“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirildi

Aprel döyüşlərinin üçüncü ildönümü ilə əlaqədar Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyində “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirildi. Tədbirdə  rayon Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana Sistemi, Mədəniyyət Mərkəzi, 1 saylı orta məktəbin müəllim kollektivi iştirak etmişdir.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri muzeyin direktor əvəzi Ulduz Bağırova açaraq qeyd etdi ki, aprel döyüşlərində digər bölgələr kimi, Biləsuvardan olan gənclər də öz igidlikləri, şəxsi şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətirdilər. Həmin döyüşlərdə Bəxtiyar Hüseynov qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Ordusu müdrik və qətiyyətli sərkərdəmizin cənab Prezident İlham Əliyevin rəhbərliyi altında aprel döyüşlərində qələbə qazandı, düşmənin layiqli dərsini verdi.

Ulduz Bağırova çıxışında uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilməsindən, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışdı. O, Ali Baş Komandanımızın da dəfələrlə dediyi sözləri sitat gətirərək, qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi.

Tədbirin sonunda “Şanlı Aprel” adlı videoçarx nümayiş etdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.