Böyük Vətən müharibəsi iştirakçısı Tofiq Hüseynovun 100 yaşı münasibətilə atası Paşa Hüseynovun adını daşıyan İnternat Tipli Futbol Gimnaziyasında (Gəncə İdman Liseyi) tədbir keçirilib. Tədbirdə çıxış edənlər Böyük Vətən müharibəsinə qatılaraq qələbədə pay sahibi olan Tofiq Hüseynovun igidliklərindən danışıb.Yubilyarın Avropanın bir çox şəhərlərinin alman işğalçılarından azad edilməsində xüsusi qəhrəmanlıq göstərdiyi diqqətə çatdırılıb. Təntənəli iclasda şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik ruhunda mahnılar və şeirlər səsləndirilib. Sonda Tofiq Hüseynov təbrik edilib, yubilyar Gəncə şəhərinin müxtəlif idarə, müəssisə tərəfindən Fəxri Fərmanlarla təltif olunub.
-Gəncə İdman Liseyinin valideynlər şurasının üzvü, şəhər veteranlar şurasının 100 yaşlı sədri Tofiq Paşa oğlu Hüseynovun yubileyni Liseyimizdə təntənəli surətdə qeyd etməkdən məmnunuq. Onu Cənab Nazirimiz Emil Əmrullayevin adından və kollektivimiz adından səmimi qəlbdən təbrik edirik.- Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev yubilyarı təbrik edərkən vurğulayıb.- Tofiq müəllim bu yaşında belə kollektivimizin bütün ictimai həyatında yaxından iştirak edir. Onu tez-tez liseyin tədbirlərində görmək olar. O liseyin kollektivi ilə daim sıx əlaqədədir. Öz tövsiyyələrini bizdən əsirgəmir, bütün işlərdə bizə yaxından köməkçidir. Onunla fəxr edirik!
-Bu günki gün bu tədbirdə mənim 100 illiyimi təbrik edirlər. Mən sizə bu diqqətə görə öz minnətdarlığımı bildirirəm. Həyat yaşamaq sevir. Gərək elə yaşayasan ki, elə həyat sürəsən ki, bu yaşa gəlib çatasan. Mən öz xalqıma dərin minnətdarlığımı bildirirəm. Qoy yaşasınlar, yaratsınlar, Azərbaycanın gələcəyi üçün əllərindən gələni etsinlər.-Yubilyar sonda çıxışında bildirib.
Onu da qeyd etmək yerinə düşərdi ki, bir neçə gün öncə yubilyarın 100 illiyi Cəncə şəhər İcra Hakimiyyəti səviyyəsində də qeyd olunmuşdu. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 100 yaşlı veteranı ziyarət edib. Şəhər rəhbəri qocaman qəhrəmanı 100 illik münasibətilə təbrik edərək, ona cansağlığı arzulayıb.
Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədovun da iştirak etdiyi görüş zamanı Tofiq Hüseynovun keçdiyi döyüş yolundan və bir əsrə bərabər olan həyatından bəhs olunub. Niyazi Bayramov bildirib ki, 100 yaşı olmasına baxmayaraq o, yenə ictimai fəallıqla məşğuldur. Belə ki, Tofiq Hüseynov hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib. O bildirib ki, həyatında ən böyük arzusu Zəfər bayramında iştirak etmək olub. 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza dərin təşəkkürünü bildirib.
Daha sonra Niyazi Bayramov Tofiq Hüseynovu Gəncə şəhərinin ictima-siyasi həyatında səmərəli fəaliyyəti və 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Bununla yanaşı, veterana Ad günü münasibətilə şəhər rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 24 fevral 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.