Zəfər Qurbanov ADAU-nu məhvə aparır -Azərbaycan Dövlət Aqrar Universitetindən bizə yazırlar

Etmtv.news təhsil portalına ADAU-nun bir qrup əməkdaşı tərəfindən yazılan məktub daxil olmuşdur. İmzasızdır. Adətən belə məzmunlu məktubları dərc etmir, israrla məktub göndərən insanlarla əlaqə yaratmağa çalışır, yazılanları dəqiqləşdirməyə, məktublardakı faktları araşdırmağa can atırıq. Qayda belədir. Bu dəfə oxuduqlarımız bizi ağrıtdı. Görəsən yazılanlar doğrudurmu? Onsuz da Zəfər Qurbanovla əlaqə yaratmaq və göstərilən faktları dəqiqləşdirmək mümkünsüz bir işdir. Heç rəsmi məktublarımıza belə cavab yazmaz. Rektordu axı… Onların hamısı belədir. 

Bir sözlə, məktubu dərc edirik, çünki, bu məktubda qeyd olunanlara oxşar onlarla faktlar bilirik. Biri az, biri çox.

Beləliklə…

Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ

 Surəti: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədova

Surəti: Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı NİYAZİ BAYRAMOVA

                                                                                      ZƏFƏR  QURBANOV  ADAU-NU  MƏHVƏ APARIR

Cənab Prezident, biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyəti  universitetimizdə baş verən özbaşınalıqlarla bağlı Sizə müraciət etmək qərarına gəldik.

Cənab Prezident, insanlar da sanki kitablar  kimidir, onların əsl üzünü, üzünə baxınca deyil, zamanla səhifələrini oxuduqca anlamaq olur. Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinə rektor təyin olunanda  bütün kollektiv elə zənn etdi ki, bu adamın gəlişi aqrar təhsilə  böyük təkan verəcək.

Lakin, kitab kimi zamanla səhifələnən Zəfər Qurbanov işlədiyi müddət ərzində aqrar sahədən, eləcə də idarəetmə işindən tam bixəbər olduğunu sübut etdi.

Zəfər Qurbanov Aqrar Universitetə rektor təyinatından bu günə qədər nə düz əməlli bir kadr islahatı aparır, nə universitetin inkişafı üçün bir addım atır, nə də müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün əmək haqqını qaldırır.

Aqrar təhsil ocağında Zəfər Qurbanovun rektor təyinatından sonra haqsızlıq geniş vüsət almışdır. Zəfər Qurbanov öz yarıtmaz fəaliyyəti, tədrisi məhv etməsi ilə sabiq rektor İbrahim Cəfərovun atasına rəhmət oxutdurur. Aqrar təhsil ocağının tarixi inkişafı məhz elə sabiq rektor İbrahim Cəfərovun dövründə olmuşdur, nəticədə onun rektorluq dönəmində ölkə Prezidenti kimi Siz üç dəfə ADAU-ya rəsmi səfər etmiş, yaranmış şəraitlə yerində tanış olmuş, görülən işlərə böyük qiymət vermişsiniz. ADAU-nun inkişafında həmişə lazımi addımlar atdığınıza görə kollektiv adından Sizə dərindən təşəkkür edirik.

Cənab Prezident, amma indi universitetdə sanki, həyat dayanıb. Zəfər Qurbanov iclasları çox sevir, bütün günü orda-burda yalandan mənasız iclas keçirir, saatlarla davam edən iclaslarda yalnız özü danışır, özünü tərifləyir. Elmi Şurada qərar qəbul edərək, Dünya Bankının xətti ilə tikilən, praktik və əyani tədris vasitəsi olan fermanı tamamilə ləğv etdi. Bu ferma tələbə yataqxanasının yaxınlığında yerləşirdi. Onu tam dağıdaraq dedi ki, Uçxoz var. Uçxozda olan təsərrüfat isə çox uzaqdır, ona görə də ora tələbələr  gedə bilmir. Bunlar da tədrisə çox pis təsir göstərir, dünya bankının xətti ilə tikilən bu fermalarda sadəcə idarəçiliyi nizamlamaq lazım idi, lakin Zəfər Qurbanov bunu etmək əvəzinə, bu fermaları tamamilə dağıtdı.

Sabiq rektor İbrahim Cəfərov heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.

