Son illərdə universitet-məktəb qarşılıqlı əlaqəsinin uğurlu nümunəsini yaradan Gəncə Dövlət Universitetinin şəhərdə fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə çoxşaxəli faydalı əməkdaşlığı davam edir.
İctimaiyyət üçün keçirilən açıq dərsdə professor Mübariz Yusifovun “İmadəddin Nəsimi-650″ mövzusunda mühazirəsi dinlənilib.
Açıq dərsdə Gəncə şəhər orta məktəb müəllimləri, M.Mehdizadə adına 4 saylı tam orta məktəbin müəllim və yuxarı sinif şagirdləri, eləcə də Gəncə Dövlət Universitetinin professor – müəllim heyəti iştirak ediblər.
Tədbiri açan Mehdi Mehdizadə adına 4 saylı tam orta məktəbin direktoru Əliağa Səfərəliyev universitet alimləri ilə məktəb şagirdləri arasında keçirilən görüşlərin hər bir şagirdin inkişafında, onların əsl şəxsiyyət kimi formalaşmasındakı rolundan danışıb.
Təcrübə və karyera şöbəsinin rəhbəri Cabbar Qarayev bildirib ki, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığına əsasən keçirilən bu cür açıq dərslərin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə ölkəmizin təbiətini, tarixini və mədəniyyətini sevdirmək, ali təhsil müəssisəsinin nailiyyətləri haqqında məlumat vermək, eləcə də şagirdlərin gələcəkdə əmək bazarının tələbinə uyğun düzgün ixtisas seçiminə kömək etməkdir.
Bu il 80 illik yubileyini qeyd edən Gəncə Dövlət Universitetinin elm – təhsil sahəsindəki nailiyyətlərindən danışan Cabbar Qarayev qeyd edib ki, hazırda respublikamızın qərb bölgəsində ən böyük ali təhsil müəssisəsi olan universitet yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması istiqamətində ixtisaslaşıb. Respublikamızın ali təhsil müəssisələri içərisində özünün reytinqini ildən-ilə yüksəldən Gəncə Dövlət Universitetini yüksək balla seçən tələbələrin sayı da bu uğurlu göstəriciyə uyğun olaraq hər il artır.
Cabbar Qarayev universitetdə tələbələrə yaradılan şəraitdən və bu ali təhsil müəssisində təhsil almağın üstünlüklərini izah edib.
Sonra açıq dərs iştirakçıları professor Mübariz Yusifovun “İmadəddin Nəsimi-650” mövzusunda mühazirəsini dinləyiblər.
Professor bildirib ki, Nəsiminin həyatı haqqında çox geniş məlumat mövcud deyil. Mənbələrin əksəriyyəti onun adını İmadəddin kimi göstərir, ancaq Nəsiminin əsl adının Əli və Ömər olduğunu qeyd edən mənbələr də vardır.
Nəsimi dövrünün görkəmli ariflərindən müvafiq elmlərdən təhsil aldıqdan sonra hürufi Fəzlullah Nəiminin xidmətinə girmiş, onun tərbiyə və təlimlərindən bəhrələnmişdir. Səfərlərinin hamısında özünün şeyx mürşidi Nəimi ilə yol yoldaşı olub və onun qızı ilə ailə qurub.
Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatın dərindən mənimsəyib, İslamın və xristianlığın əsaslarına yaxından bələd olub, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnib. O, Azərbaycan, fars və ərəb dillərində gözəl şeirlər yazıb. Onun azərbaycanca şeirlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şeiri nümunələri olan bayatılara çox yaxındır.
Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan İbn Sinanı, Xaqanini, Nizamini, Fələkini, Mənsur Həllacı, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərmək olar.
Sonda alim məktəblilərin suallarını cavablandırıb.