Yeni zirvələri məhz İlham Əliyevin Liderliyi ilə fəth edə bilərik -Pərvin Kərimzadə

Ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan 2024-cü ilin 7 fevral seçkiləri müdrik xalqımızın taleyüklü məsələdə, ulu öndər Heydər Əliyevin layiqli varisi İlham Əliyevə yenidən etimad göstərərək Prezident seçməkdə yanılmadığını təsdiq etdi. Ölkə vətəndaşları, həmçinin milli maraqlara söykənən praqmatik və düşünülmüş siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyə, dayanıqlı və dinamik inkişafa, xalq-iqtidar birliyinə növbəti dəfə səs vermiş oldular.

İlham Əliyevin hakimiyyətdə olduğu 20 il dərin iqtisadi islahatlar illəri oldu və bu gün biz islahatların nəticələrinin bəhrəsini bütün sahələrdə görürük. Dünyada mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə iqtisadiyyatımızın dayanıqlığı təmin olundu, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atıldı. Bütün istiqamətlər üzrə yeni-yeni nailiyyətlər qazanıldı. Sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsində vətəndaşların mənafeyinə xidmət edən islahatların dərinləşdirilməsi prioritet istiqamətlərdən oldu.

Minimum əməkhaqlarının, əmək pensiyalarının, bütün növ sosial müavinətlərin, təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada götürülmüş kreditlərin devalvasiya nəticəsində artan hissəsinin ödənilməsi barədə qərarın qəbul edilməsi 2003-cü ildən yeni vüsət alan müstəqil dövlət quruculuğu istiqamətində qazanılan nailiyyətlər nəticəsində mümkün olub.

Andiçmə mərasimində Prezident İlham Əliyev ciddi islahatlar aparılacağını, islahatları dərinləşdirəcəyini, vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasına yönələn addımların atılmasını vəd etdi. Hər zaman sözü ilə əməli bir olan, xalqına arxalanan və siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan dövlət başçısı bu dəfə də vədini yerinə yetirəcəkdir. Sosial inqilab xarakterli qərarlar, fərman və sərəncamlar əhalinin bütün təbəqələrini əhatə edir. Ötən illərdə də Prezident İlham Əliyevin daim xalqla bir olduğunun, hər bir vətəndaşa xüsusi diqqət və həssaslıqla yanaşdığının şahidi olmuşuq. Məhz, bunun üçün də müdrik və uzaqgörən Azərbaycan xalqı öz Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini birmənalı olaraq dəstəkləyir və hər zaman dövlət başçısının yanında olduğunu bildirir.

Ölkəmizdə xalq-iqtidar birliyi hökm sürür. Xalq Prezident İlham Əliyevin yorulmadan dövlətçiliyin möhkəmləndirilməsi, xalqın firavan həyat şəraitinin inkişaf etdirilməsi naminə apardığı inqilabi islahatları, daxili və xarici siyasəti yüksək qiymətləndirir. Bütün bunlar dünyanı bürüyən mürəkkəb və ziddiyyətli proseslər dövründə ölkəmizin siyasi sabitliyinin, iqtisadi inkişafının, sosial rifahının yeganə qarantının Prezident İlham Əliyev olduğunu təsdiq edir.

Ümumiyyətlə, seçkilər demokratik dövlətlərin, xalqların inkişaf tarixində çox mühüm rola malikdir. Seçkilər həm əvvəlki dövrün hesabatının aparılması, əldə olunan nəticələrin təhlil edilməsi baxımından əhəmiyyətlidir, həm də dövlətin qarşıdakı dövrdə inkişaf paradiqmalarının müəyyənləşdirilməsində böyük önəm kəsb edir. Bu baxımdan, Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin ölkəmizin demokratik inkişafı yolunda növbəti parlaq səhifədir.

Azərbaycan dövləti tərəfindən bu seçkilərin beynəlxalq standartlara uyğun demokratik şəraitdə keçirilməsi üçün lazımi şərait yaradılmışdı. Seçkilərə ictimai maraq yüksək səviyyədə idi. Hər bir namizəd üçün azad rəqabət şəraiti təmin olunmuşdu. Seçki prosesləri tam qanunvericiliyə uyğun həyata keçirilirdi. Ümumiyyətlə, Azərbaycan seçkilərin demokratik təşkili sahəsində zəngin təcrübəyə, mütərəqqi və beynəlxalq standartlara cavab verən təkmil qanunvericilik bazasına malikdir.

