20 Yanvar Şəhidlərimizin ruhuna sonsuz ehtiram

… Qanlı yanvar faciəsindən xalqımızı 30 illik zaman ayırır. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 – cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. … Ötən illər ərzində xalqımızda haqlı olaraq bu sual yaranıbdır, 20 Yanvar faciəsinin qarşısını almaq mümkün idimi? Bu suala ən tutarlı, dəqiq və hüquqi əsasları olan cavabı Ümummilli lider Heydər Əliyev vermişdir: “Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya, siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı”.
… Ulu öndər bu ağır hadisəni hər zaman dərin təəssüf və kədər hissi ilə qarşılamışdır. 20 Yanvar hadisələri zamanı Qorbaçov rejiminə qarşı sərt çıxış edən, SSRİ rəhbərliyinin cinayətkar əməllərini cəsarətlə dünyaya bəyan edən şəxs də məhz Ulu öndər olmuşdu. Heydər Əliyev Mixail Qorbaçovun və onun əlaltılarının istənilən an ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq öz həyatını təhlükə altına ataraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və orada sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirdi. Moskvadan Azərbaycan rəhbərliyinə və xalqa göndərdiyi teleqramda 20 Yanvar hadisəsini “SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı antidemokratik, qanunazidd və düşünülmüş aksiyası” kimi qiymətləndirdi.
… Azərbaycan o vaxtkı rəhbərliyinin cəsarətsiz və qorxaq siyasəti, kölə psixologiyası üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta ittifaq müstəvisində də layiq olduğu hüquqi-siyasi qiyməti almamışdı. Bu qanlı faciədən sonra Azərbaycan rəhbərliyinin atdığı addımlar cəsarətsizlik və siyasi təslimçilik nümayişi idi. Onların kölə psixologiyasının nəticəsi olaraq 20 Yanvar hadisələri yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.
… Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi. Və elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Məhz ulu öndərin sərəncamı ilə 20 Yanvar ümumxalq hüzn günü elan olundu.
… Ulu öndərin birbaşa rəhbərliyi ilə 20 Yanvar hadisələrinin siyasi və hüquqi tədqiqi aparıldı. Milli Məclis tərəfindən 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi və beləliklə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
… Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Dövlət başçısının Şəhidlər Xiyabanı kompleksi yenidən qurulub, abadlaşdırılıb. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.
… Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva müstəqil Azərbaycanın ən uca Zirvəsi olan Şəhidlərimizin əziz xatirəsinə ehtiramlarını, sonsuz məhəbbətlərini hər zaman ən yüksək səviyyədə nümayiş etdirirlər. Bu həssas təbəqənin ən Böyük Himayədarı olan dövlət başçısının Prezident Sarayında şəhid ailələri ilə keçirilən görüşlər bu dogma münasibətin təntənəsidir. Cəmiyyətdə nümunəvi addım olmaqla yanaşı, səmimi ovqat, xoş ünsiyyətin göstəricisi kimi rəğbət və məmnunluqla qarşılanmaqdadır.
… Heydər Əliyev Fondu tərəfindən 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən silsilə kampaniyalar və tədbirlər faciə barədə əsil həqiqətlərin təşviqində mühüm rol oynamaqdadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, əlillərə olan yüksək diqqət və qayğısı, problemlərinə həssaslıqla yanaşmsı və həlli istiqamətində gördüyü mühüm işlər Şəhidlərimizin ruhuna olan sonsuz ehtiramın, onların ailələrinə dərin məhhəbətin ifadəsidir.

Vaqif Abdullayev, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.