Onu hamı sevir. O hamını, Xalqını, Dövlətini sonsuz məhəbbətlə sevdiyi kimi, hamı da Onu dərin və sonsuz məhəbbətlə sevir.
Doğma Azərbaycanın ən böyük təəssübkeşi, xalqımızın xoşbəxt gələcəyi üçün fədakar çalışqanlığı ilə hər kəsin sevimlisinə çevrilən Mehriban xanım Əliyeva uşaqdan böyüyə qədər hamının qayğısına qalmaq, cəmiyyətimizdəki problemlərin həllinə öz qətiyyəti və cəsarəti ilə nail olmaq kimi çətin və şərəfli missiyanın neçə illərdir ki, daşıyıcısıdır.
25 il əvvəl, 1995-ci ildə Azərbaycanın ictimai, sosial, mədəni həyatında yeni hərəkatın, intibahın müəllifi kimi yeni tariximizdə məsuliyyətli və şərəfli missiyanı başladan Mehriban xanım Əliyeva bu qısa dövr ərzində Azərbaycanın ictimai-siyasi həyatına tamamilə yenilik, müasirlik, fərqlilik və nikbin inkişaf və inanılmaz uğurlar gətirmişdir.
O imza atdığı möhtəşəm layihələrlə ölkə miqyaslı və beynəlxalq səviyyəli olmaqla dünya humanitar intibahında parlaq səhifə açıbdır. Mehriban xanım Əliyevanın ictimai hərəkatın lideri kimi, böyük təşkilatçı və lider qadın kimi Azərbaycanın beynəlxalq imicinin artmasına dərin töhfə verən ictimai instititun yaranmasına səbəb olmuşdur.
Mehriban Əliyevanın UNESKO və İSESKO-nun xoşməramlı səfiri seçilməsi təkcə Azərbaycanın deyil, dünyanın mədəniyyət sahəsinə yeni rəngarənglik, fəqrlilik, estetika, dizayn gətirdi. Mehriban xanım Əliyeva özünün peşəkar fəaliyyəti, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxış bucağı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini başlamışdır. Mehriban xanım bu hərəkat tarixində ilk şəxsiyyətdir ki, onun fəaliyyəti təhsildən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir arealı əhatə edir. Onun çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik, zərif humanizm dayanır.
2004-cü ildə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramını ifadəsi olan möhtəşəm bir ictimai institutun – Heydər Əliyev Fondun yaradılması və bu təşkilatın idarəçiliyinin Mehriban xanıma etibar edilməsi ictimai-siyasi həyatın bütün sahələrinə dərindən nüfuz etməklə dövlət və vətəndaş həmrəylinin bariz nümunəsinə, əsl mərhəmət ünvanına çevrildi, xeyriyyəçilik hərəkatına canlılıq gətirdi.
Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı, yetkinliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Ən başlıcası, Mehriban xanımın qısa zaman kəsiyində bu qədər işin öhdəsindən bacarıqla və yaradıcı şəkildə gəlməsi insanlarda dərin ehtiram hissi doğurur. Təbii ki, Azərbaycanın Birinci xanımının üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməsində Heydər Əliyev ucalığının təcəssümü olan ailəsi onun üçün tükənməz güc mənbəyidir.
Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətini tamamlayan cizgilər kifayət qədər zəngin və dolğundur. O, Milli Məclisin deputatı kimi Azərbaycan dövlətçiliyinin – milli müstəqilliyimizin qorunmasına, ölkəmizin ikitərəfli və çoxtərəfli xarici əlaqələrinin inkişafına, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət edən qərar və qanunların qəbul olunması üçün mühüm təşəbbüslərlə çıxış etmiş, müstəqil Azərbaycanın müasir mənzərəsinin daha da zənginləşməsində müstəsna rol oynamışdır. Mehriban Əliyeva xalqının, millərinin vəkili kimi öz misilsiz ictimai və siyasi fəaliyyəti ilə xalqın seçilmiş nümayəndəsinin, yəni vəzifəsi ilə ona etimad göstərən insanların maraqlarının müdafiəsində dayanan, onların problemlərinin həllinə kömək edən şəxsin təcəssümünə çevrilmişdir.
Onu humanizm və ədalət idealların carşısı, humanist aksiyaların müəllifi kimi tanıyır. Parlamentin qəbul etdiyi Amnistiya aktları məhz Onun adı ilə bağlıdır. 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə irəli sürdüyüm amnistiya aktlarının qəbul edilməsi təşəbbüsünün müəllifi kimi Mehriban xanım milyonların məhəbbət ünvanına çevrilib. Onun amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi böyük mənəvi-əxlaqi və siyasi məzmuna malikdir.
Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyasının Sədrinin müavini kimi fəaliyyəti də Azərbaycanın siyasi həyatında mühüm mərhələ kimi xarakteriz edilə bilər. Partiya strukturunda dəyişiklik hakim partiyanın siyasi gücünün artmasında böyük bir hadisə kimi dəyərləndirilməlidir.
Mehriban Əliyevanın bugünkü ictimai fəaliyyəti İlham Əliyevin uğurla həyata keçirdiyi ümummilli siyasətin ayrılmaz hissəsidir. Mehriban xanım Azərbaycanın Prezidenti İlham Əliyevin ən yaxın və etibarlı silahdaşı olaraq müstəqil və hərtərəfli güclü sabit ölkə olan Azərbaycanın sütunlarını möhkəmləndirməkdə tükənməz əmək sərf edən qadın liderdir.
Onun səmimiyyəti, sadə insanlarla arada heç bir sədd qoymaması, stereotiplərdən uzaqlığı, hər bir insanla mehriban ünsiyyəti, sadə və təvazökarlığı böyük rəğbət doğurur. O, bu barədə fikirlərini bölüşərkən də həddindən artıq səmimidir: “Uğur xatirinə uğur, hakimiyyət xatirinə hakimiyyət və ambisiya mənim üçün heç vaxt aparıcı motiv olmayıb. Əsas məsələ odur ki, ehtiyacı olan insanlara kömək edəsən.
Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər, həqiqətən, baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görür, hər şeyi anlayırlar”.
Onun humanizmi sərhəd tanımır, dünyanın ən ucqar bölgələrində Mehriban Əliyevanın xeyirxahlığından, humanizmindən danışırlar. Bunun nəticəsidir ki, Mehriban xanım 10-larla dövlətin, beynəlxalq təşkilatın ən ali mükafatları, təltiflərinə layiq görülmüşdür.
Çoxşaxəli fəaliyyət və bu fəaliyyətə xalqın tükənməz sevgisi isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı ölkəmizdə dövlət səviyyəsində yüksək vəzifəyə – Azərbaycanın Birinci vitse-prezidenti postuna təyin edilməsində mühüm rol oynamışdır. Onun bu yüksək dövlət vəzifəsində ötən 3 il ərzindəki fəaliyyəti çox yaddaqalan olmuşdur.
Birinci Vitse-prezident ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, ölkəmizin tərəqqisində, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında öz istedadlı töhfəsini veribdir. Bu gün dünyanı şətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunmasında Prezident İlham Əliyevin həyata keçirdiyi davamlı tədbirlərdə yaxından iştirak edən Mehriban xanım xalqımızın təhlükəsizliyi üçün yorulamdan çalışmaqdadır. Onun sosial missiyası daha da genişlənib, dövlətimizin və xalqımızın inkişafı naminə fədakar fəaliyyətini artırmaqdadır.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor,
YAP Siyasi Şurasının üzvü.