Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov sosial şəbəkədə yeni tədris semestrinə qatılan tələbələrinə çağırış etmiş, hər birinə tədris uğurları arzulamışdır. Onu olduğu kimi diqqətinizə çatdırırıq.
Əziz tələbələr, 18 fevral 2019-cu il tarixdən yeni tədris semestrimiz başlayır, iki həftəlik istirahət müddətiniz bitir. Hesab edirəm ki, aqrar universitet olaraq həm texniki baxımdan, həm də tədrisin daha da mükəmməlləşməsi baxımından Sizləri qəbul etməyə tam hazırıq, bu iki həftə müddətində universitetin tələbə evlərində və bütün tədris korpuslarında olan kiçik çatışmazlıqlar da aradan qaldırılmış, tədris təcrübə təsərrüfatında tədrisin praktikalaşması və elmi yeniliklərin təcrübəvi öyrənilməsi baxımından mühüm işlər görülmüşdür, eyni zamanda bu təyinatlı işlər davam etdirilir. Bir neçə gün əvvəl möhtərəm cənab Prezidentin Siz tələbələrin təqaüdləri və dövlət hesabına təhsilalanların sayının artırılması və gələcəkdə təhsilin bütövlükdə dövlət hesabına keçirilməsi ilə bağlı mühüm Sərəncamları olmuşdur. Bu addımları ilə cənab Prezident bir daha sübut etmişdir ki, O, gəncliyin dostudur və ölkəmizin gələcəyini ağıllı, savadlı, təcrübəli, dövlət və xalq sevgisi olan gənclərdə görür. Bizlər bu etımadı doğrultmaq üçün ğünü sabahdan düzgün start götürməliyik. Açığı biz müəllimlər də Sizlər üçün darıxmışıq, bizim bir -birindən gözəl, təmirli, isti, maddi -texniki baxımdan mükəmməl tədris korpuslarının yaraşığı məhz tələbələrdir, Sizlər olmadan bu korpuslar öz mahiyyətini itirirlər. Bir daha yeni tədris semestrinin başlanması ilə Sizləri təbrik edir, hər birinizə tədris uğurları arzu edirəm.
Biz hamımız bütün uğurlarımız üçün möhtərəm cənab Prezidentə borcluyuq, biz hamımız bu Vətən üçün daha yaxşı çalışmaqla öz vəzifələrimizi vicdanla icra etməliyik. Elə bu da öz Azərbaycanımıza xidmətdir.