Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27 Mart Beynəlxalq Teatr günü ilə əlaqədar Gəncə Dövlət Kukla Teatrında “Teatrda bir gün” başlığı altında açıq qapı günü keçirilib.
Qonaq qismində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, məsləhətçisi Rahib Hüseynov, Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramzadə, həmin teatrın quruluşçu rejissoru Elşad Əhmədov iştirak ediblər.
Öncə teatrın qarşısında nağıl qəhrəmanları (Cırtdan, Tıq-Tıq xanım, Siçanlar və s.) ilə görüş oldu. Daha sonra balaca tamaşaçılara şar şou təqdim olundu. Balaca tamaşaçılar teatrın foyesində təşkil olunmuş sərgidə müxtəlif tamaşalara çəkilmiş eskizlərlə tanış oldular.
Rəssam emalatxanasında uşaqlara kuklanın necə hazırlanması, eskizin necə çəkilməsi haqqında məlumat verildi. Qrim otağında onlar aktyorların necə qrimləndiyinin şahidi oldular. Geyim otaqlarında saxlanılan geyimlərlə tanış oldular. II Qarabağ Vətən müharibəsinin iştirakçısı, teatrın baş rejissoru Şamil Məmmədli ilə görüş tamaşaçı zalında baş tutdu.
Canını vətən uğrunda fəda edən şəhid vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra teatrın yaradıcılıq yolunu əks etdirən film rolik nümayiş olundu. Sonda balaca tamaşaçılara “Novruz əhvalatları” adlı tamaşa təqdim olundu. Kuklaçı Təranə Cəfərovanın hazırladığı suvenir (əl işi) teatrın kollektivi adından Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova hədiyyə olundu.



