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universitetindən 3, ADA Universitetindən 1, Bakı Mühəndislik Universitetindən 1, Azərbaycan Dövlət Aqrar Universitetindən 2, Bakı Dövlət Universitetindən 1, Azərbaycan Texnologiya Universitetindən 1, Bakı Dövlət Universitetindən 1 tələbə iştirak etmişdir. Xarici ali təhsil müəssisələrindən isə Qazaxıstan Milli Aqrar Universitetindən 2, Gürcüstan Texniki Universitetindən 4, Çin Kənd Təsərrüfatı Universitetindən 2, Çexiyanın Cənubi Bohemia Universitetindən 3, Təbiət Elmləri Universitetindən 2, Türkiyənin Allattin Keykubat Universitetindən 2, Yıldız Teknik Universitetindən 1, Rusiya Dövlət Aqrar Universitetindən 1, Polşanın Poznan Təbiət Elmləri Universitetindən 3 və Varşava Təbiət Elmləri Universitetindən 2, Özbəkistanın Əndican Maşın Mühəndisliyi İnstitutundan 1, Tehran Universitetindən 1 tələbə qatılmışdı. Ümumilikdə isə yay məktəbində iştirak edən tələbələrin sayı 34 olmuşdur.
2018-ci ildə universitetin 30-a yaxın əməkdaşı Almaniya, Çin, İspaniya, Polşa, Rumıniya, Sloveniya, Tacikistan və Türkiyənin ali təhsil müəssisələrinə səfərlər etmişlər. Eyni zamanda, Polşanın Poznan Təbiət Elmləri Universitetinin 2, Rusiyanın Kuban Dövlət Aqrar Universitetinin 2, Sloveniyanın Nova Qoritsa Universitetinin 1, Türkiyənin Ərzurum Atatürk Universitetinin 2, ABŞ-ın Texas A&M Universitetinin 3, Hollandiyanın PETC+ təşkilatının 2, Pakistanın 2,Çexiyanın 1 əməkdaşı universitetdə mühazirə və seminarlar aparmışlar.
2018-ci ilin fevralın 8-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon universitetə səfər etmişdir.
Təkcə bir faktı qeyd etmək olar ki, son 5 il ərzində ADAU-nun 200-dən çox tələbəsi müxtəlif proqramlar çərçivəsində xarici ölkələrdə öz təhsillərini davam etdirmiş, təcrübə keçmişlər.
Təqdirəlayiq haldır ki, artıq universitetin əməkdaşları müxtəlif mübadilə proqramları vasitəsilə xarici ölkələrin ali təhsil müəssisələrində mühazirələr söyləyirlər.
Eyni zamanda, universitetdə tədris aparan əcnəbilərin də sayı artmaqdadır. Buna misal olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində Yeni Zelandiyalı mütəxəssis, doktor Brain Milestonun 3 ay müddətində universitetdə çalışmasını göstərmək olar.
2017/2018-ci tədris ilinin 2-ci semestrində Türkiyənin Ərzurum Atatürk Universitetinin “Əczaçılıq” ixtisası üzrə 1 bakalavr tələbəsi Mövlanə Proqramı, Poşlanın Poznan Təbiət Elmləri Universitetinin “Meşə quruluşu” ixtisaslaşması üzrə 1 magistrantı Erasmus+ proqramı çərçivəsində ADAU-da təhsil almışdır.
Kabardin-Balkar Dövlət Aqrar Universitetinin 7 nəfərdən ibarət tələbə heyəti və müəllimləri universitetimizə səfər ediblər. Bir həftə müddətində qonaq tələbələr universitetin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin 3-cü kurs tələbələri ilə birgə tədris prosesində iştirak etmiş, müəllimlər isə müvafiq qruplarda mühazirələr söyləmişlər.
Respublikamızın aparıcı ali təhsil müəssisələrindən olan ADA Universitetinin professoru, doktor Erol Çakmak və doktor Rəşad Hüseynovun rəhbərliyi ilə 20 magistrant ADAU-ya səfər etmişdir. Səfərin əsas məqsədi ADAU ilə yaxından tanış olmaq və eləcə də hər iki universitetin müvafiq ixtisas üzrə magistrantları və ixtisas müəllimləri arasında təcrübə mübadiləsinin aparmaq, həmçinin ixtisas kafedraları arasında gələcək əməkdaşlıq planlarının müzakirə etmək olub.
