Aynurə İnci – Uşaqlığımla söhbət

Gənc şair Aynurə İncinin son dövrlərdə yazdığı 3 şeiri, əsas da “UŞAQLIĞIMLA SÖHBƏT” şeiri mənə çox maraqlı gəldi. Bu şeirdə uşaqlığın abu-havasını, həsrətini çox gözəl təsvir edib. Şairimizə yaradıcılıq uğurları arzulayıram!

UŞAQLIĞIMLA SÖHBƏT

Salam uşaqlığım, bir az dərdləşək,
Gənclik illərində axtardım səni.
Xeyli uzaq düşdük, zaman ötdükcə,
Çoxmu dəyişmişəm? Unutdun məni?
Yadına düşürmü sənlə dost idik,
Onda dəcəl idim, çox tez küsərdim.
Atam aldıqları gəlinciklərin,
Sənin istəyinlə saçın kəsərdim.
Hər sabah qol-boyun atılıb-düşə,
Gedərdik çəmənə gül toxumağa.
Müəllim tapşırıq verdiyi zaman,
Qoymazdın rahatca dərs oxumağa.
Sabaha atdıqca addımlarımı,
Mənimlə gəlmədin dünəndə qaldın.
Dönmək istəsəm də sənli günlərə,
Dönüb xatirəyə əlçatmaz oldun.
QOCALIĞA TƏLƏSİR
Fikirlər saçımtək dolaşıq düşüb ,
Külək sığal çəkib darıya bilmir.
Xəyalım gerçəklə qarışıq düşüb,
Yoxluqda varlığı araya bilmir.
Köksüm məskənidir kədərin, qəmin,
Qayğısız günlərim əlçatmaz oldu.
Ümidlər, arzular yorğun həmdəmim,
Sevincim yadlaşdı, dilyatmaz oldu.
Qırılıb, sökülüb talandı ürək,
Hisslərim dolanır başlı-başına.
Nə tez çatdırmısan ömrümü, fələk,
Yazı qurtarmamış qarlı qışına?
Günlərim aylara calanıb gedir,
Kövrək ürəyimdə neçə tel əsir.
İllər gəncliyimdə talanıb gedir,
Ömür qocalığa yaman tələsir…
QƏM ƏSƏRİ
İstədim ki, gəncliyimi,
Qəmli notlar üzərində,
Əsər edib bəstələyim.
Keçmişimə səpələnmiş,
Xatirələr toxumunu,
Çiçək-çiçək dəstələyim.
Həzin -həzin dinləyərək,
Dönüm ötən illərimə.
Yel qanadlı uçub gedib,
Gözdən itən illərimə.
Qəlb tarımın kökü azdı,
Götürmədi qəm yükümü.
Kirpiyimdə edam olan,
Gözlərimin nəm yükünü.
Yazammadım sətirlərə,
Bəxtimdəki kəm-kəsəri.
Sığışmadı yeddi nota,
Həyatımın “qəm əsəri”.
İşıq üzü görəmmədi,
Taleyimin qəm bəstəsi.
Əsir qaldı ürəyimdə,
“Küskün könlün “ şikəstəsi…

2 Comments on “Aynurə İnci – Uşaqlığımla söhbət”

  1. “Mənimlə getmədin dünəndə qaldın”–nə gözəl söyləmiş şairəmiz,keçmişdə qalmış uşaqlığımızı…
    “Ömür qocalığa yaman tələsir”…
    Sözləri inci kimi sapa düzən şairə,qələmin yorulmasın,ruhun qocalmasın,yazıb-yaratmaq həvəsin tükənməsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.