Goranboy Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü ilə əlaqədar tədbir və sərgi təşkil edilmişdir.
Sərgidə Goranboy şəhər İncəsənət məktəbinin rəssamlıq sinfi şagirdlərinin rəsm əsərləri nümayiş olundu. Sərginin tamaşaçıları Goranboy şəhər 3 nömrəli orta məktəbin müəllim və şagird kolektivi olmuşdur.
Tədbiri açıq elan edən Qalereyanın direktoru Çinarə Abdullazadə Respublika günü ilə əlaqədar məlumat verərək bildirdi ki, Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olub.
Qalereyanın baş fond mühafizi İlhamə Məmmədova Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyəti haqqında məlumat verdi.
Sonda sərgiyə baxış keçirildi.