Əminliklə deyə bilərik ki, partiyamızın prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürməsi xalqımızın istək və arzularından irəli gəlir. Biz təbliğat və təşviqat kampaniyası dövründə insanlarla görüşür, onların rəylərini, fikirlərini öyrənirdik. Bundan əvvəl də ictimaiyyətlə görüşlərdə müşahidə etdiklərimiz, cəmiyyətin əhval-ruhiyyəsi açıq şəkildə göstərirdi ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının bu qərarı Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin mövqeyini və iradəsini ifadə edir. Vətəndaşlarımızın Prezident İlham Əliyevlə bağlı söylədikləri xoş sözlər bir daha partiyamızın qərarının nə qədər yerində və obyektiv olduğunu sübuta yetirir.

Azərbaycanın inkişafının təməlində Heydər Əliyev siyasəti dayanır. Məhz Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək müstəqlliyimizin dönməzliyini təmin etdi və ölkəmizi inkişaf yoluna çıxardı. Bütövlükdə, Ulu Öndərin dövlətimiz və xalqımız qarşısında xidmətləri misilsizdir. Azərbaycan xalqı bu xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır və Onun müəyyənləşdirdiyi yola sadiqdir. 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızın Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etimad göstərməsi məhz bu reallığın bariz göstəricisidir.

Bu gün hər bir vətəndaş dərk edir ki, Azərbaycanın əzəmətli inkişafı birbaşa Prezident, YAP-ın sədri İlham Əliyevin adı və həyata keçirdiyi düzgün siyasətlə bağlıdır. Çünki dövlət başçısı İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Son 20 il ərzində Azərbaycan böyük və şərəfli inkişaf yolu keçib, möhtəşəm tarixi nailiyyətlər qazanıb. Dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib, insanların rifahı yaxşılaşıb. Prezident İlham Əliyevin xalqa verdiyi bütün vədlər real həyatda öz əksini tapıb. Bu müddətdə Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik olan, vətəndaşların sosial problemlərini həll edən, insanların həyat standartlarının sürətlə yüksəldiyi bir dövlət kimi böyük nüfuz qazanıb. 2003-cü ildən inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanın ötən 20 illik şanlı və zəngin tarixi bizim üçün qürur mənbəyidir.

Ali Baş Komandanın uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu ən müqəddəs vəzifənin yerinə yetirilməsinə, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman ordumuzun gücü və xalqın birliyi ilə Zəfərlə sona çatdı. O zaman İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoyduq. 2023-cü il aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi zərurətdən irəli gəlib. Həmçinin ötən il sentyabrın 20-də şanlı ordumuz Qarabağda lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyini tam təmin etdi. Beləliklə, Azərbaycan Prezident İlham Əliyevin Liderliyi ilə ərazi bütövlüyünə və suverenliyinə qovuşdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Eyni zamanda, şəhidlərimizin qanı yerdə qalmadı, onların qisası alındı.

Hazırda işğaldan azad olunmuş ərazilərimizin bərpası istiqamətində möhtəşəm işlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi hazırda əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın doğma yurda qaytarılmasıdır. Tarixi Zəfərlər nəticəsində yaradılmış yeni reallıqlar Qarabağın və Şərqi Zəngəzurun bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tezliklə reallaşacağını deməyə əsas verir. Bütün bunlara görə insanlar prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini məhz bu reallıqları dərk edərək, həmçinin digər tarixi nailiyyətlər fonunda dəyərləndirirlər.

Əlbəttə, inkişaf davamlı bir prosesdir və zaman dəyişdikcə, qarşıya yeni vəzifələr, yeni hədəflər çıxır. Azərbaycanın da gələcək perspektivdə yeni və daha möhtəşəm hədəfləri, çox böyük planları var. Bu hədəflər dövlətimizi daha güclü etməklə inkişafın yeni mərhələsinə çatdırmaq, insanların rifahını daha da yüksəltmək və beləliklə, Azərbaycanın  dünyanın inkişaf  etmiş ölkələri sırasında yer almasını təmin etməkdən ibarətdir. Bu əzəmətli zirvələri isə xalqın etimadını doğrultmuş, milli maraqları və dövlət mənafeyini cəsarətlə qoruyan bir Liderlə fəth etmək olar. O Lider isə, şübhəsiz ki, cənab İlham Əliyevdir.

Dövlət başçısının dediyi kimi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası müasir tariximizdə yeni dövrün başlanğıcıdır. Yeni dövrdə yeni hədəflərimiz var. Bu hədəflərə məhz qalib xalqın qalib Lideri İlham Əliyevin rəhbərliyi ilə çatmaq mümkündür. Biz inanırıq ki, Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevi dəstəkləyərək, ölkəmizin daha da güclənməsinə səs verdi. Bununla həm də xalqımızın, dövlətimizin daha parlaq gələcəyinə səs vermiş olduq.

Cənab İlham Əliyevi dəstəkləmək möhtəşəm nailiyyətlərin davamlı olmasına, iqtisadiyyatımızın daha da inkişafına, növbəti Qələbələrimizə səs vermək  deməkdir.

 Pərvin Kərimzadə,

Millət vəkili.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.