13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil naziri Ceyhun Bayramov, Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, nazirlik yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov builki sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturunun iştirak etdiyini bildirib. Ceyhun Bayramov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından  ötən dövr ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə bir sıra mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Əldə edilmiş nailiyyətlər təhsil müəssisələrinin, təhsil işçilərinin, müəllimlərin səyləri və bütövlükdə cəmiyyətin verdiyi töhfə nəticəsində mümkün olub.

Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun sərgidə iştirakına toxunan Ceyhun Bayramov deyib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan bu iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıq qurulmalıdır. Nazir qeyd edib ki, sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək.

Ceyhun Bayramov bildirib ki, nazirliyin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatlar və əldə olunan nailiyyətlər sərgidə ayrı-ayrı pavilyonlarda əhatəli şəkildə öz əksini tapıb. Təhsil naziri sərginin gələcək hədəflərə nail olunması baxımından qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə, təhsilin və məşğulluğun inkişafı sahəsində yeni layihələrin həyata keçirilməsinə öz dəyərli töhfəsini verəcəyini əlavə edib.

Nazir çıxışının sonunda sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib və uğurlar arzulayıb.

Daha sonra çıxış edən Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyə arasında səmimi, dost və qardaş münasibətlərinin mövcudluğundan söz açıb.  Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söyləyib. Bildirib ki, hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur.

Türkiyə Respublikasının Milli təhsil naziri Ziya Selçuk çıxışının sonunda bu səfərin təhsil sahəsindəki əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcəyinə inamını ifadə edib.

Sərgidə Avropa Komissiyasında “NEAR” Baş direktorluğunun bölmə rəhbəri Vassilis Maraqos və “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun da çıxış etmişlər.

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi üç gün davam edəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.