Avropalı ekspertlərin Azərbaycana səfəri

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinniq layihəsi çərçivəsində növbəti ekspert missiyası ölkəmizə səfər edib.

Sözügedən layihənin “Təhsil proqramlarının tələbələrə əsaslanan yanaşmanı əks etdirməsi məqsədilə keyfiyyət təminatı sisteminin daha da təkmilləşdirilməsi” adlı  üçüncü komponenti  çərçivəsində ölkəmizə gələn ekspert qrupuna Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin Keyfiyyət mərkəzinin direktoru Yolita Butkiene, həmin ölkənin Vilnüs Gediminas Texniki Universitetinin tədris işləri üzrə prorektoru Nora Skaburskiene və Latviyanın Ali Təhsildə Keyfiyyət Agentliyinin direktor müavini Yolanta Silka daxildir.

Missiyanın məqsədi pilot olaraq seçilmiş ali təhsil müəssisələrini özünütəhlil hesabatlarının yazılması prosesində dəstəkləməkdir. Bu prosesdə universitetlərə Tvinninq layihəsi və Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən geniş dəstək göstərilib.

Missiya zamanı layihənin pilot universitetləri olaraq seçilmiş Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Xəzər Universitetinin müvafiq təhsil proqramları üzrə (kimya mühəndisliyi, kompüter mühəndisliyi, fizika, kompüter elmləri, xarici dil müəllimliyi, informatika/riyaziyyat müəllimliyi) özünütəhlil hesabatları yazmış nümayəndələri ilə görüşlər keçirilib, yazılmış hesabatların ikinci variantı üzərində müzakirələr aparılıb və ekspertlərin tövsiyələri dinlənilib. Hesabatların yekun variantının iyulun ortalarında təhvil verilməsi gözlənilir.

Özünütəhlil hesabatları əsasında həmin pilot universitetlərdə müvafiq ixtisasların bu ilin payızında pilot akkreditasiyasının aparılması gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.