Axı Aztv. news bizdən niyə küsüb?

Bu gün milli mətbuatdan demək olar ki, hamı gileylidir. Cansıxıcı verilişlər, yeksənək yazılar, insanların psixikasına öldürücü zərbə vuran “məlumat”lar… Hər şeydən əsası da hamını boğaza yığan “müxbir”lər.. Bu səbəbdən insanları çox düşündürən bir sual da var:- Milli mətbuatımız niyə bu gündədir?
Düşünən beyinlər bu suala təqribi də olsa, cavab bilir. -Dövlətimiz humanizm prinsiprləri mövqeyindən çıxış edir və milli mətbuata soxulmuş insanların əksəriyyətinə humanizm nümayiş etdirir. 
Belə bir məqamda mətbuatda anarxiya və xaos da qaçılmaz görsənir. Bəs necə, axı, bu şəraitdə əsl yazarlar təhqir və özbaşınalıqlardan necə sığortalanmalıdır? Onsuz da onlarla uzun mübarizədən yorulmuş  yazarlar mətbuatın “Don Kixot”larından necə özünü qorumalıdır?  Gündən – günə azğınlaşan bu insanlar (onların böyük hissəsi artıq insanlığını da itirib) arasında Aztv. news saytının nümayəndələri də vardır. Nə qədər yazılsa da, onlar öz yollarından dönən deyillər. Çünki, elə onlar özlərini əsl mətbuatın nümayəndəsi sayır və özlərini də insanlara belə qələmə verirlər. 
Bu gün bizlərə də zəng edib, mətbuatın işinin məhz nədən ibarət olduğunu bizə “özünəməxsus tərz”də “başa salmağa” çalışdılar… Və bizdən möhkəm incidiklərini bildirdilər. Biz də öz növbəmizdə bu ….rə heç nə başa sala bilmədiyimiz səbəbindən onlar haqqında portalımızda gedən yazıları sizin ixtiyarınıza verməli olduq.
Əlbəttə, bunlar oxucu üçün çox uzun bir yazı kimi görsənəcək. Amma, oxumağı məsləhət görərdik. Bu yazılarda sizi düşündürən bir çox suallara cavab tapa biləcəksiniz.
Onu da bildirək ki, bu yazılar dərc olunandan sonra aidiyyati idarə və qurumlara göndərilmişdir. Əfsuslar olsun ki, bu saytdan  “Girdirmə mükafatlar”ı qəbul etmiş idarə və müəssisə rəhbərlərinin birindən olsa belə, cavab almağa müəssər olmamışıq.  Heç gözləmirik də. Çünki. onların elə bu cür mətbuat nümayəndələrinə ehtiyacı vardır…
Sonda  şərhlərinizi görmək xoş olardı.   
                                                  I YAZI
“Mətbuatın dostu” mükafatı və “Medya” ilə dost olan məmurlar.

Bu gün jurnalist-mətbuat münasibətlərində həqiqətən də bir uçurum mövcuddur. Vətəndaşların müəyyən hissəsi, xüsusilə də məmurlar mətbuat işçilərindən kənar gəzməyi üstün tutur, onları sözün əsl mənasında özlərinə bir “təhlükə mənbəyi” hesab edirlər. Bununla belə, bir çox məmurların iş otaqları KİV-rin, əslində isə mətbuatı deyil, allah bilir kimi və nəyi təmsil edən insanların təqdim etdikləri Fəxri Fərman və Diplomlar ilə bəzənib. Bu mükafatları böyük məbləğdə pul müqabilində məmurlara paylayan mətbu orqanlarının əməkdaşlarının çoxu heç mətbuat işçisi adını daşımağa layiq deyil, yaxud da sadəcə,  insanların bir çoxu  bu mükafatları təmsil edən sənədlərdə (bəli, məhz sənədlərdə) yazılan cəhət və keyfiyyətlərdən məhrumdurlar. Əlbəttə ki, bu amil yalnız onlara aid olan məsələdir və kənar şəxslərin də bu işə müdaxilə etməsi artıq görsənərdi. Əgər Əlahəzrət Mətbuatın adından sui-istifadə olmasaydı.