Zəfər Qurbanov univrsitet Elmi Şurasında  çıxış edərək bildirir ki, mənə kafedraları və diğər strukurları idarə etmək üçün menecer lazımdır. Bu adam başa düşmür ki, menecer sözünün mənası nədir? Ötən il Aqronomluq fakültəsində uzun müddət Elmi-Tədqiqat İnstitutunun direktoru işləmiş, Gəncə Regional Aqrar Elm Mərkəzinin direktoru olmuş, Sizin tərəfinizdən əməyinə “Tərəqqi” medalı verilmiş Həsənəli Aslanovu aşağılayaraq “mənə sənin kimi elmlər doktoru lazım deyil, sən get alimliyinlə məşğul ol, mənə kafedranı idarə etmək üçün menecer lazımdır”  dedi.  Zəfər Qurbanov yaxşı işləyən, tələbələrin sevimlisi, məsuliyyətli, çox savadlı olan Hümbət Hümbətovu  vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.

İndi isə Meşəçilik kafedrasının müdiri Vidadi Səmədovu təhqir edir. Vidadi Səmədov o dövrlər ulu öndərimiz Heydər Əliyevin Moskvaya təhsil almağa göndərdiyi gənclərdən olub. Bütün ömrünü elmə həsr edən, təmənnasız, heç bir zaman rüşvət almayan, uzun müddət Aqrar Universitetdə  böyük əməyi olan, bir çox Beynəlxalq layihələrdə iştirak edən, uzun müddət Amerikada – Kaliforniyada elmi-tədqiqat işi aparmış, rus və ingilis dillərini çox yüksək səviyyədə bilən , bu dillərdə yüksək səviyyədə dərslər keçən  və bu gün də Azərbaycanda bir çox yenilikləri ilə seçilən bir şəxsdir.

Vidadi Səmədovun  görkəmli alim Azad Mirzəcanzadə kimi ailəsi belə yoxdur, bütün ömrünü elmə həsr edib. Sabiq rektor İbrahim Cəfərov onun bu qabiliyyətinə, qeyri-adi fəaliyyətinə həmişə yüksək dəyər verirdi, onu kafedra müdiri seçmişdi.  Belə bir şəxs bisaavad, aqrar sahədən heç bir xəbəri olmayan, İnam Kərimovun dayağı sayəsində ADAU-da at oynadan Zəfər Qurbanov tərəfindən təhqir olunur, aşağılanır. Universitet Elmi Şurasında Vidadi Səmədov çıxış edərək bildirdi  ki, dərslərdə tələbələrlə ciddi məşğul olmaq lazımdır, tələbələrdə motivasiya yaradılmalı, kurs layihələri geniş şəkildə işlənilməli, əyaniliyə üstünlük verilməli, praktiki məşğələlərin keçilməsi üçün müvafiq avadanlıqlar alınmalıdır.

Zəfər Qurbanov buna cavab olaraq bildirdi ki, sən mənə göstəriş vermə, sən kimsən, mən özüm bilirəm ki, nə etmək lazımdır. Sən tələbələrə qarşı çox tələbkarsan, tələbkarlığı azaltmalısan. Sən nə qədər dərsdən danışacaqsan? Yeri gələndə sən auditoriyada tələbələrə nağıl danış, lətifə danış. Elmdən az danış,  lətifə danış, qoy tələbələr narazı qalmasın. Belə görünür ki, mənlə səninki tutmayacaq. Mən səni kafedra müdirliyindən çıxaracam.

Zəfər Qurbanov gəldiyi iki ildən artıq müddətə universitetdə heç bir normal kadr islahatı belə apara bilməyib. Bu şəxsin nə aqrar sahədən, nə rektor  kimi idarəetmə işindən, nə  də  elmi-tədqiqat  işindən xəbəri yoxdur. Bu adam uzun müddət Həmkarlar  Təşkilatında işləmişdir. İdarəetmə təcrübəsinin olmaması səbəbindən ADAU kimi tarixi ənənələrə malik olan bu universitet batıb gedir. Sabiq rektorlar Mirdamət Sadıqovun, İbrahim Cəfərovun dövründə  yaradılmış  infrastruktur məhv olub gedir, təmir olunmur,  təmirə yazılmış  pullar  tamamilə  mənimsənilir.

Professor-müəllim kollektivi arasında özbaşınalıq, anarxiya  baş alıb gedir, professorlar dəyərləndirilmir, savadlı və qabiliyyətli adamlar vəzifələrdən tamamilə kənarlaşdırılıb. Universitetdə vəzifələrə savadsız, qabiliyyətsiz, rektora itaət edən şəxslər təyin olunur.

Bu yaxınlarda Heydər Əliyev mərkəzində keçirilən Beynəlxalq elmi konfransda universiteti  vaxtı ilə ən qabaqcıl universitetlər siyahısına  salmış  akademik İbrahim  Cəfərov, Fuad Əliyev və digər görkəmli elm adamları  dəvət olunmadı.

