“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində Gəncə şəhəri haqqında videoçarx hazırlanıb

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilir. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar, Qax rayon və Şəki şəhər MKS-ləri də iştirak edirlər.

Növbəti videoçarx Azərbaycanın əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhəri olan Gəncə haqqındadır. Videoçarxda Gəncə şəhəri, onun təbiəti (fauna və florası), tarixi abidələri, muzeyləri, ziyarətgahları haqqında məlumatlar əks olunub, tanınmış şəxsiyyətlərinin siyahısı verilib. Videoçarxda Gəncədə qədim dövrlərdən indiyədək inkişaf etmiş sənətkarlıq sahələri (xalçaçılıq, dulusçuluq, zərgərlik, misgərlik və s.) haqqında fotolar toplanıb. Gəncə mətbəxinin ləziz təamlarından olan Gəncə paxlavası, dovğa və digərlərinin fotoları verilib.

Videoçarx Xalq artisti Şahnaz Haşımova və Əməkdar artist Nəzakət Məmmədovanın ifalarında Gəncəyə həsr olunmuş mahnılarla müşayiət olunur.

“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Facebook”da “Kitabsevər uşaqlar” səhifəsində və “YouTube” kanalında izləmək mümkündür.

Xatırladırıq ki, virtual səyahət Quba rayonundan başlayıb. Quba rayonuna həsr olunmuş videoçarx uşaq və məktəblilərin diqqətini cəlb etmək üçün “Kitabsevər uşaqlar” səhifəsində və kanalında yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.