Son dövrlər müxtəlif qəzet və saytlar tərəfindən verilən bu sənədlərin arasında “Mətbuatın dostu” adlanan mükafat da vardır. “Mətbuatın dostu” anlayışı geniş bir məhfumdur. Özünü mətbuat işçisi adlandıran və mətbuatın adından bu mükafatı təsis edən insanlar ilk növbədə mətbuat işçisi kriteriyalarına da uyğun gəlməli, sözün əsl mənasında, bu işə mənəvi haqqı olmalıdır ( Mükafat üzərində “Mətbuatın dostu” sözləri həkk edilmiş, lakin məhz kimin və nəyin nəzərdə tutulduğu məlum olmayan büstdən və şüşə çərçivəyə alınmış Fəxri Fərmandan ibarətdir).

Əslində bu, belədirmi?

Mövzu ilə bağlı dəfələrlə çıxış etdiyimizdən yazının ilk variantında ətraflı izaha ehtiyac görməmişdik. Əgər saytın rəsmi internet səhifəsi kiberhücum nəticəsində dağıdılmasaydı… Əlbəttə ki, bu iş özünü mətbuat işçisi adlandıran, əslində cinayət törətməkdən başqa əlindən bir iş gəlməyən insanların əməlidir. Lakin əlimizdə hələki bir sübut olmadığından kiminsə konkret adını çəkməkdən uzağıq. Hələ ki…

Hələ bir neçə ay bundan əvvəl Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov “Mətbuat və Mətbuat Şurasının dostu” adlı mükafatın paylandığı barədə yayılan xəbərə münasibət bildirmişdi: – “Qətiyyətlə bildiririk ki, bu cür saxtakarlığa yol verən, Mətbuat Şurasının cəmiyyətdəki nüfuzuna xələl gətirməyə çalışan şəxslər qanunlarımız çərçivəsində cəzalanacaqlar. Təəssüf ki, dələduz təfəkkürün məhsulu kimi meydana çıxdığı şübhə doğurmayan belə neqativ nümunələri Mətbuat Şurasına ünvanlamış sətiraltı ifadələrlə, eyhamlarla bəzəyərək cəmiyyətə çatdırmaq yolu tutanlar da var. Heç şübhəsiz ki, dələduzlar ifşa olunmaqla öz layiqli cəzalarını alacaqlar.” Əflatun Amaşovun çıxışından sitat gətirməklə bir çox mətləbləri sizin nəzərinizə çatdırmaq istəyim var. Həmin dövrdə mən də “Gəlin ədalətli olaq!” başlıqlı yazı ilə çıxış etmiş, məmurları da bu mükafatın saxta olduğunu bilə-bilə alıb, öz iş masasının üstündə saxladığını qınamışdım. Əsl mətbuat işçilərinə nifrətlə və rişxəndlə yanaşan insanların belə saxta mükafatlara olan məhəbbəti başa düşülməzdir. Digər tərəfdən, həmin saxta mükafatları paylayan insanların bir çoxu öz layiqli cəzasını alsa da, onların bəzi şərikləri bu gün “Mətbuatın dostu” mükafatını “ təsis etməklə” yenə də gündəmdədir.  Onlar “AZTV.news” saytının bir neçə işçisi- mətbuata heç bir hörmət gətirməyən, heç bir yazısı ilə gündəmə gəlməyən, yalnız fəxri fərman və diplomlar satmaq, üstəlik zorla satmaq üzrə mütəxəssislərdir. Biz “ AZTV. News”-in rəhbərliyinin əleyhinə deyilik,  əməllərini qınayırıq.

Mətbuat işini məmurlara mükafatlar bağışlamaq, yaxud satmaqla bitmiş hesab edənlər bunun məsuliyyətini də anlamamış deyillər. Hörmətli Əflatun Amaşovun nəzərdə tutduğu, elə bizim də adını çəkmək istəmədiyimiz insanlar eynidir. Necə deyərlər, köhnə hamam, köhnə tas…

Söhbətin digər mövzusu onlardan bu mükafatları qəbul etmiş dövlət məmurlarının mətbuata nə dərəcədə dost olması, üstəlik , bu dost adına nə qədər layiq olmasıdır. Onlar həqiqətən də mətbuatın dostlarıdırmı? Ümumiyyətlə, mətbuat dedikdə onlar məhz nəyi nəzərdə tuturlar və müasir mətbuat haqqında hansı bilgilərə malikdirlər?

