ADAU-da elmi-tədqiqat işlərinin yekunlarına dair konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan universitet əməkdaşlarının 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunlarına dair elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, elmi-tədqiqat işlərinin nəticələri, onların istehsalata tətbiqinin əhəmiyyəti, dövlətimizin dəstəyi  ilə son illərdə yaradılan və ən müasir standartlara cavab verən laboratoriyaların, mərkəzlərin tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və yüksək nəticələrin əldə olunmasına geniş imkanlar yaradır. İbrahim Cəfərov həmçinin Dövlətin aqrar təhsilə və elmə qayğısı nəticəsində görülən işlər sırasında uzun illər baxımsız vəziyyətdə qalan tədris-təcrübə təsərrüfatının  tamamilə yenidən qurulmasından da danışıb, burada yaradılan bütün imkanların alimlərin, gənc tədqiqatçıların, magistrantların, habelə  startapçı tələbələrin istifadəsi və onların innovativ layihələrinin icrası üçün tam açıq olduğunu bildirib.

Rektor onu da qeyd edib ki, 6 may 2019-cu il tarixində  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun rəhbərliyi altında genişləndirilmiş kollegiya iclası keçirilib.  İclasda nazirliyin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər. Kollegiya iclasında aprel ayı ərzində görülən işlərin hesabatı dinlənilib, konkret olaraq hər bir institut və Aqrar universitet qarşısında vəzifələr qoyulub. Qeyd olunub ki, aparılan elmi-tədqiqat işləri nazirliyin sifarişlərinə uyğun olaraq aparılmalı, fermerlərin istəkləri nəzərə alınmalıdır.
Günün ikinci yarısında cənab nazir Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən institut rəhbərləri ilə görüş keçiriib. Görüşdə akademik Əhliman Əmiraslanov və digər institut rəhbərləri çıxış edib və hər iki tərəfin alimlərinin birgə fəaliyyətinin zəruriliyi qeyd olunub. Aqrar universitet olaraq bizim də üzərimizə mühüm vəzifələr düşür, hər zaman olduğu kimi bu gün də biz aqrar sahədə baş verən ciddi dəyişikliklərdə öncül sıralarda olacaq və bu işlərə öz töhfələrimizi verəcəyik.

Konfransın plenar iclasında professor Ziyad Abbasov “Dağətəyi əkin sahələrində torpaqqoruyucu texnologiyaların və texniki vasitələrin tətbiqi”, baş müəllim Niyaz Məmmədov “Kooperativlərin yaradılması və inkişafında subsidiyaların rolu”, baş müəllim Aytən Hüseynova “Bildirçinlərin salpinqo-peritonik xəstəliyində  müxtəlif baytarlıq preparatlarının səmərəliliyinin və məhsulların keyfiyyət göstərici­lərinə təsirinin öyrənilməsi” mövzuları üzrə məruzələr ediblər.

Sonra konfrans işini aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə bölmələri üzrə davam etdirib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.