ADAU da professor Hacı Hacıyevin 100 illik yubileyi ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil müəssisəsinin  məzunu, baytarlıq elmləri doktoru, professor Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunan “Baytarlıq elminin inkişafında innovativ texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə konfrans iştirakçıları əvvəlcə Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində alimin adına yaradılan xüsusi auditoriyanın açılışını edib, çalışdığı fakültənin təhsil şəraiti ilə tanış olublar.

Sonra İnzibati binanın iclas zalında  konfrans başlayıb.  ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov konfransı açıb, görkəmli alimin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, professor Hacı Hacıyev görkəmli alim olmaqla yanaşı, həm də təcrübəli, idarəetmə qabiliyyətinə malik bir şəxsiyyət idi. Bu keyfiyyətlərinə görə o, 1962-ci ildə yoluxmayan daxili xəstəliklər və klinik diaqnostika kafedrasına müdir təyin olunub. Burada 16 il çalışan,  püxtələşən professor 1978-ci ildən daha çətin və məsuliyyətli vəzifəyə – İnstitutun elmi işlər üzrə prorektoru vəzifəsinə irəli çəkilib,  1984-cü ilədək bu vəzifəni layiqincə yerinə yetirib, ömrünün sonunadək yenə həmin kafedraya rəhbərlik edib.

Konfrans iştirakçılarına Hacı Hacıyevin elmi fəaliyyətinə həsr edilən video-çarx təqdim edilib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, ADAU-nun məzunu Eldar İbrahimov, Milli Məclisin Regional məsələlər komitəsinin sədri, ADAU-nun məzunu  Arif Rəhimzadə, Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova,  AMEA Gəncə bolməsinin sədri, akademik Fuad Əliyev,  Baytarlıq ixtisasının 4-cü kurs tələbəsi Asəf Mirzəyev, Əczaçılıq və BSE kafedrasının müəllimi Şəfiqə Cəfərova professor Hacı Hacıyevin elmi fəaliyyətindən, idarəetmə bacarığından, insani keyfiyyətlərindən ətraflı məlumatlar veriblər. Bildiriblər ki, ömrünü yarım əsrdən çoxunu  bu təhsil müəssisəsi  ilə bağlayan  görkəmli alim, müdrik insan, professor Hacı Hacıyev 1919-cu ildə Naxçıvanın Culfa rayonunun Yayıcı kəndində anadan olub. 1936-cı ildə Naxçıvan kənd təsərrüfatı texnikumunu fərqlənmə diplomu ilə bitirib zootexniklik ixtisası alıb, elə həmin ildə də Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsinə qəbul olunub.

1941-ci il Hacı Hacıyevin  həyatında ən şərəfli və unudulmaz il kimi yadda qalıb. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyinə görə Dövlət İmtahan Komissiyasının tövsiyəsinə əsasən institutda saxlanılıb, ümumi cərrahiyyə kafedrasında assistent vəzifəsinə təyin edilib.

Professor Hacı Hacıyevin elmi yaradıcılığı bir xəzinə kimi yaddaşlarda qalıb. O, “Kənd təsərrüfatı heyvanlarının klinik müayinə sxemi”, “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəliklərinin diaqnostikası”, “İribuynuzlu heyvanların həzm üzvlərinin yoluxmayan daxili xəstəlikləri”, “Naftalan baytarlıqda”, “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, “ümumi terapiyanın əsasları və profilaktikası”, “Baytarlıqda ümumi terapevtik texnika”, “Qanın, sidiyin və mədə möhtəviyyatının nümunəsi”, “Klinik diaqnostikadan praktikum” və s. fundamental dərslik və dərs vəsaitlərinin müəllifidir.

Professorun 200-ə qədər elmi əsəri, məqalələri müxtəlif mətbuat səhifələrində dərc edilib. Onun dərslik və dərs vəsaitlərindən tələbələr bu gün də istifadə edir, bəhrələnirlər.

Professor Hacı Hacıyevin böyük və şərəfli fəaliyyəti həmişə yüksək qiymətləndirilərək mükafatlandırılıb. O, “Qırmızı Əmək Bayrağı” ordeni, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, bir çox medal və fəxri fərmanlarla təltif edilib, Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin dəfələrlə iştirakçısı olub, qızıl və gümüş medallara, diplomlara layiq görülüb

Kənd təsərrüfatı texnikası kafedrasının dosenti, ADAU-nun professoru, Əməkdar kənd təsərrüfatı işçisi Akif Axundov və Biologiya kafedrasının müdiri, professor Zaur Hümbətov isə konfrans iştirakçılarına alimlə bağlı xatirələrini söyləyiblər.

Elmi-nəzəri konfransda Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov, Gəncədən seçilən millət vəkilləri Pərvin Kərimzadə, Musa Quluyev və Xanlar Fətiyev iştirak edib.

Sonda  Hacı Hacıyevin oğlu, AMEA-nın həqiqi üzvü, professor Asəf Hacıyev konfransın keçirilməsində zəhməti olan hər kəsə, eləcə də atasının xatirəsini əziz tutan professor-müəllim heyətinə minnətdarlığını bildirib.

  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.