Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Üzeyir musiqi gününün keçirilməsi haqqında” müvafiq fərmanına uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Üzeyir musiqi günü keçirilir. 18 sentyabrda Üzeyir musiqi günü münasibətilə respublikamızda bir çox konsert, tədbir və sərgilər təşkil olunur. 2009-cu ildən etibarən isə sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilməyə başlamış və dünyada böyük əks-səda doğurmuşdur. Həmin ildən başlayaraq ənənə halını almış bu festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak etmişlər.

Cari ildə isə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 18-26 sentyabr tarixlərini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanmışdır. Builki festival bir neçə xətt üzrə musiqisevərlərin könlünü oxşayacaq.

Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Şuşa ili”, habelə “Fikrət Əmirovun 100 illiyi” dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda ölkəmizin digər şəhər və bölgələrində – Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılmışdır.

2022-ci ildə keçiriləcək festivala dünyanın müxtəlif ölkələrindən solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunmuşdur. Buna misal olaraq ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan səfər edəcək musiqiçiləri qeyd etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.