Bu kimi suallarla bağlı “Mətbuatın dostu” mükafatına layiq görülmüş təhsil işçilərindən biri, Gəncə şəhər  32 saylı tam orta məktəbin direktoru Tutu Hüseynovaya müraciət etdik. Onu da bildirmək istərdim ki, mən bu məktəbdən internet televiziya üçün çəkilmiş bir filmin ssenaristi və məktəbin uğurlu işi barədə bir neçə məqalə hazırlamış yazar kimi bəzi suallara asanlıqla cavab alacağımı düşünürdüm. Lakin bu dəfə aldığı mükafat haqqında əfsanəvi, həqiqətlə heç cür uzlaşmayan fikirlər söyləyən, mükafatın verilməsinin və alınmasının əsl səbəblərindən başqa istənilən mövzuda danışan və reklam olunmasını istəmədiyini bildirən xanım direktor mətbuata ənənəvi münasibətdən kənara çıxa bilmədi. Biz ondan heç bir açıqlama ala bilməyəcəyimizi başa düşdüyümüz  və Reklam İdarəsinin işçisi olmadığımız səbəbindən bu mükafatı təsis  etmiş AZTV. news saytının rəsmi səhifəsində cavab axtarmağı qərara aldıq. Üstəlik, saytın bu mükafatı daha bir neçə məmura və ziyalıya “pay etdiyi ” məlumatına da malik olduq (Onların sayı həqiqətən də çoxdur). Cəmi bir neçə cümlə ilə bu xəbəri paylaşan sayt buraxdığı qrammatik və orfoqrafik səhvlər ilə nəzəri cəlb etdi. Bu səhvlər eyni qaydada hər bir xəbərin altında təkrar olunub. Sanki saytın söz xəzinəsi yalnız elə bu rabitəsiz fikirlərdən və düzgün yazılmamış sözlərdən ibarətmiş. Bu hal… həqiqətən də bizim gülüşümüzə səbəb oldu. Media ilə “Medya”nı, qəzet ilə “qəzət”i  dəyişik salan, müəllim əvəzinə “muellim” yazan , adi sözlərin yazılış qaydalarını belə bilməyən saytın məmurları “Mətbuatın dostu” mükafatı atəşinə tutmasında qeyri-adi heç nə görmədik. Necə deyərlər- istədiyin yar idi, yetirdi pərvərdigar!. .Mətbuatımız belə işçilərlə doludur və belə getsə, bir-iki ilə elə yalnız onlardan ibarət olacaqdır. Bəs, ziyalılarımız niyə və necə medianın yox, “Medya”nın dostlarına çevrilirlər? Bax, bunu əsl medianı təmsil edən şəxslərə heç kim demək fikrində deyil.

Tutu müəlliməyə verilmiş “təbrik sənəd”indən sitat: Tutu  müəllimə  dəfələrlə Jurnal ve Qəzət Redaksiyalarının kollektivləri  tərəfindən  Medya mükafatlarına layiq görülübdür.

Məsələnin ən gülməli və ağlamalı hissəsi isə bu mükafatı “bəh-bəh”lə qəbul etmiş ziyalı bir qadının orta məktəb direktoru olmasıdır. Bu işdə onu həqiqətən də zərərçəkmiş hesab etmək olar. Günahı isə yalnız ona göstərilən diqqətə hörmətlə cavab verməsidir…

Mövzuya qayıdacağıq…

                                         II YAZI

Kobud direktor, qabiliyyətsiz mətbuat işçiləri. Kimdir günahkar?!.

