Yeni təfəkkürlə Yeni Azərbaycan Parlamenti quruculuğu…

… 2019-ci il Azərbaycanda demokratik dövlət quruculuğu kursunun prinsiplərinə uyğun olaraq yeni, geniş islahatların başlanması ilə yadda qalmaqdadır. İslahatlar çərçivəsində ilk növbədə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dövlət aparatının müasirləşdirilməsi, yeni təfəkkürə malik çevik kadr potensialının önə çəkilməsi, biznesin şəffaflaşdırılması və digər innovativ həllərin tətbiqi geniş xarakter almaqdadır.
… İslahatlar yeniləşmə, təkamül, inkişaf deməkdir. Dövlətin yeni idarəetmə metodlarını tətbiq etməklə siyasi, iqtisadi, sosial gücünü möhkəmləndirməsi, demokratik sistemi gücləndirməsidir. Bu baxımdan islahatlar yeniləşən, müasirləşən, inkişaf edən Azərbaycanın iqtisadi və siyasi gücünün daha da artmasında mühüm rol oynayacaqdır.
… Aparılan islahatlar siyasi, hüquqi və institisional sahələrlə həmahənglik təşkil etdiyindən dövlətin ən mühüm ali strukturlarını əhatə etməsi məntiqlidir.
… “Biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik” deyə bəyan edən Prezident İlham Əliyev nümayiş etdirdiyi qəti iradə ilə təsdiləyir ki, idarəetmədə struktur köhnəlib. “Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Aparılan islahatlar da bu məqsədi güdür.
… Azərbaycan Prezidenti yeni çağırışlara əsaslanan demokratik dövlət quruculuğu yolunda inamla yorulmadan çalışır, sürətlə dəyişən müasir dünyada daha effektiv və özünü doğruldan modellərin tətbiqinə geniş yer verir. Yeni idarəetmə modelləri iqtisadi və siyasi həyatın dinamikliyini təmin edir.
… Ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası (YAP) da İnkişaf edən, Müasirləşən, Yeniləşən Azərbaycanın yeni çağırışlarının fəlsəfəsinə uyğun olaraq təkmilləşmənin təşəbbüskarı kimi çıxış edir. YAP Sədri Cənab İlham Əliyevin və YAP Sədrinin müavini Mehriban xanım Əliyevanın müasir islahatlar kursunun əsas fəlsəfəsi vətənpərvər, milli, müasir düşüncə və təfəkkürə malik, yenilikçi kadrlarla daha böyük uğurlara nail olmaqdır.
… YAP yeniləşən idarəetmənin, islahatların fəlsəfəsinə uyğunlaşaraq siyasi-hüquqi sahələrdə dəyişiklikləri vacib hesab edir. YAP Siyasi Şurasının təklifi əsasında Azərbaycanın ali qanunverici orqanının – Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də aparılan qətiyyətli siyasətə uyğun olaraq hüquqi, instisional demokratik dəyişikliklərdən doğan zərurətdir.
… Etiraf edilməlidir ki, hazırda Nazirlər Kabinetinin yeni komandasının formalaşmasından sonra hökumətin işində ciddi dönüş yaranıbdır. Bu prosesin digər ali orqanı – Milli Məclisi də əhatə etməsi siyasi arxitekturanın yenidən qurulmasının fəlsəfəsinə uyğundur. Parlament qanunverici orqan kimi ölkədə aparılan çevik və dinamik islahatların ahənginə, fəlsəfəsinə tam cavab vermir, yürüdülən praqmatik və yeni siyasi çağırışların tempi ilə uzlaşmır, ayaqlaşmır. Ölkədə aparılan yeniləşmə fəlsəfəsinin ruhuna uyğun olaraq qanunverici orqanın proseslərə daha fəal və çevik reaksiya verməsi, həqiqi qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi, qanunlar qəbul etməsi dərin siyasi ehtiyacdır. Bu baxımdan yeni seçiləcək parlament komandasından gözləntilər çox böyükdür…

Vaqif Abdullayev, 

Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.