Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hucumunun qurbanı olub

Xəbər verildiyi kimi, Ermənistan işğalçı hərbi birləşmələri sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutur. Azərbaycan Ordusunun cavab tədbirləri və uğurlu əks-hücumunun qarşısında duruş gətirə bilməyən düşmən yaşayış məntəqələrimizi, dinc əhalini hədəf alır.
Düşmənin Naftalan şəhərinin Qaşaltı kəndini atəşə tutması nəticəsində kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü faciəli şəkildə həlak olub. Həyatını itirənlərdən biri Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Naftalan şəhər Uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə IV sinif şagirdi, şəhid kapitan Vaqif Bayramov adına “Vətənpərvərlər qrupu”nun fəal üzvü 13 yaşlı Şəhriyar Nadir oğlu Qurbanovdur.
Şəhriyar 2018-2019-cu illərdə Gəncə Qarnizonu Zabitlər evinin təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda keçirilən müsabiqədə, üzvü olduğu “Vətənpərvərlər qrupu” respublika müsabiqəsində birinci olub. O, həmçinin 2019-cu ilin dekabr ayının 25-də şəhid kapitan Vaqif Bayramovun doğum günü ilə əlaqədar “N” saylı hərbi hissədə keçirilən tədbirdə təqdim olunan ədəbi-bədii kompozisiyalarda fəal iştirak edib. Şəhriyar həmçinin 2019-cu ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsinin iştirakçısı olub və fəxri fərmana layiq görülüb.
Qeyd edək ki, işğalçı Ermənistanın Qaşaltı kəndini atəşə tutması nəticəsində həyatını itirənlərdən daha bir azyaşlı Şəhriyarın yaxın qohumu, 2006-cı il təvəllüdlü Fidan Qurbanovadır.
Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.