KİV səhifələri çox vaxt kimə və ya nəyə ünvanlandığı  bilinməyən yazılar ilə dolu olur. Biz əvvəllər də belə mövzulara tez-tez müraciət etmişik. KİV nümayəndələrini yazıları hazırlayarkən daha diqqətli olmağa, insanlara hörmət və qayğı ilə yanaşmağa çağırmışıq. Bu dəfə AZTV.news  saytında gedən material isə diqqətimizi daha çox cəlb etdi. Əslində bu,  bir məktəbdən aparılan adi bir çəkiliş idi. Üslubuna görə onu heç bir janra bənzətmək də mümkün deyildi. Sadəcə, kortəbii surətdə aparılan və elə də saytda yerləşdirilən kadrlardı. Amma, bununla belə, orijinallığı ilə seçilirdi. Yəqin ki, kadrlarda əksini tapan hallar bunu lentə alan insanların da hiddətinə səbəb olmuşdu. Axı, əslində nə baş vermişdi ki, jurnalistlər məktəbdə gördükləri hər neqativ halı hiddətlə lentə almışdılar? Dəfələrlə məlum saytın rəhbərliyinə müraciət etsək də, nə kəndin adını, nədə ki, olayın əsl səbəbini və günahkarın adını öyrənə bilmədik. Bu kadrlar da artıq saytdan silinmişdi. Nəhayət, bu kadrları digər saytların səhifəsində tapa və bunun harada baş verdiyini öyrənə bildik. Bu əhvalat bir vaxtlar özümüzün düşdüyü vəziyyətlə haradasa eynilik təşkil etdiyindən,  bu olayın qəhrəmanları olmuş həmin ”jurnalist”lərə ürəyimdə bir az haqq da qazandırmalı oldum. Başa düşdüm ki, bu olayda da məhz direktor öz etinasızlığı ilə seçilib. Maraqlıdır, görəsən o, məktəbə təşrif buyurmuş bütün insanlarla həmişəmi belə davranır? Öyrənmək pis olmazdı.

Bir vaxtlar olayın baş verdiyi Mahir Aydınov adına Samux rayon Salahlı kənd ümumi orta məktəbdə olmuş və internet televiziya üçün çəkilişlər aparmışdıq. O dövrdə məktəbin mövcud şəraiti bizi həqiqətən də heyran etmişdi. Elə ilk andan məktəbdəki səliqə-sahman diqqətimizi cəlb etdi. Müasir tələblərə cavab verən, zövqlə hazırlanmış dərs otaqları, yüksək peşəkarlığa malik müəllimlər, kompüterlərlə təhciz edilmiş informatika otağı… Bir sözlə, ucqar bir kənddə belə bir təhsil ocağının olması bizi elə sevindirmişdi ki!

Məktəbin direktoru Zeynal Orucov elə o vaxt da kamera qarşısında durmaq həvəsini nümayiş etdirməmişdi. Gənc bir müəllim fəallıq göstərərk, onun əvəzində çalışdığı təhsil ocağı barədə bizə məlumatlar verirdi. Biz onda Zeynal müəllimin hərəkətini pis yerə yozmadıq. Düşündük ki, müəllim yəqin ki, “forma”da deyil, danışmağa həvəsi yoxdur. Gənc müəllim isə dövlətimizə bu kəndə belə bir abad məktəb tikib hədiyyə etdiyinə görə ürək dolusu sözlər söylədi. Kollektiv adından dövlətə öz təşəkkürünü bildirdi. Həmin vaxt Zeynal Orucov öz kabinetində bir həmkəndlisi ilə çay içir və kresloya yayxanaraq, şövqlə hansısa bir hadisəni nəql edirdi. Sanki, heç mətbuat işçiləri bu məktəbdə çəkiliş aparmırdılar və sanki bizim gəlişimizin ona heç bir aidiyyatı da yox idi. Gənc müəllim isə öz direktorunu sanki, vəziyyətdən çıxarmaq üçün həvəslə danışırdı:- Kəndimiz Gürcüstan respublikası ilə 17 kilometr uzunluğunda sərhəd zolağına malikdir. 700 nəfər əhalisi vardır. Məktəbimizdə 74 şagird təhsil alır. 16  müəllim onların təlim-tərbiyəsi ilə məşğuldur. Bizim məqsədimiz budur ki, dövlətimizin bizə göstərdiyi bu diqqət və qayğıya öz səmərəli işimizlə cavab verək…Tədrisin səviyyəsinin yüksəldilməsində böyük nailiyyətlər əldə etməyə çalışırıq”… – gənc müəllim bildirirdi.

