Fevral ayının 9-da növbədənkənar keçiriləçək altıncı çağırış Milli Məclisinə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən sərbəst qaydada teatrşünas-tənqidçi Anar Məmməd oğlu Burcəliyev öz namizədliyini irəli sürüb. Bəs Anar Burcəliyev kimdir?
Anar Məmməd oğlu Burcəliyev 1974-cü il sentyabr ayının 11-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1991-ci ildə M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin 11-ci sinfini bitirib. Əmək fəaliyyətinə 1990-cı ildə Gəncə Dövlət Dram Teatrında rejissor köməkçisi olaraq başlayıb. 1991-ci ildə Gəncə Dövlət Dram Teatrının göndərişi əsasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” fakültəsinə qəbul olub və 1996-cı ildə həmin fakültəni bitirib. 1993-1994-cü illərdə Bakıda çapdan çıxan “Səhnə” qəzetinin xüsusi müxbiri, 1994-1996-cı illərdə Azərbaycan Milli Tele-Radio Verilişləri Şirkətinin “Gənclik” və “Xəbərlər” baş redaksiyalarının xüsusi müxbiri, 1995-ci ildə Gəncə şəhərində “KƏPƏZ TV” Müstəqil Tele-Radio Verilişləri Şirkətinin yaradıçılarından biri olaraq “Xəbərlər” departamentinə rəhbərlik edib. 1996-cı ildən 1997-ci ilədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İncəsənət Baş İdarəsinin aparıcı inspektoru, 1997-ci ildən 1999-cu ilədək Gəncə Dövlət Dram Teatrının sərəncamçı direktoru vəzifələrində çalışıb. 2010-2012-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” Müstəqil Tele-Radio verilişləri Şirkətinin “Xəbərlər” departamentində aparıcı kimi fəaliyyət göstərib. 2016-ci ilin yanvar ayından isə Gəncə Dövlət Dram Teatrında calışır. Hal-hazırda Gəncə Dövlət Dram Teatrının direktor müavini kimi fəaliyyətini davam etdirir.
Teatrşünas-tənqidçi Anar Burcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləcə də müsahibələrin, həmçinin doqquz kitabın müəllifidir. Eləcə də “Gəncənin yaradıcı və fəal qadınları” (Əsgəroğlu nəşriyyatı – 2001), İmran Axundovun “Adil Məlikov” (Bakı, ADPU – nun mətbəəsi -2018), İmran Axundovun “Fatma Muxtarova” (Bakı, ADPU – nun mətbəəsi -2019), Ruhulla Zahidov “İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov” (İsrafil Məmmədovun 100 illiyinə həsr olunur. Gəncə, “STAR” çap evi – 2019) kitablarının redaktorudur. O, “Xoşbəxt bürc altında”, “Xocalı-Unuda bilmədiklərimiz”, “Gəncə Tibb Kolleci-80” sənədli televiziya filmlərinin ssenari müəllifidir.
Anar Burcəliyev 2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqı və 2017-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
1992-ci ildə A. Burcəliyev C.Cabbarlının “Olum ya Ölüm” və ya “Od gəlini” referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılıb. 2001-ci ildə “MUGAN-MEDİA” Beynəlxalq mükafatı laureatı adına layiq görülüb. 30 iyun 2008-ci il tarixində isə Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunub.
Türk, Rus və Fars dillərini bilir.
Ailəlidir, iki övladı var. Xalq artistləri – Məmməd Burcəliyev və Sədayə Mustafayevanın oğludur.
Ekspertlər 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən namizədliyi sərbəst qaydada irəli sürülən Anar Burcəliyevin şanslarını yüksək qiymətləndirirlər.