Hal-hazırda universitetdə imtahan sessiyası gedir. Bu sessiyada rüşvətxorluq baş alıb gedir. Bu imtahan qərərgahının əməkdaşları  qazanc uğrunda yarışa giriblər. Zəfər Qurbanov isə obyektivlikdən, şəffaflıqdan pafosla danışır.  Maraqlıdır, Zəfər Qurbanov hansı üzlə deyir ki, mən olan yerdə rüşvət ola bilməz? Zəfər Qurbanovun idarəçiliyi altında dekan Famil Nəsibov  Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin  əməkdaşları tərəfindən əlində külli-miqdada pul ilə tutuldu, məhkəmə qərarı ilə işindən azad edildi. İnam Kərimovun Ali Məhkəməyə sədr təyin olunmasından sonra İnam Kərimovun, eləcə də Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayevin koməkliyi ilə ev dustaqlığına buraxıldı, yeni tədris ilində isə Zəfər Qurbanov onun yenidən universitetdə işinə bərpa olunması üçün söz də verib.

Sabiq rektor Mirdamət Sadıqovun vaxtında İmtahan Qərərgahının rəisi uzun müddət aqrar universitetdə yaxşı mütəxəssis olan professor Nazim Yusifov idi. Nazim Yusifov  universitetin inkişafında canını qoymuş, ətrafına kafedralarda  böyük  təcrübəyə  və  pedaqoji  ustalığa malik olan adamları cəlb etmiş və imtahan sessiyasında obyektivliyin tam təmin olunması üçün əlindən gələni etmişdi. Zəfər Qurbanov isə layiqli kadrları özündən tam aralamış, universitetə kənardan gəlmiş, ixtisası olmayan, aqrar sahəyə tamamilə yad olan şəxsləri  imtahan qərərgahına, eləcə də müxtəlif vəzifələrə təyin etmişdir.

Cənab Prezident, bütün internet resurslarını axtarsaq Zəfər Qurbanovun ümummilli liderimiz Heydər Əliyev haqqında bir çıxışına rast gəlmək qeyri-mümkündür. Heydər Əliyevin fəaliyyəti  haqqında bir kəlmə danışmayan Zəfər Qurbanov  kimlərinsə təqdimatı əsasında ümummilli liderimizin  100 illiyi ilə bağlı Yubiley medalını  almağa belə nail olub.

Cənab Prezident, Azərbaycan Dövlət Aqrar Universiteti ilə Türk Hava Yolları aviabiletlərin satınalınması üzrə başlanıldığı tarix bəlli olmayan açıq tender müsabiqəsinə yekun vurulmuş və “Türk Hava Yollari Anonim Ortakliği”nın Azərbaycandaki nümayəndəliyi ilə 252.100 manat  və digər məbləğlərdə  bir neçə dəfə satınalma müqaviləsi bağlanmışdır.

Maraqlıdır,  Azərbaycan Dövlət Aqrar Universitetinə aviabiletlərin satınalınmasına təcili tələbat hansı zərurətdən yaranıb? Azərbaycan Dövlət Aqrar Universitetindən 27.03.2024-cü il tarixdən 31.12.2024-c il tarixə neçə nəfərin, nə məqsədlə, haradan, haraya uçacağı bəlli olmayan aviabiletlər alması nə qədər təcili tələbatdır? Vaxtı əvvəlcədən müəyyən olunmuş hər hansı bir beynəlxalq tədbirlərə aviabiletlər bron etmək olar. Məlum olduğu kimi aviabiletləri bir neçə ay qabaqcadan sifariş verdikdə, yəni bron etdikdə  qiymətlər xeyli aşağı ola bilər. Belə olan təqdirdə, Azərbaycan  Dövlət Aqrar Universiteti 252.100 manata ən azı 350 -400 bilet bron etmiş olur. Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalında Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən 25 nəfər türk mütəxəsislərin hər biri ilə 12.240 manat məbləğində satınalma müqaviləsi bağladığı barədə 18.03.2024-cü il tarixdə məlumat açıqlanıb. Bütün bunlar universitetin büdcəsinin dağıdılmasına və Zəfər Qurbanov tərəfindən mənimsənilməsinə xidmət edir.

         Cənab Prezident! 

Siz həmişə ADAU-nun inkişafı üçün əlinizdən gələni etmisiniz, üç dəfə bizim universitetdə olmusunuz. Sizin göstərişinizlə  və əməyinizlə  yaradılmış infrastruktur, eləcə də universitet  Zəfər Qurbanovun yarıtmaz idarəçiliyi ucbatından məhvə  doğru gedir.

İnanırıq ki, ən qısa zamanda aqrar təhsil ocağında tüğyan edən özbaşınalıqlara son qoyulması üçün göstəriş verəcəksiniz.

                                                         Hörmətlə,

                                                         Azərbaycan Dövlət Aqrar Universitetinin      

                                                         professor müəllim heyəti

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.