Mərkəzi Seçki Komissiyası ləğv etsin, bir daha yarışaq. Sosial şəbəkədə fırtına yaradırlar! Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər!
Bu sözləri 35 saylı Xətai üçüncü seçki dairəsindən lider olan “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu sosial şəbəkə hesabında paylaşıb.
R.Arifoğlu bildirib ki, rəqibi onun qələbəsini qəbullana bilmir:
“Təmiz, halal bir qələbə qazanmışam. Qəbullana bilmirlər. Araz Əlizadəni quzu kimi qəbullamışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər. 5000 səs fərqilə özündən razı rəqibimi qutuda qoymuşam. Qane olmurmu? Qəbul etmirmi? Haydı, mən də razıyam! Bir daha yarışaq! Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan! Heç nə dəyişməyəcək! Yenə udacam!
Hodri meydan! Yarış yenidən başlasın!”