Hər bir xalqın tarixində sevinc doğuran, bayram əhval-ruhiyyəli günlər olduğu kimi, vətənprəvər, yurdsevər oğulların qanı ilə yazılmış hüzünlü, faciəli günlər də olur.
Azərbaycan xalqının tarixində qanla yazılmış qara rəngli, belə faciəli günlərdən biri də 1990-cı ilin qanlı 20 yanvar günüdür. 20 yanvar faciəsinin mahiyyəti haqda danışmazdan əvvəl bir neçə kəlmə ilə 20 yanvar faciəsini doğuran şəraitə və həmin dövrdə Azərbaycanda baş verən ictimai-siyasi proseslərə nəzər salmağa ehtiyac duyuram.
Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin ortalarından etibarən Sovet imperiyasını düşdüyü ağır böhrandan qurtarmaq üçün Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyi “Yenidənqurma” siyasətini irəli sürdü ki, həmin siyasət çərçivəsində aparılan antiazrəbaycan hərəkatı da Qorbaçov “yenidənqurması”nın gizli bir qolunu təşkil edirdi. Moskvaya arxalanan erməni millətçiləri bu fürsətdən istifadə edib “Dağlıq Qarabağ” probemini ortaya atıb vəziyyəti kəskinləşdirməklə yanaşı, təkcə Yuxarı Qarabağda deyil, 1988-ci ilin əvvəllərindən başlayaraq sonralar Ermənistan adlandırılan Qərbi Aəzrbaycan ərazisindən də əsrlər boyu yaşamış azərbaycanlı əhalinin yaşadığı məntəqələrə silahlı hücumlar etməyə, vəhşiliklər törədib onları öz dədə-baba torpaqlarından qovmağa başladılar. 1988-ci ilin ilk 3 ayı ərzində Yuxarı Qarabağdan və Ermənistandan deportasiya olunanların sayı 50 min nəfərə çatmışdısa, bu faciə 1988-ci ilin 25 noyabr – 5 dekabr tarixlərində özünün kulminasiya nöqtəsinə çatdı və həmin 10 gün ərzində 200 mindən çox azərbaycanlı Ermənistandan qovuldu. Nəticədə 1988-ci il ərzində indiki Ermənistan ərazisində yalnız azərbaycanlılar yaşayan 171 kənd, azərbaycanlıların qarışıq yaşadığı 94 kənd və yaşayış məntəqəsi boşaldıldı, ermənilərin 1988-ci ildə keçirdikləri mitinqlərdə səsləndirdikləri “Ermənistanı türklərdən təmizləməli”, “Ermənistan yalnız ermənilərə qalmalı” şüarı həyata keçirilmiş oldu.
Beləliklə Yuxarı Qarabağ və Qərbi Azərbaycan ərazisində Azərbaycan əhalisinə qarşı tam etnik təmizləmə kampaniyası başa çatandan sonra Moskvadakı himayədarlarına arxalanan ermənilər Qarabağın Ermənistana birləşdirilməsini rəsmiləşdirmək, qanuniləşdirmək istiqamətində iş aparmağa başladılar. 1989-cu il yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət heyəti guya asayişi qorumaq və nəzarəti gücləndirmək məqsədilə “Azərbaycan DQMV-ndə xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbil etdi. Azərbaycanın hüquqlarını kobud sürətdə pozan bu qərarla birbaşa Moskvaya tabe olan “Xüsusi İdarə Komitəsi” yaradıldı və ermənipərəst Arkadi Volski həmin komitəyə başçı təyin edildi. Buna etiraz əlaməti olaraq Azərbaycanda başlanan güclü xalq hərəkatının təzyiqi ilə1989-cu il noyabrın 28 – də Moskva həmin Xüsusi İdarə Komitəsini ləğv etdi. Bu qərardan azğınlaşan Ermənistan rəhbərliyi 3 gün sonra dekabrın 1-də “Dağlıq Qarabağı Ermənistana birləşdirmək haqqında” qeyri-qanuni qərar qəbul etdi. Bu da Azərbaycan xalqının qəzəbinə səbəb oldu. Naxçıvan ərazisində məşhur “Sərhəd hərəkatı” baş verdi. Türkiyə sərhədlərində yerləşən Sədərəkdən, Şərurdan başlamış Naxçıvana, Nehrəmə, Ordubada qədər yerli əhali Sovet İmperiyasının Arazboyu çəkdiyi və 70 il qoruduğu tikanlı məftilləri söküb dağıtdı. Bundan təşvişə düşən Moskva adekvat tədbirlər gördü. 1990-cı il yanvar ayının 15-də SSRİ Ali Soveti DQMV və digər rayonlarda Fövqalədə vəziyyət elan etdi. Bakıya və Naxçıvana qoşun hissələri yeridilməsi planlaşdırıldı. Moskvanın bu hiyləsindən xəbərdar olan ermənilər 1990-cı il yanvar ayının 18-də Türkiyə ilə sərhəddə yerləşən Sədərək kəndi üzərinə hücum etdi, yanvarın 19-da Sədərək kəndi Ermənistan tərəfdən top atəşinə tutuldu və həmin gün 8 nəfər şəhid oldu, yaşayış evləri dağıdıldı, çox sayda yaralananlar oldu. Həmin gün yanvarın 19-da Naxçıvan parlamentosu Sovetlər Birliyində ilk dəfə olaraq SSRİ tərkibindən çıxmaq haqqında qərar qəbul etdi və dünyaya yaydı, bununla da Naxçıvana qoşun yeridilməsinin, böyük qırğınlar törədilməsinin qarşısını aldı. Ancaq həmin gün yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Müdafiə naziri Dmitri Yazovun şəxsən rəhbərliyi ilə Bakıya güclü qoşun yeridildi, silahsız, əliyalın, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklər törədildi. Sovet ordusunun bu vəhşiliyi nəticəsində 131 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olunaraq işgəncələrə məruz qaldı. Yaşayış binalarına, ictimai binalara, şəhər təsərrüfatına xeyli maddi zərər dəydi.
Azərbaycan tarixinə 20 yanvar faciəsi kimi düşən bu qanlı gündən sonra o vaxtkı Azərbaycan rəhbəri Əbdürrəhman Vəzirov Moskvaya qaçdı, onun digər əlaltıları da gözləmə mövqeyi tutdular. Ancaq həmin hadisənin səhəri günü yanvarın 21-də Azərbaycan xalqının böyük lideri, Moskvadakı böyük vəzifəsindən istefaya göndərilmiş Heydər Əliyev Qorbaçovdan və heç kəsdən çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək Bakıda törədilən bu qanlı faciənin Sovet imperiyası rəhbərliyinin və şəxsən Qorbaçovun çirkin əməli olduğunu bəyan etdi, tarixdə ilk dəfə 20 yanvar faciəsinə siyasi qiymət verdi.
Rəsmi olaraq da bu faciəyə hüquqi-siaysi qiymət, Heydər Əliyev Azərbaycanda 2-ci dəfə hakimiyyətə gələndən sonra, 1994-cü ildə Azərbaycan Milli Məclisində məhz Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir.
20 yanvar Bakı faciəsinin mahiyyəti və onun Azərbaycan tarixində yeri bunlardan İbarətdir.
VAQİF MƏMMƏDOV,
Tarix üzrə fəlsəfə doktoru, dosent.
1948-2016