ADAU-nun rektoru: Bölgələrdə torpaq-iqlim şəraitinə uyğun bitkilər becərilməlidir

Dövlətimizin qarşıya qoyduğu vəzifələrdən biri də bölgələrdə torpaq-iqlim şəraitinə uyğun olaraq bitkilərin becərilməsidir. Zaqatala rayonu fındıq bitkisinin becərilməsi üçün əlverişli şəraitə malikdir və tarixən burada fındıqçılıqla məşğul olublar. İstehsalçıların bu sahəyə elmi yanaşmalarını təmin etmək üçün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti də bu işlərdə daim fermerlərə kömək göstərirlər. Bu, həm də dövlətin, Kənd Təsərrüfatı Nazirliyinin tələbidir və biz buna əməl etməliyik.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı çərçivəsində Zaqatalada keçirilən simpoziumun iştirakçısı, AMEA-nın müxbir üzvü, professor, ADAU-nun rektoru İbrahim Cəfərov deyib.

Dövlətin bu gün aqrar sahəyə böyük önəm verdiyini vurğulayan rektor bildirib ki, əslində bu, həm də sosial məsələdir. Dövlətimizin başçısının əsas mövqeyi ondan ibarətdir ki, kəndli yaxşı yaşasın, öz istehsalı ilə məşğulluğunu təmin etsin. Ona görə də, müxtəlif proqramlar həyata keçirilir, fermerlərə subsidiyalar ayrılır.

İ.Cəfərov deyib: “Simpoziumda fermerlərin elmi yanaşmasını təmin etmək üçün texnoloji xəritə hazırlanmasını təklif etdim. Məsələn, bitkinin becərilmə dövründən məhsul yığımınadək fermer nə etməlidir? Yəni, bitkiyə nə vaxt gübrə verməli, dibini belləməli, sanitar budamalar aparmalı, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri görməlidir. Bütün bu proseslər ADAU-nun müəllimləri tərəfindən texnoloji xəritə şəklində tərtib olunmalı və fermerlərə əyani olaraq nümayiş etdirilməlidir. Yalnız belə olduğu təqdirdə, yüksək məhsuldarlığa nail ola bilərik”.

Rektor vurğulayıb ki, bazar axtarmağa ehtiyac yoxdur, Azərbaycanın keyfiyyətli fındığını almaq istəyənlərin sayı çoxdur. Fındıq ixracından hər il ölkəmiz milyonlarla manat gəlir götürür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.