944-cü ildə slavyanların Bərdəyə basqınlarından sonra, Azərbaycanın baş şəhəri rolunu itirir və Gəncə ilə əvəzlənir. Bundan sonra Gəncə Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatında mühüm rol oynamağa başlayır.
Şəddadilər dövlətinin paytaxtı olan Gəncənin hərbi qüdrətinin və şəhərin müdafiəsinin gücləndirilməsinin səbəbi IX-XI əsrlərdə slavyanların, erməni-gürcü və Bizans qüvvələrinin, XI əsrdə alanların Azərbaycan ərazisinə qarətçi yürüşlərinin olması idi. Gəncə çayının sağ sahilində tikilən qalanın inşası IX-XI əsrləri əhatə edir. Bu qalanın tikintisində Gəncə memarlığının ənənəvi nümunəsi olmuş qırmızı kərpicdən istifadə olunub. Həmçinin tikintidə, gil, palçıq, çay daşları da işlədilib. Gəncə Qalasının ümumi uzunluğu 13,7 km, hündürlüyü isə 12 m-dir. Qalanın giriş qapısı olan Gəncə Darvazaları XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun (1049-1067) göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanmışdı. Gəncə darvazaları çuğun və dəmirdən hazırlanmış, üzəri basma üsulu ilə ornament və naxışlarla bəzədilmişdir. 1139-cu ildə sentyabrın 30-da, Gəncədə baş vermiş 9 ballıq güclü zəlzələdən (zəlzələ zamanı Gəncə şəhəri dağılmış, çox sayda insan həlak olmuş və Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qabağını kəsmiş və təbii gözəlliyi ilə fərqlənən Göy-Göl gölü yaranmışdır) istifadə edərək şəhərə qarət məqsədi ilə hücum etmiş I Demetrenin başçılıq etdiyi gürcülər bu nadir sənət nümunəsini qənimət kimi Gürcüstana aparmışlar. Hazırda Gəncə qapılarının bir tayı Gürcüstanın Kutaisi rayonunun Helat (Gelati) monastrında saxlanılır. Helat monastrının cənub hasarına (IV Davidin qəbri qarşısındakı divara) bərkidilmişdir. Bu qapıların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir.
Darvazanın digər tayının aqibəti haqda isə Azərdaycan Sovet Ensiklopediyasının IV cildində belə məlumat verilir: «XVIII əsrdə monastır təmir olunarkən, Gəncə darvazasının bir tayı dam örtüyünə istifadə olunmuşdur».Darvazanın salamat qalan tayının üzərində Kufi xətlə, ərəb dilində yavzılmış belə ifadələr (tərçüməsi) var: “Rəhmli və mərhəmətli Allahın Adı ilə! Həşəmətli Mövlamız və Əmrimiz Seyid Savur ibn Əl-Fəzl – Allah onun hökmranlığını uzun etsin – bizə bu qapını Qazi Əbül Fərəc Məhəmməd ibn Abdullanın inayəti ilə qurmağı əmr etdi – Allah ona da müvəffəqiyyət versin.
Dəmirçi İbrahim ibn Osman Ənqaveyhin işi. Beşinci, əllinci, dörd yüzüncü il hicri” (1063-cü il).
Helat monastrına gələn turistlərə bu qapıların dağıdıcı Gəncə zəlzələsindən sonra yaranmış xaosdan istifadə edərək qarətçilik edən gürcülər tərəfindən deyil, guya gürcü çarının Gəncəni döyüşlə tutduğu və darvazanın zəfər rəmzi kimi Gürcüstana gətirildiyi fikri aşılanır.
Gəncə Darvazasının yenidən Azərbaycana qaytarılması bu gün də aktual mövzulardan biridir. Bu kimi tarixi əhəmiyyətli milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səylər daha da gücləndirilməlidir.