Azərbaycanın Xilaskar Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə təcavüzkar Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi-Zəngəzurda dayanmadan bərpa və quruculuq işlərinə hər kəs bacardığı qədər öz töhfəsini verməkdədir. Müdrik siyasi lider İlham Əliyevin siyasi məktəbində yetişmiş görkəmli ictimai xadim, vətənpərvər fədakar xanım, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva isə ilk gündən bu prosesə fəal qoşulan liderlərdən biri kimi yorulmaz fəaliyyəti ilə xüsusilə seçilməkdədir.
Leyla xanım işğaldan azad olunmuş ərazilərdə erməni faşizmi tərəfindən məhv edilmiş ana təbiətin bərpa olunması və ekoloji vəziyyətin yenidən canlandırılmasına öz töhfəsini verməkdədir. Onun təşəbbüskarlığı sayəsində mart ayında start verilmiş “Yaşıl Marafon” kampaniyası çərçivəsində Zəngilan, Cəbaryıl və Qubadlıda minlərlə ağac əkilibdir. “Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı” adlı layihə çərçivəsində isə ötən aylar ərzində Ermənistanın törətdiyi “yaşıl soyqırım”ın ağır fəsadlarının aradan qaldırılmasına başlanılıb. Minlərlə insan, könüllülər və gənc ekoloqlar Leyla xanımın bu nəcib təşəbbüsü ətrafında sıx birləşərək Qarabağda ekoloji tarazlığın bərpa olunması üçün qol çırmayıb meşə salırlar, Zəngilanın dünyaca məşhur çinar ağaclarını, Eldar şamını yenidən əkirlər, çirklənmiş içməli su hövzələrini bərpa edirlər.
Leyla Əliyeva işğaldan azad edilmiş torpaqlarımızda nadir təbiətin füsunkar varlığını özünə qaytarır, Cənab Prezident və Mehriban xanım Əliyeva ilə birgə əvəzolunmaz qoruqlarımızı əvvəlki şöhrətinə qaytarmaq üçün çalışır. Pezidentin Zəngilan rayonuna səfəri zamanı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində çinar ağacları əkən, Bəsitçaya balıq buraxan Leyla xanımın zəhməti öz bəhrəsini göstərməkdədir.
Leyla Əliyeva Qarabağda “yaşıl” hərəkatının qurucusu kimi həm də Ermənistanın törətdiyi ekoloji terror barədə dünya ictimaiyyətini məlumatlandırır, eyni zamanda, dünyanın aparıcı ekoloji təşkilatlarını bu proesə cəlb edir. Leyla xanımın qeyd etdiyi kimi “Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm”.
Leyla xanım həm də Qarabağ müharibəsi veteranı və şəhid ailələrinə
dərin sevgi və ehtiramla yanaşaraq onlara əlindən gələn köməyi göstərir. Onun birbaşa zəhməti hesabına gənc könüllülərlə birgə ölkəmizin müxtəlif rayonlarında “Meyvə ağaclarının əkilməsi” layihəsi çərçivəsində meyvə bağları salınaraq, aztəminatlı ailələrin, Qarabağ müharibəsi və şəhid ailələrinin təmənnasız istifadəsinə verilir.
Leyla xanım təhsilimizin hamisi olan Heydər Əliyev Fondunun vitse-prezidenti kimi məktəb və məktəbəqədər təhsil ocaqlarının yeniləşməsində fədakar əmək sərf edir. Onun aztəminatlı ailələrin, qazilərin və şəhid ailələrinin övladlarına olan xüsusi qayğısı da təqdirəlayiqdir.
Onun geniş ictimai fəaliyyəti Azərbaycanın hüdudlarından kənarda da hər kəsə yaxşı tanışdır. Bu təşəbbüskarlıq minlərlə gənci Leyla Əliyevanın ideyaları ətrafında birləşdirir.
Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti kimi qayğıya, yardıma daha çox ehtiyacı olanlara diqqət yetirir. O, uşaqların, yeniyetmələrin təhsili, sağlamlığı ilə bağlı yeni təşəbbüslər irəli sürür və onların reallaşdırılmasında fəal iştirak edir, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlarayardım göstərir, daim diqqətdə saxlayır. Yeni tədris ilinin başlanması ərəfəsində ehtiyacı olan şagirdlərə çanta və digər vəsaitlərin təqdim edilməsi birbaşa Onun xeyirxahlığının təzahürüdür.
Bu günlərdə Xətai rayonunda ərazisində yeni yaradılan “Gənclik” parkının açılışı da Leyla xanımın təşəbbüskarlığının nümunəsidir. Bir zamanlar baxımsız ərazinin abadlaşdırılması və insanların istirahət məkanına çevrilməsi 2019-cu ilin noyabrında Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsinin həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Leyla xanımın bu təşəbbüskarlığını dəstəkləyən Cənab Prezident və Mehriban xanımın xüsusi diqqəti sayəsində həmin ərazi, beləliklə, Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.
Leyla xanımın bir devizi var, daha çox xeyirxah işlər görmək. Onun bu təqdirəlayiq geniş fəaliyyəti Azərbaycan cəmiyyətində dərin rəğbət
və məhəbbət doğurur.