Əlbəttə ki, o, fikirlərində və niyyətində dürüst idi və səmimi idi. Bizi sinif otaqlarına aparırdı, müəllimlər ilə tanış edirdi, onların işi barəsində geniş məlumat verirdi. Direktor isə hələ də həmkəndlisi ilə şirin-şirin söhbət edirdi. Çəkilişdə iştirak etmək çağırışımızı ona çatdırmaq üçün gedən həmkarımız isə hər dəfə gülə-gülə gəlib, “hələ söhbətin şirin yerindədirlər”- deyirdi.

Məktəbdən götürdüyümüz kadrlar öz orijinallığı ilə indi də insanı valeh edir. Bu kadrlar hələ də arxivimizdə qalmaqdadır. Həqiqətən də Salahlı kəndi belə abad və gözəl məktəbə malik olduğu üçün fəxr edə bilərdi. İndi də belədirmi? Yaxınlarda oradan çəkilən kadrlar isə məktəbdə hər şeyin daha ürəkaçan olmadığını sübut edir. İş o yerə çatıb ki, bu olayın həllinə hətta Təhsil Nazirliyi belə qarışmalı olub. Samux rayon Təhsil Şöbəsindən aldığımız məlumata görə Zeynal Orucov nazirliyin töhməti ilə “mükafatlandırılıb”.

Bəs ,əslində bu məktəbdə nə baş vermişdi ki, saytın əməkdaşları qəzəbini bu yolla  soyutmalı olmuşdu? Yəqin ki, kobud və hər şeyə biganə direktor, nə də ki, super saytın super əməkdaşları bu münaqişənin əsl səbəbini heç vaxt açıqlamayacaqdır. Buna tutarlı səbəbləri də vardır. Çünki, birinci tərəf mətbuatla necə davranmağın, digər tərəf isə mətbuatın işinin məhz nədən ibarət  olduğunun fərqində deyildir!  Əgər olayın əsl səbəbi nə vaxtsa açıqlansa, hər iki tərəfi yenə də hansısa qurumun “mükafat”I gözləyə bilər.

P.S. Samux rayon Təhsil Şöbəsində Zeynal Orucovdan bu olay barədə məlumat almaq istəyimiz isə, yenə də nəticəsiz qaldı. –“Əşşi, bunun nəyə xeyri var e..” deyib ildırım surətilə uzaqlaşdı. Rayon Təhsil Şöbəsinin rəhbəri Gülağa Hüseynovun onu geri qaytarmaq cəhdilə vurduğu zəng də bir nəticə vermədı. –“Artıq Gəncədəyəm” – dedi.

Yenə də məktəbin həmin səmimi gənc müəllimi yadımıza düşdü. Yanımızda olsaydı, məktəbdə tədris işinin təşkili barədə söhbətimizi yenə də davam etdirərdik.- qəlbimizdən keçdi…

Mövzuya qayıdacağıq.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

                                              III YAZI

Aztv.news-in “dəlixana” səfəri və “İlin həkimi” mükafatı.

Bu mövzuda əvvəllər də yazmışıq, indi də yazırıq. Yəqin ki, sonralar da yazacağıq… Nöşün ki, onsuz da bu işə çarə axtaran birisi tapılmayacaq. Bilsək ki, onlara bir “xətər toxunduran” olacaq, heç yazmarıq. Nə çox avam adam, sadəlövh, mükafatbaz, tərifbaz… Qoy dolansın bu sayt. Dünyanın axırı zadı deyil ki!

Təəssüf doğuran hal odur ki, bunlara aldanan insanlar arasında həqiqətən də gözəl ziyalılarımız, həkimlərimiz, müxtəlif peşə sahibləri vardır! Belə insanlardan biri də Gəncə şəhərində fəaliyyət göstərən Psixiatriya xəstəxanasının baş həkimi Elmira Mirzəyevadır.

Aztv.news bir modern tipli portaldır. Heç kimə oxşamaz, öz dəsti-xətti var, adı mediadır, özü bir quldur dəstəsi.

