Bu gün ADAU davamlı inkişaf pilləsindədir. Kütləvi İnformasiya Vasitələri son illər ADAU-da gedən mütərəqqi dəyişikliklərdən geniş söz açır, universitetin maddi-tədris bazasının, tədris-metodiki təminatının gücləndirildiyini və bunun artıq yeni formada qurulmuş tədris prosesinin keyfiyyətinin daha da yüksəldilməsində geniş imkanlar açdığını qeyd edirlər. Etmtv. news olaraq, ADAU-da görülən bu məqsədyönlü işləri böyük həvəslə biz də öz yazılarımızda qeyd etmiş, universiteti Gəncə şəhərində fəaliyyət göstərən digər ali təhsil ocaqlarına nümunə göstərmişik. ADAU bu gün təhsil göstəricilərinə görə nəinki respublika miqyasında, eləcə də dünyanın tanınmış ali təhsil ocaqları tərəfindən qəbul edilən və yenilikçilik uğrunda sağlam rəqabətə malik bir təhsil müəssisəsidir.
Bizlər demək olar ki, hər gün bu təhsil ocağı ilə bağlı yazılar dərc etməkdəyik. Bu yazılar çox vaxt Azərbaycanın heç bir ali təhsil ocağında rast gəlinməyən işlərə həsr olunub. Təhsillə bağlı öz müsbət həllini tapan bütün məsələlər bu yazıların mövzusu olmuşdur. Ən əsası isə korrupsiyanın, rüşvətxorluğun, yerlibazlığın kökü kəsilmiş bu təhsil ocağında tələbələrin öz sevimli rektoru barədə y azdıqları ürək sözləri kütləvi informasiya vasitələrinin qeyd etdiyi ən sevindirici xəbərlər olmuşdur. Onu da qeyd etmək istərdik ki, ADAU təhsil alanların sosial aktivliyi ilə daha çox seçilən bir universitetdir.
Rektor univürsitetdə ən başlıca simadır. Təhsil müəssisəsində baş verən bütün hallar, göstəricilər, yeniliklər adətən onların gördüyü işlərin başlıca göstəricisi sayılır. Onun qayğılarla dolu gərgin iş günləri təhsil ocağı üçün lazım olan bütün işlərin həllinə, təlim-tərbiyənin və tədris prosesinin düzgün qurulmasına, bütün işlərdə təhsil alanların mənafeyinə xidmət etməklə, təhsilin bütün sahələrində ardıcıl və sistemli inkişafa yönəldilir. Bütün bu cəhdlər universitetin adının daha da yüksəlməsinə səbəb olmuşdur. Bu gün təriflədiyimiz Avropanın ali təhsil ocaqları ADAU ilə əməkdaşlığa yüksək qiymət verir, ADAU-nun mükəmməl bir təhsil ocağı olduğunu və əməkdaşlıq üçün universitetdə hər cür imkanların mövcud olduğunu xüsusilə vurğulamaqdan çəkinmirlər. Bu gün aqrar sahədə dünyanın say-seçmə ali təhsil müəssisələri ADAU ilə ikili diplomlar və tələbə mübadiləsi istiqamətində əməkdaşlığın səmərə verəcəyinə tam səmimiyyətlə inanır, elmi araşdırmalar və doktorantura üzrə əlaqələrin qurulması üçün əməli addımlar atırlar. Bu, əlbəttə ki, qürur verici bir haldır və ADAU-nun təhsilin bütün pillələrində düzgün istiqamət seçdiyinə bir daha əyani sübutdur. Bu, nəinki, müəllim tələbə mübadiləsində, ikili diplom proqramlarının həyata keçirilməsində, eyni zamanda birgə elmi-tədqiqat işlərinin yerinə yetirilməsində və xarici təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi işində bir tövhə olacaq, universitetdə tədrisin, elmi- tədqiqat işlərinin, kadr hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəkdir.
Son illər ADAU-da aparılan işlər təhsilin, tədrisin keyfiyyətinin səviyyəsinin daha da artmasına səbəb olmuşdur. Bu, universitetdə keçirilən qış və yaz semestrinin imtahan sessiyasında da bir daha özünü göstərdi.Tələbələrin imtahan prosesinə hazırlıq səviyyəsi universitetin təhsillə bağlı həyatının tam şəffaflaşdırılmasından və bu istiqamətdə uzun illər ərzində sevindirici nəticələrlə dolu işlərdən söz açır. İmtahanlarda bir gün əvvəl ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov sosial şəbəkələrdə fikirlərini bölüşmüş və bildirmişdi:- “Əziz tələbələrim, sizlər üçün hər cür şərait yaradılıb. İndi söz sizindir. Siz semestr ərzində topladığınız bilikləri nümayiş etdirin, nəyə qadir olduğunuzu göstərin. Çünki aqrar sahədə mövcud olan minlərlə iş yeri sizi gözləyir. Bu imtahan prosesində də hər dəqiqə yanınızdayam. Uğur sizinlə olsun!”
Onu da bildirək ki, hər iki semestr boyu imtahan prosesi hamı üçün açıq olmuş, valideynlər, KİV nümayəndələri, ictimaiyyətin istənilən üzvü prosesi auditoriyalarda açıq izləmək imkanına malik olmuşdur. KİV-nin nümayəndəsi kimi biz də bu imkandan yararlanmış və hörmətli rektorun öz çıxışlarında qeyd etdiyi bir çox işlərə əyani surətdə şahid olmuşuq.
Əlbəttə ki, ADAU-nun əldə etdiyi nailiyyətlər bu təhsil ocağında dayanıqlı inkişafın qarşıya qoyduğu məqsədlərin tam həyata keçirilməsindən, təhsil və tədrisin inkişafının təmin edilməsi istiqamətində həyata keçirilən işlərin artıq bəhrə verməsindən söz açır. Universitetdə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni təhsil mühitinin yaradılması, əmək bazarının artan tələblərinə müvafiq olaraq, kadr hazırlığının təmin edilməsi sahəsində atılan addımlar tələbələrin elmə olan marağının daha da artmasında, onların gələcək fəaliyyətlərində elmi qabiliyyətlərinin inkişaf etdirilməsində də mühüm rol oynamışdır.
ADAU müasir standartlara cavab verən, günümüzlə səsləşən təcrübə-sınaq təsərrüfatlarına malikdir. Bu təsərrüfatlarda elmi araşdırmaların aparılması,eləcə də təcrübə sınaqlarının keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Burada maddi-texniki baza yenilərək gücləndirilir, təcrübə sınaq təsərrüfatları genişləndirilir. Bütün bunlar tələbələrin gələcəkdə savadlı kadr olması üçün atılan mühüm addımlardır.
Bu gün başda hörmətli rektor İbrahim Cəfərov olmaqla, ADAU-nun rəhbərliyi “Azərbaycan Dövlət Aqrar Universitetini tanıdaq” layihəsi çərçivəsində bölgələrdə məktəblilərlə görüşlər keçirir. Bu cür görüşlər artıq silsilə xarakteri alıb və orta məktəb məzunlarına ixtisas seçimində kifayət qədər yardımçı olur.
Ruhulla Zahidov, yazıçı-jurnalist.