Ərəbdilli mətbuatda iordaniyalı akademikin Ulu Öndər haqqında məqaləsi yayımlanıb

Ərəbdilli “Əcnədin”, “Cohinya” qəzetlərində və “Əl Hərir” portalında iordaniyalı akademik Mərvan Sudanın “Heydər Əliyev şəxsiyyətinin Azərbaycan və beynəlxalq miqyasda əhəmiyyəti” sərlövhəli məqaləsi yerləşdirilib.

Məqalədə dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Sovet İttifaqının ən böyük liderlərindən biri olmuş Heydər Əliyevin vəfatının ildönümü olduğu diqqətə çatdırılıb. Müəllif qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Qafqaz regionunda və beynəlxalq aləmdə də dahi siyasətçi kimi tanınıb. Məhz onun müdrik siyasəti sayəsində gündən-günə inkişaf edən Azərbaycan yerləşdiyi geosiyasi məkanda, həmçinin Yaxın Şərqdə, o cümlədən ərəb dövlətlərində etibarlı tərəfdaş, dost ölkə kimi mövqeyini möhkəmlədib. On səkkiz il əvvəl dahi siyasətçinin vəfatı xəbərini ərəb ölkələri də daxil olmaqla, bütün dünya dövlətləri dərin kədərlə qarşılayıb.

M.Sudan yazıb ki, dərin biliklərə, böyük zəkaya və dövlət idarəçiliyi təcrübəsinə malik olan Heydər Əliyev ən çətin şəraitdə öz xalqını fəlakətdən xilas edərək inkişaf yoluna çıxara bilib. Məhz bu misilsiz xidmətlərinə görə azərbaycanlılar və bütün dünyada Azərbaycanın dostları onun əziz xatirəsini ehtiramla anırlar. Heydər Əliyev xarizmatik lider və qətiyyətli siyasətçi kimi həmişə dünyanın diqqət mərkəzində olub. Azərbaycanın Asiya ilə Avropa arasında körpü rolunu oynadığını qeyd edən dahi siyasətçi ərəb ölkələri ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirib. Uzaqgörən liderin bu xarici siyasət kursu, eyni zamanda, zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın sürətli inkişafına təkan verib. Heydər Əliyevin uğurlu siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun və dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib.

Məqalədə ərəbdilli oxuculara ulu öndər Heydər Əliyevin müstəqillik illərində dövlət quruculuğu və suverenliyin möhkəmlənməsi istiqamətində atdığı addımlar barədə məlumat verilib. Müəllif vurğulayıb ki, dahi siyasətçi artıq keçmişdə qalmış Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli, həmçinin beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üzrə böyük səylər göstərib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.