Özünün iş planı, stili, qanunları və hər kvartalda kəşf və təsis etdiyi mükafatları var. Onlar yalnız bunlarla “dolanar”, sayta yalnız bu mükafatlara aldanan həkimlər, pedaqoqlar, avamlar, humanistlər, anarxistlər, kommunustlər… düşər. Bir sözlə, kimlərə bu saytda rast gəlməzsən. Mükafat almaq üçün pula simiclik etməyənlərin hamısı burda.

Heç nə veclərinə olmaz, hamını barmaqlarına dolayarlar, başlarını tovlayarlar, ağıllarını başlarından alarlar… nə bilim nə edərlər, bir sözlə, mətbuat işindən başqa nə işlə desən məşğul olarlar.

Çünki, ağıllı adamlardı. Neynirlər əsər yazmağı, məqalə üzərində işləməyi, film çəkməyi? Gündə birinə bir “mükafat” sırıyarlar, vəssalam. Bilirlər ki, onsuz da onlara bir söz deyən tapılmayacaq, heç kim danlamayacaq, onlaru tutmayacaq, pulsuz-parasız da yola salmayacaq… nə bilim nə olmayacaq… Nöşün ki, “AzTV”-də (AzTV telekanalı yox. Sadəcə adlar oxşardır) işləyirlər.

Boyuna qamışmı ölçüm a mətbuat, yoxsa, gözünə külmü töküm, nə gündəsən sən? Kimlər səni təmsil edir, kimlər başını yerə soxur, kimlər soxulub arana ağac qurdu kimi səni içindən yeyir? Aç bu saytı, gör kimlər var burda, qucağında da mükafat, gözlərində sevinc yaşları, üzündə sevinc dolu təbəssüm.. necə şəkillər var burda, necə sevinirlər, bu mükafatları alanda. Həkimə “hekim”, müəllimə “müellim” yazanlar mükafat verib bunlara! Bəlkə bundan başqa yaxşı heç bir “mükafat” gözləmirlər insanlardan? Bir xəstəyə pulsuz bir arayış belə verməyən həkimlər, adları min cür dolaşıq işlərdə hallanan məmurlar necə də sevinir bu “qayğıya”, bu “diqqətə”!

Sizə nə deyim, a bu millətin mediası, icra hakimiyyəti, nə bilim nəyi?.. Adam da Psixiatriya xəstəxanasına “İlin həkimi” mükafatını verər? Bəlkə, özlərinə aid nəsə görüblər orda?!. Ya da baş həkimi avam, sadəlövh görüblər?

Heç avama oxşamır baş həkim Elmira Mirzəyeva. Avam olsaydı, Aztv adını eşidəndə heç qorxmazdı, zəng vurardı televiziyaya, soruşardı kimdi bunlar, nə üçün çəkiliş aparmaq istəyirlər burda? Və nə iş görmüşəm ki, məni belə ələ salırlar, bu mükafatı kim təsis edib? Nə vaxt edib, nə üçün edib?..

Aydındır ki, yalançı çəkilişlə çox bərk qorxuzublar qadın həkimi, bu media cəngavərləri. Hansı internet televiziyaları var bu “igid”lərin? Harada yerləşir bu televiziya?

Qadını, həkimi aldatmaq nə vaxtdan media işi olub? Bir soruşan gərək onlardan. Soruşan olacaqmı? Heç inanmağımız gəlmir.

Bəlkə insanların özləri aldanmaq istəyir? Bəlkə, bu adamların özləri “sino gedir” belə mükafatlardan ötrü? Hansısa məlumat istəsən, deyərlər, “işıqlanmaq” istəmirəm. “Qaranlıqlatmaq”istəsən, deyər- məhkəməyə verərəm, “xalam oğluna deyərəm başını əzər, bibim oğluna deyərəm qıçını sındırar”! Amma sevinərlər  yalançı mükafatları alanda!

Çətin mövzudu bu. Anlamaq olmur heç bu adamları!..

Ruhulla Zahidov, yazıçı-jurnalist.

One Comment on “Axı Aztv. news bizdən niyə küsüb?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.