Türkiyənin müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin artırılması da universitetin beynəlxalq əlaqələrində prioritet məsələlərdən biridir. Hazırda universitetin İstanbul Universiteti,Ərzurum Atatürk Universiteti, Səlcuk Universiteti, On Dokkuz Mayıs Universiteti, Aladdin Keykubat Universiteti, İğdır Universiteti və digər təhsil müəssisələri ilə fəal əməkdaşlıq əlaqələri mövcuddur.
ADAU-nun geniş ikitərəfli əməkdaşlığa malik olduğu ölkələrdən biri də Almaniyadır. Hər il onlarla tələbə təhsil almaq, təcrübə keçmək, bilik və bacarıqlarını artırmaq məqsədi ilə bu ölkənin müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələrinə göndərilir. Hazırda Almaniyanın aqrar sahə üzrə kadr hazırlığı ilə məşğul olan 10-a yaxın ali təhsil müəssisəsi ilə geniş ikitərəfli əlaqələri mövcuddur. Bu universitetlərdən Münhen Texniki Universiteti, Vaynştefan Trizdorf Tətbiqi Elmlər,Gottingen Universiteti, Giessen Universiteti, Qrayfsvald Universiteti və digərləridir. Bundan başqa, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması məqsədi ilə universitet Almaniyanın bir neçə təcrübə təşkilatları ilə əməkdaşlıq edir. Bunlara DEULA, LOGO, PRAXX, Getec-Solutions, Apollo və Intership International təşkilatları daxildir. Almaniyanın ən böyük təqaüd təşkilatı olan DAAD (Alman Akademik Mübadilə xidməti) ilə də əlaqələrin genişləndirilməsi istiqamətində bir çox işlər görülür, o cümlədən tələbələrin yay dil kurslarında iştirakının təmin olunması üçün köməklik göstərilir.
ADAU alman universitetləri ilə birgə tədqiqat layihələri də həyata keçirir. Bu layihələrə misal olaraq Grayfsvald Universiteti ilə birgə reallaşdırılmış “Qafqazda Azərbaycan və Gürcüstanda yay-qış otlaqlarının idarə edilməsi” mövzusunda tədqiqat layihəsini göstərmək olar.
2018-ci ilin iyun ayının 22-26-i tarixlərində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Almaniyanın Vaynştefan Trierzdorf Universitetində səfərdə olub. Səfərin əsas məqsədi 20 ildən artıq bir müddətdə mövcud olan əlaqələrin genişləndirilməsi istiqamətində işləri gücləndirmək, bakalavriat səviyyəsində “Menecment (alman proqramı)” və magistratura səviyyəsində MBA (alman proqramı) ixtisasılarının beynəlxalq akkreditasiyasını müzakirə etməkdən ibarət olmuşdur. Səfər çərçivəsində rektor burada təhsil alan ADAU-nun 15 tələbəsi ilə görüşmüş, onların yaşayış və məişət şəraiti ilə tanış olmuşdur. İyun ayının 24-də rektorların görüşündə Özbəkistanın Daşkənd Dövlət Aqrar Universiteti, Əndican Kənd Təsərrüfatı İnstitutu, Ukraynanın Sumı Milli Aqrar Univeristeti və Serbiyanın Nova Pazar Dövlət Universiteti ilə əməkdaşlıq müqavilələri imzalanmışdır.
Ukraynanın Sumı Milli Aqrar Univeristetinin rektoru, akademik Vladimir Ladıko ilə imzalanmış əməkdaşlıq müqaviləsinin icrası məqsədilə qeyd olunan universitetə işgüzar səfər təşkil olunmuşdur. Səfər çərçivəsində ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, elm şöbəsinin müdiri Maqsud Vəliyev, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevil Həsənova qeyd olunan universitetdə tədris prosesinin təşkili, hər iki ali təhsil müəssisəsində magistratura səviyyəsində kadr hazırığı aparılan MBA (alman proqramı) ixtisas üzrə tədris planlarının uyğunluğu, müəllim və tələbələrin mübadiləsi, qeyd olunan proqramın beynəlxalq akkreditasiyası, bütövlükdə universitetdə tədris prosesi, beynəlxalq əlaqələr, elmmetrik jurnallarda məqalələrin nəşri, məktəb-kollec-universitet sxemi üzrə təhsilin təşkili, universitetin maddi-texniki bazası, tələbələrin asudə vaxtının təşkili ilə tanış olmuşlar. ADAU haqqında olan təqdimatlar, aparılan müzakirələr universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə, tələbə mübadiləsinə böyük maraq yaratmışdır. Hazırda növbəti semestrdə qeyd olunan universitetlə tələbə mübadiləsinin həyata keçirilməsi planlaşdırılır.
