30 aprel 2019-cu il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda dəyirmi masa keçirilib.Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini özündə əks etdirən ekspozisiya ilə tanış olublar. Daha sonra “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” mövzusunda video çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Regional İdarə tərəfindən əmr və “Tədbirlər Planı”nın təsdiq edildiyini və regional idarəyə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində silsilə tədbirlərin keçirildiyini vurğulayaraq, Ulu Öndərin siyasi fəaliyyəti haqqında, Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğı barədə ətraflı məlumat verərək, öz xatirələrini bölüşüb. O, Heydər Əliyevin Azərbaycan dövləti və xalqı üçün göstərdiyi misilsiz xidmətlərin təbliğ olunmasında mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Sonra söz Ağdaş Rayon MKS-nin direktoru Seyfəddin Feyzullayevə verilib. O, öz çıxışında Ümummilli Lider Heydər Əliyev 1969-1982-ci illərdə və Siyasi Büronun üzvü olduğu dövrdə, eləcə də Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi zaman Azərbaycan mədəniyyətinə daim hamilik etdiyini bildirib. S. Feyzullayev edib ki, Heydər Əliyev Azərbaycan mədəniyyəti tarixinin dərin bilicisi olmuşdur.
Daha sonra çıxış edən Ağdaş Rayon Heydər Əliyev Mərkəzinin direktoru Tənzilə Şıxıyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan söz açıb, mədəniyyət işçilərinə verdiyi xüsusi qiymətdən bəhs edib. Sonra O, dəfələrlə Heydər Əliyevin sədrliyi ilə keçirilən Qurultay və Plenumlarda iştirak etdiyini bildirərək, Ulu Öndərin çox təmkinli və dərin dünya görüşünə malik dahi bir siyasətçi, səmimi insan olduğunu qeyd edib.
Ağdaş Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rafiq İsgəndərov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nişanə Quliyeva və digərləri öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyi diqqət və qayğıdan söz açıb və bu gün Heydər Əliyev siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
Tədbir Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyevin yekun çıxışı ilə başa çatıb.