Hər bir dövlətin dünya düzənindəki yeri və rolu ilk növbədə onun xarici siyasətini səciyyələndirən amillər, beynəlxalq və regional qurumlardakı fəaliyyəti, habelə demokratik dəyərlərə münasibəti ilə bağlıdır. Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Cənubi Qafqaz geosiyasi məkanında aparıcı dövlət kimi çıxış edən ölkəmiz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası nəticəsində həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir, regional miqyaslı, qlobal xarakterli əməkdaşlıq platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir dövlətdən və beynəlxalq qurumdan asılı olmayan Azərbaycan artıq bu gün regional aktordan beynəlxalq strateji tərəfdaşa çevrilməkdədir.
Məhz bunun nəticəsidir ki, dövlətimizin xarici siyasət kursunun nəticələri beynəlxalq miqyasda təqdir olunur. Belə ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə regional miqyaslı və böyük strateji layihələrin reallaşdırılıması, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmlənməsi məhz həyata keçirilən praqmatik xarici siyasətin pozitiv göstəricisidir. Bu gün Azərbaycan qlobal xarakterli taleyüklü məsələlərin həllində aktiv iştirak edir. Buna zəmin yaradan əsas siyasi-strateji faktorlardan biri Azərbaycanın qlobal tribuna rolunu oynayan beynəlxalq qurumlarda uğurla təmsil olunmasıdır. Ölkəmizin 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsi və quruma 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında sədrlik etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi rasional xarici siyasət kursunun məntiqi nəticəsi kimi qəbul olunmalıdır.
Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında bu təşkilata sədrliyin Azərbaycana keçməsi ilə BMT Təhlükəsizlik Şurasına iki illik üzvlükdən sonra Azərbaycan diplomatiyası tarixinə daha bir uğurlu səhifə yazıldı. Azərbaycan 6 aylıq sədrliyi müddətində Avropa Şurasının məqsədlərinin təşviq edilməsində əhəmiyyətli səylər göstərdi, əsas tutduğu prioritetlər bu dönəmin kifayət qədər səmərəli olmasını təmin etdi. Çünki burada müəyyən olunmuş istiqamətlər bütün dünya, o cümlədən ölkəmiz və sözügedən təşkilat üçün kifayət qədər aktualdır. Bu kontekstdə Azərbaycan Avropa Şurasının təməl prinsipləri olan insan hüquqlarına, qanunun aliliyinə və demokratiyaya güclü dəstək vermiş, Avropada təhlükəsizlik və sabitlik sahəsindəki mövcud problemlərə, korrupsiya ilə mübarizədə səmərəli əməkdaşlığa, cəmiyyətlərin həssas təbəqəsi olan qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsinə ciddi diqqət yetirmiş, mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada diskriminasiya və dözümsüzlüklə mübarizəyə yardım etmiş, təhsilli və məsuliyyətli gənclər nəslinin tərbiyəsinə xüsusi önəm vermiş, siyasi islahatların həyata keçirilməsi hədəfini yekdilliklə və güclü şəkildə dəstəkləmişdir. Beləliklə də, Avropa Şurasının yaradılmasının 65-ci ildönümünün qeyd edildiyi bir vaxtda bu təşkilatın Nazirlər Komitəsinə sədrliyi üzərinə götürən Azərbaycan müəyyənləşdirdiyi hədəflərə nail olmuşdur.
Azərbaycan nümayəndə heyətlərinin AŞ, ATƏT, QİƏT və digər beynəlxalq və regional təşkilatların strukturlarında fəal şəkildə təmsil olunması, nümayəndələrimizin yüksək vəzifələrə seçilməsi də məhz bu qəbildəndir. Parlamentarilərimizin mötəbər tribunalarda aparıcı mövqe əldə etmələri eyni zamanda Azərbaycan siyasətçisinin və ziyalısının mədəniyyətini, intellektini, müasir dünyagörüşünü və praqmatik baxışlarını səciyyələndirən obyektiv amildir. Milli Məclisin beynəlxalq əlaqələrinin və xüsusilə digər ölkələrin parlamentləri ilə sıx təmasını təmin etmək məqsədilə yaradılmış dostluq qruplarının fəaliyyəti də bu mənada təqdirəlayiqdir.
Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə paralel olaraq bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa və təhlükəsizliyə mühüm töhfələr verir. Bu kontekstdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Məlum olduğu kimi, 2013-cü il Azərbaycanın enerji siyasətində böyük uğurlarla yadda qaldı. “Əsrin müqaviləsi”nin imzalandığı dövrdən etibarən dünyada əsasən neft ölkəsi kimi tanınan Azərbaycan yaxın tarixdə atdığı addımlarla beynəlxalq aləmdə enerji təhlükəsizliyinin sanballı təminatçılarından biri kimi özünü təsdiq etdi. Məsələn, 2013-cü ildə Azərbaycan qaz ixracatçısı kimi regional və beynəlxalq təhlükəsizlikdə mühüm rol oynadığını bir daha sübuta yetirdi. Bu istiqamətdə ilk böyük nailiyyət 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” (BTƏ) qaz kəmərinin istifadəyə verilməsi idi. Bu baxımdan, Avropanın “mavi yanacaq” bazarlarında əsas iştirakçılardan birinə çevrilmək niyyətində olan Azərbaycanın təşəbbüsü ilə qəbul olunan Trans Adriatik boru kəməri (TAP) və Trans-Anadolu qaz kəməri (TANAP) layihələri həm ölkəmizin, həm də qitə dövlətlərinin enerji maraqlarına cavab verir. Bu, Azərbaycanın Avropanın ən yaxın və etibarlı enerji tərəfdaşı olmasının daha bir təsdiqidir. Eyni zamanda, TANAP layihəsi Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaratmış olur. Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsi ilə Şərq-Qərb enerji dəhlizinin formalaşmasında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artacaq.
Cəmilə İmanova,
Masallı rayonu, Göyəçöl kənd sakini.