Universitetdə çalışan əməkdaşların, təhsil alan tələbələrin mübadilə proqramlarında fəal iştirakı onların xarici dil biliklərinin səviyyəsindən əhəmiyyətli dərəcədə asılıdır. Bu məqsədlə universitet rektorunun müvafiq əmri ilə ödənişsiz xarici dil qrupları təşkil olunur. Bundan başqa, 2018-ci ildə ADAU və British Council-Birləşmiş Krallığın mədəniyyət üzrə əlaqələr və təhsil imkanları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatı beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə universitetin müəllimlərinin və tələbələrinin bir qrupunun İELTS imtahanı təşkil olunmuşdur. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun müvafiq əmri ilə imtahanı müvəffəqiyyətlə vermiş müəllimlərin ödənişinin 50 faizi, tələbələrin ödənişinin 100 faizi unversitetin büdcədənkənar vəsaiti hesabına ödənilmişdir.
Azərbaycan Kənd Təsərrüfatı Tədris və İnkişaf Mərkəzi (AgroCenter) və ADAU arasında bağlanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq universitetdə tələbələr üçün təşkil edilmiş kənd təsərrüfatı sahələri üzrə Glimmer tədris təkmilləşdirmə proqramının tərəfdaşlarından biri ABŞ-n Texas A&M Universitetidir. Əməkdaşlıq çərçivəsində Texas A&M Universitetinə bir müəllimin və üç tələbənin səfəri təşkil olunmuşdur.
ADAU-nun Çin Xalq Respublikasının müvafiq ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq əlaqələri də inkişaf edir. Bu ölkənin Bakıdakı səfirliyi ilə əməkdaşlıq çərçivəsində son illərdə universitetin 40-a yaxın əməkdaşı bu ölkədə keçirilən təlimlərdə iştirak etmiş, ADAU-nun mühəndislik fakültəsində kompyuterlərlə təchiz olunmuş xüsusi auditoriya yaradılmış, ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Vey Cinhua universitetə səfər etmişdir.
2018-ci ilin 27-30 noyabr tarixlərində ÇXR-in Şandon İpəkçilik İnstitutunun 5 əməkdaşı ADAU ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin, o cümlədən professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi, habelə ölkəmizdə ipəkçilik təsərrüfatları ilə yaxından tanış olmaq məqsədilə universitetə səfər etmişlər. 1903-cü ildə əsası qoyulmuş, özündə 16 idarəetmə bölməsini, 22 elmi-tədqiqat institutunu, 18 akademik bölməni və 1 post doktorantura stansiyasını özündə birləşdirən Şandon Kənd Təsərrüfatı Elmləri Akademiyası ilə ADAU arasında 2017-ci ildə əməkdaşlıq memorandumu imzalanmışdır. Akademiyanın İpəkçilik İnstitutunun əsası 1959-cu ildə qoyulmuşdur. İnstitut Şandon əyalətində ipəkçilik sahəsinin innovasiyalı inkişafı ilə məşğul olan yeganə müəssisədir.
Hazırda universitetin beynəlxalq əlaqələrinin əsas hədəflərinə beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi, kurikulumların yenilənməsi işinin davam etdirilməsi, daha çox əcnəbi tələbələrin cəlb edilməsi, eləcə də xarici ölkələrə göndərilən ADAU tələbələrin sayının artırılması, yeni mübadilə proqramlarına qoşulmaq, beynəlxalq səviyyəli birgə elmi-tədqiqat layihələrini həyata keçirmək və digər işləri görməkdir. Əminik ki, ADAU-nun beynəlxalq əlaqələrinin inkişafı onun beynəlxalq nüfuzunun daha da artmasına, milli və dünya əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasına töhfələrini verəcəkdir.
Anar Hətəmov, ADAU-nun tədris işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent.