Xarici media nümayəndələri Gəncəyə səfər ediblər

Türkiyənin “Haber Global” televiziyasında yayımlanan “Benim şehrim” verilişinin aparıcısı K.A.Kürşad Tüzmen Gəncəyə səfər edib. Səfər çərçivəsində o, 44 günlük Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət edib, şəhid olanların xatirəsinə ehtiramını bildirib. Türkiyəli qonağa Ermənistanın törətdiyi hərbi cinayətlər barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, K.A.Kürşad Tüzmenin Gəncə şəhərinə səfərinin əsas məqsədi “Haber Global”da yayımlanan “Benim şehrim” adlı proqramının növbəti buraxılışınının Gəncəyə həsr edilməsidir. Verilişdə Gəncə şəhəri tarixi abidələri, mətbəxi və dəyərləri ilə tanıdılır. Proqramda Gəncənin 44 günlük Vətən müharibəsi dövrü isə xüsusi yer tutur. Cəbhə xəttindən 60 km uzaqda, hərbi obyektlərin yerləşmədiyi bir şəhərin Ermənistanın raket hücumuna necə məruz qaldığını dünyaya bir daha göstərmək üçün Kürşad Tüzmen həmin yerlərdə olub, sakinlərlə görüşərək müsahibələr alıb.
“Jewish News Syndicat”ın keçmiş baş redaktoru Jacob Kamaras Gəncə şəhərinə səfər edib. Səfər çərçivəsində o, 44 günlük Vətən müharibəsi zamanı Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan əraziyə baş çəkib, Ermənistanın hərbi cinayətləri ilə yerində tanış olub.
Qonağa məlumat verilib ki, Gəncə şəhərinin ardıcıl raket hücumlarına məruz qalması nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 142 dinc sakin isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Qeyd edək ki, Jacob Kamarasın “The Washington Times”, “Independent Journal Review”, “The American Spectator”, “The Daily Caller”, “CNS News” və digər nəşrlərdə dəfələrlə Yaxın Şərq, Amerika siyasəti və Avrasiya ilə bağlı yazıları dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.