Tanınmış nasir və publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirilib.

Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığından geniş söhbət açılıb.

Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb. Bildirib ki, Xeyrəddin Qoca xalqa xidmətlə keçən şərəfli bir ömür yaşayaraq cəmiyyətdə layiqli nüfuz qazanıb.

Gecədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova və başqaları çıxış edərək Xeyrəddin Qocanın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar.

Yubilyarın qəzetçilik və publisistik, ictimai-siyasi və diplomatik fəaliyyətindən danışan natiqlər Xeyrəddin Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunub və rəngarəng musiqi parçaları təqdim edilib.

Sonda Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara minnətdarlığını bildirib, bundan sonra da ədəbiyyatımıza yeni töhfələr bəxş edəcəyini söyləyib.

Onu da qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  30 yanvar 2020-ci il tarixdə Xeyrəddin Qocayevin (Xeyrəddin Qocanın) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasının ədəbi və ictimai həyatında fəal iştirakına görə Xeyrəddin Sayəddin oğlu Qocayev (Xeyrəddin Qoca) “Şöhrət” ordeni ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.